Azər Seyran oğlu Əliyev (18 iyul 1969, Bakı) — Azərbaycan boyakarı, qrafik və dizayneri. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti.
Azər Əliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili |
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (1984-1988) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (1992-1997) |
Azər Əliyev 18 iyul 1969-cu ildə Bakıda anadan olmuşdur.
İxtisas təhsili almaq üşün əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1984-1988), sonra isə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1992-1997) təhsil alıb.[1]
1988-1991-ci illərdə peşəkarlığının artırılması məqsədilə Sankt-Peterburqda tanınmış mütəxəsislərlə yaradıcılıq təmasında olmuşdur. O, eyni zamanda İ.Y.Repin adına Rəssamlıq Akademiyasında məşhur fırça ustası, SSRİ Xalq rəssamı Y.Y.Moiseyenkodan rəngkarlıq, Baron Ştiqlis adına (keçmiş V.Muxina adına) Ali Bədii-Sənaye Akademiyasında dizayn üzrə ustad dərsləri almışdır.
1992-ci ildən Azərbaycan Televiziyasının sənədli filmlər studiyasında tərtibatçı-rəssam kimi fəaliyyət göstərmişdir.
1993-cü ildən başlayaraq Beynəlxalq, Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlamışdır. Əsərləri Almaniya, Türkiyə, Fransa, İtaliya, Rusiya və s. ölkələrdə təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə nümayiş olunub.
Azərbaycan Rəssamlar İttifaqının, həmçinin Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür.
Dəfələrlə müxtəlif Beynəlxalq sənət simpoziumlarının iştirakçısı olmuşdur. O, sənət aləmində həm də bir çox sərgilərin təşkilatçısı kimi də tanınır. Bu mənada Azər Əliyev tərəfindən məşhur geyim rəssamı və modelyer-dizayner Pako Rabanın (Fransa) Bakıdakı “Gülüstan” sarayında keçirilən yaradıcılığının zərif və valehedici kolleksiyasının təşkil olunmasını qeyd etmək olar.
Rəssamın əsərləri 2018-ci ildə məşhur Luvr muzeyində təşkil olunan “Art Shopping” beynəlxalq sergi, Kannda sergisi, Milanda təşkil olunan sənət sərgilərində Azərbaycanı təmsil etmişdir.[2]
Azər Əliyevin özü də respublikada özünəməxsus dəstxəttə malik olan dizayner kimi qəbul olunur. Onun 300 dən çox interyer dizayn üzrə layihələri, qrafik dizayn sahəsində bir çox tanınmış şirkətlərin korporativ dizaynı hazırlamış, 2017-ci ildə geyim dizaynı sahəsində yazdığı “Geyim mədəniyyətinə milli və tarixi ənənələrin təsiri“, 2018-ci ildə “Türk xalqlarının geyimləri“dərsliklərinin və “Türk xalqlarının geyim lüğəti“ kitabının müəllifidir.
Nazırda “Bakudesigncenter” təhsil mərkəzinin təsisçisidir. Mərkəzdə,əsasən peşəkar dizaynerlər hazırlanir.
Onun müxtəlif janrlı rəngkarlıq və qrafika əsərləri nüfuzlu muzey və şəxsi kolleksiyaları bəzəyir. Yaradıcılığı barəsində məqalələr “Sənətşünas taleyi” (Z.Əliyev) kitabında, “Mədəniyyət” və “Kaspi” qəzetləri və “Çapar” jurnalında dərc olunmuşdur.
Azər Əliyevin görüntüyə gətirdiyi və çox vaxt da qəribə ecazkarlığı ilə seçilən təbiət motivləri heç də rəssam təxəyyülünün məhsulu olmayıb, bilavasitə reallıqdan götürülüblər. Onların demək olar ki, hamısı rəssamın Azərbaycanın müxtəlif guşələrinə səyahətlərinin nəticəsidir. Bununla belə onların arasında Abşeron, Şamaxı, Quba, İsmayıllı və Qəbələ motivləri tanınandırlar. Rəssamın əsərlərində reallıqla irreallığın qovşağıında təqdim etdiyi mənzərələr də inandırıcı və duyğulandırıcı qəbul olunurlar. Bu mənada onun son müxtəlif illərdə yaratdığı “Qırmızı mənzərə”, “Ritmlər”, “Ucalıq”, “Günəşli gün”, “Müjdə”, “Abşeronda”, “Həsrətlilər”, “Kənd motivi. Gözləmə”, “Payız” “Mavilik” və s. əsərlərin adını çəkmək olar. Müəllifin ağacları və evləri duyulası sevgi ilə mavi yerliyə səpələməsi (“Ritmlər”), budanmış ağaclarda şanapipiyin müjdə gözləməsu (“Müjdə”), suya həsrətli qayıqların sahil boyu düzülməsi (“Həsrətlilər”), sinəsinə sıxdığı əllərini nigarançılıq göstəricisinə kökləməsi (“Kənd motivi.Gözləmə”), azman ağacın payız donunu qürur qaynağına çevirməsi (“Ucalıq”) rəssam təfsirində həm rənglərin oyunundan yaranmış gözəllik qaynağıdır, həm də arifanə baxışda fəlsəfi tutumlu olmaqla, düşündürücüdür.
Azər Əliyevin mənzərə janrının “estetik xəritəsi”ni genişləndirdiyi qabarıq duyulan həmin işlərə dünyanın bir çox yerlərində onun da qatıldığı beynəlxalq simpoziumlarda da duyulası maraq ifadə olunmuşdur. Bu mənada onun ərsəyə gətirdiyi mənzərələrin bir çox muzey və şəxsi kolleksiyalarda yer almasını da təbii saymaq olar.
Rəssamın mənzərələri motiv baxımından kifayət qədər rəngarəngdirlər. Çox vaxt gerçəklikdə onların oxşarına, hansısa yerlərlə anım yaradan məqamlara rast gəlinsə də, Azər Əliyevin həmin məkanlara kifayət qədər obrazlı tutum verdiyi də görünəndir. Başqa sözlə desək, çoxlarının gözündə ənənəviləşən yerlər müəllifin tətbiq etdiyi “bədii yalan” və şişirtmə sayəsində yeni görkəm almışdır.
Azər Əliyev rəngin təsir gücünə inanan və bir qayda olaraq ondan bütün tablolarında geniş istifadə edən yaradıcılardandır. Qədim miniatür üslubu estetikasından yaradıcılıqla faydalanan rəssam, təzadlı rənglərin harmoniyasının təsirliliyinə müasirlik ruhu qatmaqla, motivlərin funksionallığını tamaşaçıya çatdıra bilmişdir. Onun hər bir kompozisiyasında fərqli rakursları bir araya gətirməklə, onların bütövlüyünə nail olması da klassik ənənəyə özünəməsus münasibətinin nəticisidir. Belə əsərlər zamansızlığa qovuşmuş kimi ən ciddi və möhtəşəm sənət ekspozisiyalarında tamaşaçı diqqətini cəlb etməkdədir.[2]