Azər-ilmə

Azər-ilmə — Azərbaycan şirkəti.

Azər-ilmə
Ümumi məlumatlar
Tipi Məhdud Məsuliyyətli Cəmiyyət
Sənaye Xalçaçılıq, tekstil
Məhsulları Xalça və xalça məmulatları
Təsis tarixi 1994-cü il
Baş qərargahın yeri Bakı, Azərbaycan
Struktur
İşçi sayı 350
Rəhbərlik
Təsisçi Vidadi Muradov
azerilme.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanda xalçaçılıq

[redaktə | mənbəni redaktə et]
Azər-ilmə şirkətinin gündüz və gecə görüntüləri

Azərbaycan xalçası əsrlər boyu dünyada incəsənətimizin təmsilçisi, ulu keçmişimizin, təkrarsız mədəniyyətimizin, milliliyimizin səfiri, elçisi olub. Bu xalçalar öz gözəlliyi, zərifliyi ilə hamını heyrətə gətirmiş, muzeylərdə, şəxsi kolleksiyalarda və ən nəhayət mənzillərdə belə digər eksponatları, əşyaları kölgədə qoymuşdur. Bu baxımdan Azərbaycanda xalça işi özünəməxsus ənənələrə malikdir. Tarix xalçaçılıqla məşğul olan, bu sahənin inkişafına və sağlam təməllər üzərində miqyasca genişlənməsinə əmək sərf etmiş neçə-neçə həmvətənimizin adını öz səhifələrində yaşadır. Azərbaycanın müxtəlif bölgələrində — Şuşada, Ağdamda, Qazaxda, Göyçayda, Qubada və s. təşkil olunan xalça bazarları dünyanın bir çox tacirlərini, səyyahlarını, alimlərini, tədqiqatçılarını özünə cəlb etmişdir. Mənbələrdə bu bazarlarda satışa çıxarılan, sərgilənən xalçaların gözəlliyi, rəngarəngliyi, yüksək hərrac qiymətləri, xaricilərin onlara qarşı marağı haqqında qiymətli məlumatlar vardır. Xalçaçı, toxucu – sənətkardır, yaradıcıdır. O, öz əl işlərini – yuxusuz gecələrinin, alın tərinin bəhrəsi olan məhsulları qədərincə qiymətləndirməkdə çətinlik çəkir. Bəzən toxucu öz əl işini ehtiyac ucbatından dəyər-dəyməzinə satmalı olmuşdur. Bir zamanlar insanların məişət tələbatlarını ödəyən xalça və xalça məmulatları, sonradan sənət nümunəsi, əntiq əşya kimi yüksək qiymətləndirilmiş, nəinki respublikamızda, hətta onun hüdudlarından çox-çox uzaqlarda belə rəğbətlə qarşılanmış, böyük ekspozisiyaların bəzəyinə çevrilmişdir. Hətta, sovet dönəmində belə Azərbaycan xalçalarına tələbat azalmamışdır. Dövlət bu sahəni xüsusi nəzarətdə saxlamış, mübadilə işini təşkil etmişdir; o zamanlar fəaliyyət göstərən xalça məntəqələrində əl işi olan iki xalçanın müqabilində fabrik üslu ilə toxunmuş, müvafiq ölçülü bir xalça verilirdi.

"Azər-ilmə"nin tarixçəsi

[redaktə | mənbəni redaktə et]
"Azər-ilmə"nin şirkət binasının dəhlizi

Zaman-zaman zəifləyən, dövrün tələblərinə müvafiq olaraq, demək olar ki, tam tənəzzülə uğramış xalçaçılıq işi Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə, 1993-cü ildən etibarən yenidən dirçəlməyə başladı. Bu dövrdə respublikada iş adamlarının uğurlu fəaliyyətini təmin etmək məqsədilə özəl sektorun inkişafına dair proqramlar qəbul edilmiş, çoxsaylı mühüm fərmanlar imzalanmışdı. "Azər-İlmə" Xalçaçılıq Şirkəti də məhz bu zəmində formalaşmış, təşəkkül tapmış müəssisələrdəndir. Professor Vidadi Muradov 1976-cı ildən üzü bu yana qazandığı zəngin təcrübə əsasında Azərbaycanda analoqu olmayan, tam fərqli fəaliyyət istiqaməti götürmüş yeni bir şirkət yaratmağa nail olmuşdu. İlk mərhələdə 15 nəfərlik heyətlə çətin, lakin şərəfli yolla addımlamağa başlayan "Azər-ilmə" həm yerli, həm də xarici, xüsusilə Türkiyədə olan partnyorların elmi-nəzəri biliklərindən, təcrübəsindən uğurla istifadə etdi. Türkiyəli mütəxəssislərin köməkliyi ilə Azərbaycanda ilk dəfə məhz burada "Gördəst" türk düyümü həyata qaytarıldı. 1995–1996-cı illərdə şirkət ilk məhsullarını daxili bazarda satışa çıxardı. Və bu ilk, uğurlu addım "Azər-ilmə"nin sənətin, elmi axtarışların, yaradıcılığın zirvələrinə gedən yolunun başlanğıcı oldu. Genişlənən beynəlxalq əlaqələr istehsal olunan xalça məmulatların xarici bazarlara çıxarılmasına şərait yaratdı. Beləliklə, "Azər-ilmə"nin ilk xarici alıcısı ABŞ-dən oldu. Ən maraqlı və dəyərli məqamlardan biri də, bu gün qloballaşmanın tüğyan etdiyi bir şəraitdə, infromasiya mübarizəsinin get-gedə daha kəskin xarakter aldığı bir dönəmdə şirkətin Azərbaycan adı, Azərbaycan imzası, Azərbaycan sənətkarının tarixi yaradıcılığı uğrunda mübarizəyə öz layiqli töhfəsi ilə qoşulması, milli xalçalarımızı məhz "Azərbaycan məhsulu" kimi təqdim etməsidir.

Toxuculuq emalatxanası

"Azər-İlmə" sırf Azərbaycan xalçaları istehsal edir. Burada azərbaycanlı xanımlar qədim Azərbaycan xalçalarının eskizləri əsasında xalça və xalça məmulatları toxuyurlar. Hətta, boyaq maddələrinin alınmasında belə təbii üsullardan, Azərbaycanda hələ qədim zamanlardan geniş vüsət almış boyaqçılıq ənənələrindən istifadə edilir. Şirkətin fəaliyyətinin ən maraqlı tərəflərindən biri də, toxucu kadrlarının maariflənməsi işi ilə bağlıdır. "Azər-İlmə"nin hər bir toxucusu vurduğu çeşninin, naxışın tarixinə, mənşəyinə, rəng-çalar sisteminə, kompozisiyasına, element mütənasibliyinə və s. bələddir. Elə buna görə də, şirkəti, haqlı olaraq, "Azərbaycan xalçaçılığının ünvanı", "istinad yeri" adlandırmaq mümkündür.

Bu gün qədim ənənələr əsasında ən müasir texnologiyalarla çeşidli xalçaların toxunduğu "Azər-İlmə"də 350 nəfərədən ibarət kollektiv — rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və s. peşə sahibləri çalışır. Şirkətin məramı unudulmaqda olan çeşniləri bərpa etmək, yüksək keyfiyyətli xalçalar toxumaq, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının bədii ənənələrini yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan xalçasının beynəlxalq ticarətini təşkil etməkdir.

Şirkətin fəaliyyəti yalnız paytaxt Bakı ilə məhdudlaşmır. Azərbaycanın digər qədim toxuculuq mərkəzlərində — Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda da toxuculuq emalatxanaları olan müəssisə əsrlər boyu biçimlənmiş milli xalçaçılıq tarixini izləməkdədir. Respublikanın ən müxtəlif bölgələrini qarış-qarış tədqiq edən "Azər-İlmə" unudulmuş, yalnız ayrı-ayrı qocaman toxucuların əl işlərində qorunan xalçaçılıq ənənələrinin, xüsusən də tarixi ilk insanların qayaüstü təsvirləri qədər qədim olan, xalqımızın mifik təsəvvürlərindən, inanclarından, dünyagörüşündən, arzularından, istəklərindən qaynaqlanan və ən müxtəlif xalq tətbiqi-sənət sahələrində, həmçinin xalçaçılıqda tətbiq edilmiş elementlərin, naxışların, motivlərin, kompozisiyaların sorağındadır. Şirkət Azərbaycanın Qazax, Borçalı, Göyçə, Zəngəzur, Ağbaba, Dərəçiçək, Paşalı, Cəlaloğlu, Hamamlı, Şərur-Dərələyəz, Dərbənd, Təbriz, Ərdəbil, Sərab və s. tarixi ərazilərində xalq sənətkarlarının miras qoyub getdikləri bədii və texniki təcrübə əsasında müasir üslublu və texnoloji göstəriciləri baxımından beynəlxalq standartlara cavab verən xalça nümunələri yaradır. Burada peşəkar sənətkarlar yun və ipək zərif, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli xalçalar hazırlayırlar. "Azər-İlmə"nin sənət nümunələri hal-hazırda ABŞ, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və s. ölkələrdə şəxsi kolleksiyaları və mənzilləri bəzəyir.

Boyaqçılıq
Bədii-tərtibat emalatxanası
  • Boyaqçılıq emalatxanası

Burada ipliklər xalq üsulu ilə təbii yolla, əsasən də bitki mənşəli boyaq tərkibləri ilə boyanır. Zahirən sadə görünən bu iş üsulu ustadan böyük məharət tələb edir. Xalçalarda istifadə edilən qırmızı, yaşıl, sarı, mavi, sürməyi, qara, ağ kimi 7 növ əsas rəngin və onların çalarlarının alınması üçün qoz qabığı, nar qərzəyi, indiqo, tut, heyva, qoz ağaclarının yarpaqlarından, "boyaqotu" kolunun köklərindən və müxtəlif üsullardan istifadə edilir. Məsələn, sarı və bu rəngin yarım tonlarını almaq üçün soğan qabığı, alma qabığı, sarıçöp və payızda yığılmış tut yarpaqlarından, qırmızı və çəhrayı rəngləri almaq üçün "boyaqotu"ndan, sürməyi, mavi və yaşıl rəngləri almaq üçün isə indiqodan istifadə edilir. Boyama prosesinin sonunda usta tərəfindən boyaqların rəngləmə intensivliyini və davamlılığını artırmaq məqsədilə boyağa duz, zəy və ya sirkə kimi bərkidici maddələr əlavə edilir. Boyanmış kələflərin xüsusi dolablarda suyunun sıxılması və isti kameralarda qurudulması üçün "Azər-İlmə" müəssisəsində əlverişli şərait yaradılmışdır. İpliyin boyaq maddəsini tam qəbul etməsi, rəngin bərkidilməsi prosesi xalçanın yüksək bədii və texniki keyfiyyətinə zəmanət verən amildir. Bu rənglər Azərbaycanın ayrı-ayrı bölgələrinin əsrarəngiz mənzərələri, güllü — çiçəkli bağları, yaşıl meşə və çəmənliklərinin xalçalar üzərində bədii əksidir. Təbii üsulla alınan bu boyaq maddələr toxunduqları xalçaların kompozisiyasında emosional təsir gücünü artırır, parlaq və dolğun rəng həllini tamamlayır, xalçaya ecazkar görkəm verir.

  • Bədii-tərtibat emalatxanası

"Azər–ilmə"də hər çeşnini işləyib hazırlayan, hər ilməni damalı kağız üzərində canlandıran, texniki göstəricilərini müəyyən edən, xalçaların ara sahəsini bəzəyən göl və elementlərini, haşiyə zolaqlarının naxışlarını müəyyən edən, kolorit həllini və onların çalarlar diapazonunu dəqiqləşdirən yaradıcı sahə peşəkar rəssamlara aiddir "Azər–ilmə" tərəfindən artıq 900-dək müxtəlif çeşidli xalça çeşniləri hazırlanmışdır. Bu çeşnilər əsasında Azərbaycanın Bakı, Quba, Zaqatala, Şirvan, Gəncə, Qazax, Təbriz, Naxçivan və Lənkəran toxusuluq məntəqələrini özündə birləşdirən Qarabağ kimi bütün toxuculuq məktəblərini əhatə edən klassik Azərbaycan xalçaları istehsal edilir. Hazırlanan çeşnilərdə alıcının istəyi dünya bazarında çeşni növlərinə olan tələbat əsas götürülməklə yanaşı, Azərbaycan xalqının minilliklər boyu yaratdığı, bu gün dünya muzeylərinin və şəxsi kolleksiyaların bəzəyinə çevrilmiş, unudulmaqda olan çeşnilərimizin yaşadılması məqsədilə bərpası da nəzərə alınır.

  • Toxuculuq emalatxanası
    Xalçaların qurudulması

Burada "Azər–ilmə"nin istehsalı olan xalçaların geniş populyarlığı, bu xalçaların keyfiyyətli texnoloji üsullar və yüksək peşəkar səviyyədə toxunulması ilə təmin edilir. Emalatxanada quraşdırılan ən keyfiyyətli və davamlı materiallardan hazırlanmış müasir texnoloji imkanlara malik hanalarda ən qısa zaman ərzində müxtəlif ölçülərdə (1m²-dan 40m²-dək) ipək və yundan olan 35x60-dan 55x55-dək orta sıxlıqlı xalçalar istehsal edilir. Cəmi üç alətdən – xüsusi ucu qarmaqlı bıçaq, həvə və qayçıdan istifadə edilməklə yaranan bu möcüzəli xalçalar müxtəlif əsrlərdə yaradılmış qədim ənənələrə sadiq qalmaqla yanaşı, müasir alıcının zövqünü də tam təmir edir.

  • Yuyulma emalatxanası

Toxunduqdan sonra bu emalatxanada xalçalarda olan toz və xov qırıntıları fıstıq ağacından hazırlanmış dolablarda hərəkət etdirilməklə təmizlənir, xüsusi hovuzlarda su, sabun və yuyulma üçün yararlı olan təbii məhlulların köməyi ilə yuyulub qurudulur. Xalçanın qeyri-adi gözəlliyinin, xovunun hamar və parlaq təsir gücünə malik olmasının sirlərindən biri də onun ən müasir üsullarla ütülənməsi prosesidir. Ütüləndikdən sonra xalça zərifliyi və baxımlılığı ilə göz oxşayır.

Xalçaların dartımı
  • Dartım emalatxanası

Əl ilə toxunan əksər xalçalar zərif və elastik ipək və ya yundan hazırlandıqları üçün onlarda eninə və ya uzununa qeyri mütənasiblik-əyrilik müşahidə edilir. Bu qüsurun aradan qaldırılması üçün xalçalar taxta döşəmələr üzərində baş və ətək, yaxud hər iki yanından yerə tarım çəkilir. Düz mərkəzindən isə köməkçi ağaclar vasitəsilə xalça qaldırılaraq bu yaranmış hündürlükdə arxa tərəfindən ütülənir və yenidən yerə tarım çəkilərək təxminən iki gün bu vəziyyətdə saxlanılır. Nəticədə parçada müşahidə edilən əyrilik aradan qaldırılır, onun bütün sahəsi bərabər vəziyyət alır.

  • Bərpa emalatxanası

Toxunuşunda nöqsanlara yol verilərsə, və yaxud müxtəlif fiziki, bioloji qüsurları olarsa, zədələnmiş, ya natamam vəziyyətdə olarsa xalçalar burada bərpa edilir. Emalatxanada çalışan sənətkarlar müasir və ya qədim tarixə malik xalçalar üzərində zərgər dəqiqliyi ilə apardıqları bərpa işlərini yüksək səviyyədə həyata keçirirlər. Hər ilməni yenisi ilə əvəz etmək, hər rəngə uyğun yeni çalar seçmək xalçaya verilən ikinci həyat deməkdir.

"Sehirli ilmələr"

[redaktə | mənbəni redaktə et]

"Azər-ilmə"də həmçinin "Sehrli-İlmələr" Azərbaycan Xalçaları Qalereyası fəaliyyət göstərir. Nəfis dizayn tərtibatlı, müasir audio-vizual imkanlara malik, zəngin xalça nümunələrinin göz oxşadığı bu qalereyada hər kəs öz zövqünə uyğun xalçalara sahib ola bilər. İpək və ya yundan toxunulmuş, kamil tərtibatlı, zərif rəng çalarları ilə seçilən bu xalçalar hər növ alıcının zövqünə uyğundur.

"Sehirli ilmələr" qalereyası

Tədqiqat işləri

[redaktə | mənbəni redaktə et]

Zəngin təcrübəyə malik "Azər-İlmə" şirkətində Azərbaycan xalçaçılıq tarixi fundamental elmi tədqiqatlara cəlb olunmuşdur. Professor V. Muradovun apardığı kompleks axtarışların və tədqiqatların nəticəsi kimi 2008-ci ildə "Azərbaycan xalçaları" (rus, ingilis dillərində) (Bakı: Elm, — 436 s.), 2010-cu ildə "Azərbaycan xalçaları Qarabağ qrupu" (rus, ingilis dillərində) (Bakı: Elm, — 272 s.), 2011-ci ildə "Azərbaycan xalçaları İrəvan qrupu (rus, ingilis, alman, fransız) (Bakı: Elm, — 280s.), "Azərbaycan xalçaları Qarabağ qrupu" (rus, ingilis, alman, fransız, ərəb dillərində) (Bakı: Elm, — 64 s.), "Azərbaycan xalçaları İrəvan qrupu" (rus, ingilis, alman, fransız, ərəb dillərində) (Bakı: Elm, — 112 s.), "Azərbaycan xalçaları Təbriz qrupu" (rus, ingilis, alman, fransız, ərəb dillərində) (Bakı: Elm, −80 s.), "Azərbaycan xalçaları Şirvan qrupu" (rus, ingilis, alman, fransız, ərəb dillərində) (Bakı: Elm, — 72 s.), 2012-ci ildə "Azərbaycan xalçaları Naxçıvan qrupu" (rus, ingilis, alman, fransız, ərəb dillərində) (Bakı: Elm, −80 s.), "Azərbaycan xalçaları Quba qrupu" (rus, ingilis, alman, fransız, ərəb dillərində) (Bakı: Elm, — 80 s.), "Azərbaycan xalçaları Bakı qrupu" (rus, ingilis, alman, fransız, ərəb dillərində) (Bakı: Elm, −72 s.), "Azərbaycan xalçaları Gəncə qrupu" (rus, ingilis, alman, fransız, ərəb dillərində) (Bakı: Elm, — 96 s.), "Azərbaycan xalçaları Qazax-Borçalı qrupu" (rus, ingilis, alman, fransız, ərəb dillərində) (Bakı: Elm, — 120 s.), 2013-cü ildə "Azərbaycan xalçaçılıq sənəti" (Azərbaycan dilində) (Bakı: Elm, 132 s.), "Azərbaycan xalçaları Təbriz qrupu" (Azərbaycan dilində) (Bakı: Elm, — 362 s.), alman

Xalçaçılıq Tədris Mərkəzi

dilində (Aserbaidschanische Teppiche Täbris-Gruppe. Freiburg: Modoverlag, — 362 p.), italyan dilində (Tappeti Azerbaigiani I Tabriz. Roma: B. M. B. PUBBLICITA S. R. L, −362 p.), türk dilində (Azerbayacan halıları Tebriz grubu. İstanbul: Numune, — 362 s.), ingilis dilində (Azerbaijani carpets Tabriz group. London, −362 p.), rus dilində — (Азербайджанские ковры Тебризская группа. Москва: Бюджет, — 362 cтр.), ivrit dilində (קבוצת תבריז שטיחי אזרבייג‘).,ירושלים, "גשרים" — 362 זייַט), fransız dilində — (Les tapis Azerbaïdjanais Groupe de Tabrız. Paris, −362 p.) kitabları işıq üzü görmüş, dünya muzeylərinə və kitabxanalarına göndərilmişdir. Azərbaycan xalçalarının təbliği istiqamətindəki fəaliyyətini uğurla davam etdirən tədqiqatçının rəhbərliyi ilə milli xalçaçılığımızın müxtəlif məktəblərini əks etdirən açıqcalar toplusu hazırlanmışdır. Baş redaktoru olduğu, 2011-ci ildən Azərbaycan, rus, ingilis dillərində nəşr olunan "Azərbaycan xalçaları" jurnalı tez bir zaman ərzində maraqlı yazıları, ekspedisiya materialları, rəngarəng rubrikaları, fotoşəkilləri və s. ilə həm respublikamızda, həm də onun hüdudlarından kənarda geniş oxucu kütləsi qazanmış, elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (2012, 6 iyul, protokol № 10-R) "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin reyestri"nə daxil edilmişdir.

V. Muradov yerli və dünya telekanallarında xalçaçılığa dair elmi-kütləvi verilişlərdə uzun illərin gərgin axtarışlarından, topladığı zəngin təcrübədən qaynaqlanan müntəzəm və maraqlı çıxışlar edir. Bədii-estetik həll baxımından orijinal üsluba malik "Azərbaycan xalçaları bütün məktəbləri ilə" adlı telefilmlərin istehsalı ideyası da "Azər-İlmə" tərəfindən reallaşdırılmaqdadır. Artıq "Azərbaycan xalçaları İrəvan qrupu", "Azərbaycan xalçaları Qarabağ qrupu" və "Azərbaycan xalçaları Naxçıvan qrupu" telefilmləri tamaşaçıların ixtiyarına verilib.

Tədris mərkəzi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalçaçılıq ənənələrinin yaşadılması, təbliği istiqamətində atılan ən mühüm addımlardan biri də Azərbaycan Respublikasında ilk dəfə "Azər- ilmə" Şirkətinin nəzdində "Xalçaçılıq Tədris Mərkəzi"nin təşkilidir. Mərkəzdə 7–16 yaşlı uşaqların, yeniyetmələrin təhsil alması, gənc xalçaçıların hazırlığı üçün müvafiq şərait yaradılmışdır. Tədris otaqları şagirdlər üçün xüsusi hanalarla, zəruri əyani vasitələrlə təchiz olunmuşdur. Həm xalçaçılıq, həm də bu sahə üzrə pedaqoji təcrübəyə malik olan peşəkarlardan dərs alan, xalqımızın bu gününü gələcəyi ilə bağlayan bu ecazkar sənət sahəsinin sirlərinə yiyələnən, altı aylıq və ya bir illik tədris kursunu uğurla başa vuran şagirdlərə sertifikatlar təqdim olunur.

Xalçaçılıq Tədris Mərkəzi

"Azər-İlmə" Xalçaçılıq Şirkəti Azərbaycan xalçalarının tarixi şöhrətini uğurla yaşadan, istehsal etdiyi yüksək keyfiyyətli məhsulları ilə dünya bazarında nüfuz qazanmış müəssisə kimi bir sıra milli və beynəlxalq mükafatlara layiq görülmüşdür.

  • "Uğur 2006" İQTİSADİYYAT VƏ BİZNES SAHƏSİNDƏ MİLLİ MÜKAFATI. İxrac yönümlü istehsalın inkişafına töhfəsinə görə" nominasiyasında Consulting Business jurnalı tərəfindən 30 yanvar 2007-ci ildə təqdim olunmuşdur.
  • "Caspian Energy International Award 2007" BEYNƏLXALQ MÜKAFATI. Azərbaycan xalça sənətinin dirçəldilməsi və inkişafı" nominasiyasında Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən 27 mart 2007-ci ildə təqdim olunmuşdur.
  • "Kraliça Viktoriya adına eksklüziv mükafat 2007("Queen Victoria Commemorative Medal"). "Fəaliyyətində göstərdiyi şərəf, ləyaqət və fədakarlığa görə" "Azər-İlmə" MMC-nin direktoru Vidadi Muradov təltif edilmişdir. Mükafat Avropa Biznes Assambleyasının 19–21 mart 2007-ci il tarixində Oksfordda keçirilən Liderlər Sammitində təqdim edilmişdir.
  • "Avropa Keyfiyyət Mükafatı 2009 " ("European Quality Award"). Fəaliyyəti boyunca Avropa standartlarına uyğun, yüksək keyfiyyətli məhsul istehsal etdiyinə görə "Azər-İlmə" MMC-nin direktoru Vidadi Muradov təltif olunmuşdur. Mükafat Avropa Biznes Assambleyasında təqdim edilmişdir.
  • "İlin Brendi 2010" Beynəlxalq "Caspian Energy" Media Qrupu. 2010-cu il. "Azər-İlmə" MMC Azərbaycanda xalça sənətinin inkişafında, bu qədim dekorativ-tətbiqi sənət növünün yaşadılması, qorunması, həmçinin təbliği istiqamətindəki xidmətlərinə görə bu mükafata layiq görülmüşdür.