Azərbaycanın geoloji quruluşu

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz dağ sistemlərinin şərq hissəsini əhatə edən Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşa malikdir. Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif  öyrənilmişdir. 

Böyük Qafqaz meqaantiklinoriumunun Azərbaycan daxilində yerləşən cənub-şərq hissəsi kəskin assimetrik tektonik quruluşa malikdir. Meqaantiklinoriumun cənub qanadı çox sıxılmış və cənuba aşırılmışdır. Simmetrik quruluşda olan şimal qanadda tektonik örtüklər inkişaf etmişdir. Bazardüzü, Tufan sahəsindəki struktur zonalar qərbə tərəf morfostrukturun cənub yamacına meyl edərək, dağətəyi zonanı əmələ gətirir və Qanıx-Əyriçay vadisinin Dördüncü dövr çöküntüləri altına keçir. Böyük Qafqazı cənubda Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu|Qanıx-Əyriçay əyilməsindən ayıran tektonik qırılma müəyyən struktur boyu uzanır. Samur dərinlik qırılmasından cənub-şərqə meqaantiklinorium gömülməyə başlayır. Böyük Qafqaz meqaantiklinoriumu tərkibinə bir sıra antiklinorium və sinklinoriumlar daxildir.

Samur antiklinoriumu[redaktə | mənbəni redaktə et]

Sudur zonası Samur antiklinoriumunun cənub-şərq sahəsində yerləşir. Qusar əyilməsinin Kaynozoy çöküntüləri ilə örtülmüş erkən geosinklinal tektonik mərtəbə kompleksi Sudur kəndindən şimal-qərbdə kiçik sahədə görünür. Sudur zonası cənubda Şahdağ sinklinoriumuna sıxılmış və sinklinal strukturlar əmələ gətirmişdir. Şərqdə bu struktur zona Qazma-Qırız qırılması ilə kəsilir. Şərqdə bu zonanın davamında Təngi-Beşbarmaq antiklinoriumu uzanır.

Təngi-Beşbarmaq antiklinoriumu şimal-qərbdə Qaraçay dərəsindən cənub-şərqdə Xəzərin şelfinə qədər uzanır. O  sıxılmış cüt antiklinal strukturdan və onların arasında yerləşən sinklinal zonadan ibarətdir. Antiklinorium zonasında yura çöküntüləri səthə çıxır, bəzi yerlərdə onun səthində Şahdağ karbonat fasiyasından ibarət tektonik örtük yerləşir (məsələn, Çıraqqala örtüyü).  Antiklinorium şimaldan və cənubdan dərinlik qırılmaları ilə əhatə olunur. Onu təşkil edən strukturlar Siyəzən qırılması üzrə şimala aşmış və bəzi yerlərdə ensiz örtük yaratmışdır.

Şahdağ-Xızı sinklinoriumu[redaktə | mənbəni redaktə et]

Şahdağ-Xızı sinklinoriumu şimalda Sudur zonası və Təngi-Beşbarmaq antiklinoriumu, cənubda Tufan antiklinoriumu ilə həmsərhəddir. Sinklinoriumun qərb hissəsi yura sisteminin karbonat qatları və şistlərindən əmələ gəlmişdir. Yura və təbaşir dövrlərinin qalın karbonat qatları əraziyə həm struktur, həm morfostruktur, həm də ümumi landşaft baxımdan xüsusi məzmun və görkəm verir.

Tufan antiklinoriumu[redaktə | mənbəni redaktə et]

Tufan antiklinoriumu Qərbi Xəzər dərinlik qırılmasından şərqə gömülən antiklinorium, qərb istiqamətində çox genişlənir. Tufan antiklinoriumu əsas alt və orta yuranın təbəqəli şistlər qatından və qumdaşı laylarından ibarətdir. Bu çöküntülərin qalın qatı güclü qırışıq və dərinlik qırılmaları ilə kəsilmişdir (məsələn, Suayrıcı zona üzrə uzanan Baş Qafqaz qırılması). Tufan antiklinoriumu bir sıra aşağı dərəcəli antiklinorium və sinklinoriumlardan təşkil olunmuşdur – Quruş-Qonaqkənd antiklinoriumu, Xınalıq sinklinoriumu, Bazardüzü antiklinoriumu və s.

Zaqatala-Qovdağ  sinklinoriumu[redaktə | mənbəni redaktə et]

Zaqatala-Qovdağ sinklinoriumu Baş Qafqaz qalxmasının bütün cənub yamacını əhatə edir. Zaqatala-Qovdağ sinklinoriumunun qərb hissəsinin quruluşunda təbaşir sisteminə aid, geniş şərq hissəsinin quruluşunda isə təbaşir və paleogen sistemlərinin çökmə süxur kompleksləri iştirak edir. Bu komplekslər gil, qumdaşı, əhəngdaşı, təbəqəli şist və flişəbənzər çöküntülərdən ibarətdir. Sinklinoriumun Girdımançaydan şərqdə yerləşən geniş şərq hissəsində şimaldan cənuba Dübrar-Yaşma sinklinoriumu, Aladaş-Yunusdağ antiklinoriumu bir-birini əvəz edir.

Vəndam antiklinoriumu[redaktə | mənbəni redaktə et]

Vəndam antiklinoriumu Böyük Qafqaz qalxmasının Azərbaycan daxilində ən cənub strukturdur. Bu struktur Qanıx-Əyriçay sinklinoriumu ilə sərhəd boyu bayos çöküntülərinin səthə çıxması ilə müəyyən edilir. Bu çöküntülərin çıxışı alçaq tirələr və təpələr əmələ gətirir. Göyçayın dərəsindən şərqə bu antiklinorium xeyli qalxmış və dərinlik qırılmaları ilə əhatələnmiş struktur əmələ gətirir. Şərqdə Vəndam antiklinoriumunun şimal qanadında Lahıc sinklinoriumu yerləşir. Vəndam antiklinoriumunun quruluşunda bayosun vulkanogen süxurları, qismən valanjin, titon, bəzi yerlərdə (məsələn, Balakənçay hövzəsində) paleogen çöküntülərindən iştirak edir.

Şamaxı-Qobustan sinklinoriumu[redaktə | mənbəni redaktə et]

Şamaxı-Qobustan sinklinoriumu Böyük Qafqaz meqaantiklinoriumunun cənub-şərq batımı sahəsinin ən böyük struktur elementlərindəndir. Şamaxı-Qobustan sinklinoriumu cənub-şərq istiqamətdə genişlənir və onu təşkil edən çöküntü kompleksinin yaşı və tərkibi dəyişir. Sinklinoriumun qərb hissəsində təbaşir, paleogen, neogen, şərq hissəsində isə neogenin qalın çökmə süxur kompleksləri (gillər, qumdaşları, əhəngdaşı) geniş yayılmışdır. Bu sinklinoriumun mühüm  tektonik əlamətlərindən biri palçıq vulkanlarının geniş yayılmasıdır. [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan respublikasının coğrafiyası. III cild “Regional coğrafiya”. Oroqrafiya (müəlliflər: Əlizadə E.K., Tarixazər S.Ə.). Baki, 2015, s.56