Ayaz Paşa türbəsi — İstanbulda Əyyub Sultan məscidinin arxasında yerləşən bir türbə.
Sultan Süleyman Qanuninin sədrəzəmlərindən olan Ayaz Mehmed Paşa üçün inşa olunmuşdur. 15 mart 1536 tarixində sədarətə gətirilən Ayaz Mehmed Paşa vəzifədə ikən 13 iyul 1539-cu ildə vəbadan vəfat etmiş, dəfn olunduğu yerə isə Lütfi Paşanın tövsiyəsilə Memar Sinan tərəfindən türbə inşa edilmişdir. Türbə olduqca bərbad vəziyyətdə olsa da, yaxın zamanlarda güclü restavrasiya işləri aparılmışdır.
Ayaz Paşa türbəsi 4 mərmər sütun üzərinə qurulu olub, kəsmə daşdan inşa edilmişdir. Tək gümbəzli olan bu türbədə yalnız bir mərmər məzar daşı var. Məzar daşının ayaq hissəsində məzarda yatan şəxsin paşa olduğu və paşanın vəfat tarixi qeyd olunub. Ayaz Paşa türbəsi memarlıq xüsusiyyətləri baxımından çox da fərqlənməsə də, Memar Sinanın ilk əsəri olması baxımından İstanbuldakı memarlıq abidələri arasında özünəməxsus yer tutur.