Azərbaycanın bitki örtüyü

Azərbaycanda flora və bitki örtüyünün öyrənilməsi o qədər də qədim tarixə malik deyildir.

XIX əsrin 70-ci illərində

[redaktə | mənbəni redaktə et]

  İlk vaxtlar Qafqazın bu maraqlı regionuna tək-tək tədqiqatçılar gəlmişlər. Cənubi Qafqazın ilk tədqiqatçısı 1700-1702-ci ildə məşhur botanik Turnefor olmuşdur. 1724-1725-ci illərdə Rusiya EA-nın ilk botaniki Buksbaum Qafqaza səyahət etdi. S.T.Qmelinin başçılıq etdiyi Rusiya EA-nın ekspedisiyaları tərəfindən 1770-1773-cü illərdə Qafqazın florasının öyrənilməsi sahəsində böyük işlər görülmüşdür.

XIX əsrin 80-cı illərində

[redaktə | mənbəni redaktə et]

  Qafqaz bitkiliyi, o cümlədən meşə florası nüsxələrinin zəngin kolleksiyası imperator Botanika bağının direktoru K.A.Meyer (1829-1830), Talış florası üzrə isə F.Qoqenager (1834-1835) və E.K.Eyxvald (1820) tərəfindən toplanmışdır. XIX – əsrin ortalarında o dövrün məşhur dendroloqu Karl Kox Qafqazda böyük botaniki tədqiqatlar aparmışdır. XIX – əsrin sonlarında, Qafqaz rayonlarının bitki örtüyünü səciyyələndirən dəqiq bitki təsvirləri yerinə yetirilmişdir. Bu baxımdan olan işlərdən görkəmli alimlərdən Q.İ.Radde, Y.S.Medvedyev, M.N. Smirnov, Y.A.Voronov, F.P.Keppen, V.N.Lipski, N.İ.Kuznetsov, A.Voronin, D.İ.Sosnovski və A.A.Qrosheymin işlərini qeyd etmək olar. Bu tədqiqatçılardan Q.İ.Radde, Y.S.Medvedyev və N.İ.Kuznetsov bu və ya digər prinsiplərə əsaslanaraq Azərbaycanı da əhatə etməklə Qafqazı bir sıra floristik və botaniki coğrafi vilayətlərə və əyalətlərə bölmüşlər.

XIX əsrin 90-cı illərində

[redaktə | mənbəni redaktə et]

  Y.S.Medvedyevin «Zaqafqaziya meşələrinin oçerki» (1882) və «Qafqazda bitki örtüyünün vilayətləri haqqında» (1907, 1914) əsərləri bu baxımdan xüsusi qiymətli sayılır. Sonralar müxtəlif müəlliflər tərəfindən Qafqazın bitki örtüyünün botaniki-coğrafi əyalətlərə bölünməsi işi N.İ.Kuznetsovun bölgüsünün dəqiqləşdirilməsi istiqamətində aparılmışdır. Azərbaycanda bitki örtüyünün öyrənilməsi və botanika elminin inkişafında akademik A.A.Qrosheymin xüsusi rolu olmuşdur. (1888-1946). 1924-1947-ci illərdə Azərbaycanda bütün botanika tədqiqatları əslində A.A.Qrosheymin[1] adı ilə bağlıdır. Bu dövr ərzində botanika tədqiqatları onun rəhbərliyi altında, bilavasitə onun və ya onun şagirdlərinin iştirakı ilə yerinə yetirilmişdir. 1926-cı ildə A.A.Qrosheymin əsasən meşə örtüyünə həsr olunmuş «Talışın florası» adlı qiymətli əsəri nəşr edilir. 1936-ci ildə isə A.A.Qrossheymin «Qafqaz florasının təhlili» adlı kapital monoqrafiyası nəşr olunur.

  • SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının fəaliyyəti

  1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi açılır, onun nəzdində isə A.A.Qrossheymin başçılıq etdiyi botanika bölməsi təşkil olunur. 1936-cı ildə bölmənin əsasında, tərkibində Nəbatat bağı olan Botanika İnstitutu yaradılır. Bitki örtüyünün, floranın, bitki sərvətlərinin, həmçinin bitki fiziologiyasının öyrənilməsi sahəsində Botanika İnstitutu botanika elminin mərkəzinə çevrilir və elmi-tədqiqat işlərini əsasən üç istiqamətdə (bitki örtüyünün öyrənilməs, floranın öyrənilməsi və bitki sərvətlərinin öyrənilməsi) aparır. İnstitut bitki örtüyünün xəritələşdirilməsi üzrə böyük işlər yerinə yetirir. Hələ 1930-cu ildə A.A.Qrossheym Zaqafqaziyanın ilkin bitki örtüyünün sxematik xəritəsini tərtib edir. 1931-ci ildə mövcud kartoqrafik materiallar əsasında A.A.Qrossheym və L.İ.Prilipko[2] tərəfindən Azərbaycanın 1:1000000 miqyasında geobotaniki xəritəsi tərtib olunur. Uzun illər boyu Azərbaycanın meşələrinin hərtərəfli öyrənilməsi nəticəsində topladığı zəngin materiallar əsasında 1954-cü ildə L.İ.Prilipko «Azərbaycanın meşə örtüyü» adlı kapital monoqrafiyasını nəşr etdirir. Azərbaycan Respublikasında bitki örtüyünün öyrənilməsində V.İ.Ulyanişev, Ş.O.Barxalov, V.X.Tutayuk, İ.İ.Karyagin, İ.N.Beydeman, P.D.Yaroşenko, İ.S.Səfərov, Ü.M.Ağamirov, Y.M.İsayev, Q.Axundov, V.C.Hacıyev, V.Ş.Quliyev, A.Əsgərov, V.S.Novruzov, O.V.İbadlı, E.M.Qurbanov, S.H.Musayev, R.A.Fətəliyev, R.İ.Babayev, V.S.Fərzəliyev, O.H.Mirzəyev, N.B.Hüseynova,  Ş.Q.Hüseynov və başqalarının böyük rolu olmuşdur. Hələ 1949-1952-ci illərdə Botanika İnstitutuna rəhbərlik edərkən H.Ə.Əliyevin səyi nəticəsində 8 cildlik «Azərbaycanın florası» kitabı nəşr edilmişdir. Böyük Qafqazın yüksək dağ bitkiliyinin tam floristik tərkibi, dominant və subdominant bitki formasiyalarının geobotaniki səciyyəsi, bitki örtüyünün dinamikası, ona ekzogen, endogen və antropogen faktorların təsiri V.C.Hacıyev tərəfindən öyrənilmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə «Azərbaycanın bitki örtüyü» xəritəsi azərbaycan, rus və ingilis dillərində tərtib edilmişdir.  1949-cu ildən sonra meşələrin öyrənilməsi əsasən İ.S.Səfərovun adı ilə bağlıdır. İ.S.Səfərov üçüncü dövrün relikt ağacları üzərində uzun illər apardığı tədqiqatlar əsasında iki monoqrafiya çap etdirir (Səfərov, 1962, 1979). 1945-1952-ci illərdə İ.S.Səfərov Mil, Muğan, Şirvan, Qarabağ düzlərində və Lənkəran zonasında meşə massivləri və qoruyucu meşə zolaqları salınması işinin bilavasitə rəhbəri və iştirakçısı olur.

  • Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya İnstitutunun fəaliyyəti

  1951-ci ildə Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya institutu yaradılır. İnstitutun ayrı-ayrı şöbələrinin elmi işçiləri (Ə.M.Hüseynov, L.A.Hüseynova, A.S.Bukov, H.Dadaşov, N.Sadıxov, K.S.Əsədov, B.Mirzəyev, M.Y.Xəlilov, F.Ə.Əmirov, Ə.Quliyev, B.V.Mlokoseviç, L.M.Zubaryeva, Q.H.Cəlilov, H.Quliyev, F.Ə.Hacıyev, Q.Nağıyev və b.) meşəçiliyin müxtəlif istiqamətlərində tədqiqat işləri aparmışlar.

  • AMEA-nın akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun fəaliyyəti 

Azərbaycan EA Coğrafiya İnstitutunda respublikanın meşə örtüyünün hərtərəfli öyrənilməsi təbiəti mühafizə şöbəsi (1969) və biocoğrafiya laboratoriyasının (1982) yaradılması ilə əlaqədardır. Respublikanın ayrı-ayrı dağ və düzən regionlarında aparılan tədqiqatların nəticələri monoqrafiya və kitabçalarda nəşr edilmişdir. (H.Ə.Əliyev, M.Y.Xəlilov, 1975, 1982, 1983, 1988; İ.S.Səfərov[3], M.Y.Xəlilov[4], Ş.Q.Hüseynov, F.H.Məmmədova, 1986; M.Y.Xəlilov, 1985; Q.Ş.Məmmədov, M.Y.Xəlilov, 2002, 2003, 2004, 2005). N.H.Axundov tərəfindən ilk dəfə respublika meşələri üzrə etalon ağaclıqların məhsuldarlığa görə modelləri hazırlanmış, 1:600000 miqyasında Azərbaycanın meşə örtüyü xəritəsi tərtib edilmişdir.

  1. Qrossheym A.A. Flora Talışa. Bakı, 1926, 273 s. (rus dilində) Qrossheym A.A. Qafqazın bitki örtüyü. M.,1948, 265 s. (rus dilində) Qrossheym A.A. Qafqazın zəngin bitki örtüyü M., 1952, 631 s. (rus dilində)
  2. Prilipko L.İ. Meşə bitkiləri. Bakı, 1954, 485 s.
  3. Səfərov İ.S. Şərqi Zaqafqaziyanın dağlıq ərazilərində meşə bitkilərinin iqlim sərhəddinin dinamikası.Stavropol, 1974 (rus dilində) Səfərov İ.S., Xəlilov M.Y., Hüseynov Ş.Q., Məmmədova F.H. Azərbaycanın eroziyaya uğramış dağ yamaclarında qozmeyvəlilərdən ibarət sənaye əhəmiyyətli plantasiyaların salınması. Bakı, “Elm” nəşr., 1986. 120 s.
  4. Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı “Elm” nəşr., 2002. 472 s.