Azərbaycannın morfoskulpturları
Azərbaycanın yüksək dağlıq (2800–3900 m) ərazilərində Dördüncü dövrdə baş vermiş dağ-dərə buzlaşması müasir dövrdə paleomorfoskulpturlar kimi geniş yayılmış nival-qlyasial formaların yaranmasına səbəb olmuşdur. Dördüncü dövrün kəskin iqlim dəyişmələri və tədricən quraqlığın artması həmin relyef formalarını köklü surətdə dəyişmiş, bəzi yerlərdə isə məhv etmişdir.
Nival-qlyasial relyef formalarının dağlıq ərazilərdə, əsasən, ekzarasiyon əlamətləri nisbətən yaxşı saxlanılmışdır. Bunlar əsasən troq dərələri, kar, sirk və şiş qayalar şəklində Böyük Qafqazın, Murovdağ və Zəngəzur silsiləsinin suayrıcılarında tipik relyef formalarından ibarətdir.
Nival-kriogen proseslərin inkişafı yüksək dağlığa xas olan şaquli qurşaqlıq zonalarının əmələ gəlməsinə səbəb olmuşdur. Denudvsiya prosesinə nisbətən asan məruz qalan litoloji komplekslərin ərazidə inkişafı, nival-qlyasial-kriogen proseslərinin əmələ gətirdiyi formaların zəif saxlanılması ilə səciyyələnir. Dördüncü dövr buzlaşmasının bir çox ekzarasiyon formaları müasir çay dərələrinin mənbə hissələrində karlar və sirklər şəklində saxlanılmışdır.
Nival-qlyasial-kriogen relyef formaları müxtəlif çay hövzələrində təxminən eyni yüksəkliklərdə yayılmışdır. Onlar denudasiya-eroziya proseslərinin daha intensiv inkişaf etdiyi Baş Qafqazın mərkəzi və şərq hissəsində, Zəngəzur silsiləsində, Qarabağ vulkanik yaylasında və Murovdağ silsiləsində yüksəkdağlıq sahələri (2800–3000 m və daha yüksək) əhatə edirlər. Bu isə, əsasən, kriogen-soliflyüksion proseslərin inkişaf etdiyi dağ-çəmən zonasının yuxarı hissəsini əhatə edən alp çəmənliklərində daha çox nəzərə çarpır.
Nival-kriogen relyef formaları nival mənşəli morfoskulpturlar az yayılmış müasir buzlaqlara nisbətən daha çox ərazini əhatə edir. B.Ə.Budaqov hələ 1950-ci illərdə apardığı ilk qlyasialoji tədqiqatlar zamanı Böyük Qafqazda fəaliyyətdə olan buzlaqların sahəsinin 6,4 km2
(B.Ə.Budaqov, 1957, 1961) olduğunu müəyyən etmişdir. Müasir dövrdə iqlimin quraqlığının artması nəticəsində Şahdağ, Bazardüzü və Tufan buzlaqlarının sahəsi xeyli azalmışdır. Kiçik Qafqazda və Arazyanı silsilələrdə isə müasir buzlaqlar demək olar ki, yoxdur.
Azərbaycanın müasir relyefinin inkişafında və formalaşmasında Xəzər dənizinin, eləcə də Dördüncü dövrdə və daha qədim geoloji dövrlərdə onun yerində mövcud olmuş və dövrü olaraq düzənlik və dağətəyi sahələri basmış dəniz hövzələrinin abraziya və akkumulyasiya fəaliyyətinin böyük rolu olmuşdur. Bu hövzələrin fəaliyyəti nəticəsində yaranmış morfoskulpturlar-dəniz terrasları və müasir sahil relyef formaları ərazidə geniş yayılmışdır.
Dəniz terraslarının öyrənilməsinin mühüm elmi və nəzəri əhəmiyyəti vardır. Beləki, onlar haqqında dəqiq məlumat əldə etmədən ərazidə relyefin inkişaf tarixini bərpa etmək və həmin dövr üçün yeni və müasir tektonik hərəkətlərin sürəti, amplitudu və xarakteri haqqında obyektiv fikir söyləmək çətindir. Tədqiqatçıların əksəriyyəti Xəzərin Dörduncu dövr dəniz terraslarını və onlara müvafiq çöküntülərini erkən dördüncü dövr- bakı; orta dördüncü dövr – xəzər; Son dördüncü dövr- Xvalın və holosen-yeni kaspi kimi qruplaşdırmışlar.
Azərbaycan sahillərinin ayrı-ayrı bölgələrində müəlliflər müxtəlif miqdarda terras səviyyəsi ayırmışlar. Terrasın miqdarının müxtəlifliyi ilk növbədə ayrı-ayrı regionlarda tektonik quruluşun, eləcə də dördüncü dövrdə tektonik hərəkətlərin rejiminin müxtəlifliyi, ərazinin tədqiqatlarla əhatə olunma dərəcəsi və dəqiqliyi ilə izah edilə bilər.
Morfoloji və genetik xüsusiyyətinə, müasir sahilin dinamikasına görə Azərbaycanın Xəzər sahillərində şimaldan cənuba aşağıdakı morfogenetik tiplər ayrılmışdır (Şirinov, Mehdiyev, 1960): akkumulyativ-delta; keçmiş akkumulyativ sahilin yerində əmələ gəlmiş abrazion, hamar; akkumulyativ hamar; hamarlanma təmayülündə olan akkumulyativ- liman; hər iki tərəfi dil şəklində inkişaf edən akkumulyativ hamar; abrazion-akkumulyativ liman; akkumulyativ delta; laqun-delta və abrazion-akkumulyativ-hamar.
Akkumulyativ sahillər geniş qumlu çimərliklərin və yüksəkliyi 0,5-2m-ə çatan sahil tirələrinin olması ilə səciyyələnir. Yeni kaspidə 2-3 sahil xətti, 1929-1930-cü illərin stabil səviyyəsinə uyğun gələn sahil xətti, 1940-cı ilin əvvəlində və 1956-cı ildə səviyyənin stabilləşməsinə uyğun gələn sahil xəttləri kifayət qədər yaxşı müşahidə edilir.
Akkumulyativ sahillər Kür çökəkliyində daha geniş yayılmışdır 1978-ci illərdə burada ən çox akkumulyasiya və sahilin genişlənməsi Kürün müasir deltasında və Qızılağac körfəzində müşahidə edilmişdir.
Qızılağac körfəzində dənizin səviyyəsinin düşməsi (1929-cü ildən başlayaraq fasilələrlə 1978-ə qədər) və körfəzin dayazlaşması nəticəsində adalar arxipelaqı və bankalar bir-biri ilə birləşərək uzunluğu 50 km-dən çox olan böyük ada (Sara adası) əmələ gətirmişdir.
İntensiv akkumulyasiya prosesi Cənub–Şərqi Şirvan düzənliyində Bəndovan burunu ilə Kürün deltası arasında, eləcə də Lənkəran sahillərində getmiş və ildə 15–30 m-dən 100–120 m-ə qədər çatmışdır. Akkumulyativ sahillər Samur-Dəvəçi düzənliyində də inkişaf etmişdir. Burada Samur çayının deltasından Ataçayın mənsəbinə qədər 100 km məsafədə akkumulyativ sahillər uzanmışdır.
Abrazion sahillər üçün qayalı burunların, abrazion pillələrin olması və abrazion-uçma materiallarının toplanması səciyyəvidir. Belə sahillər, əsasən, antiklinal strukturların düz bücaq altında sahilə doğru uzanması və ya sahildən kənara doğru üfqü və ya əyri (qıyqacı) yatan bərk süxurların (əhəng daşı, qum daşı, konqlomerat) yayıldığı sahələrdə müşahidə edilir. Bu cür sahillər, əsasən, Abşeron yarımadasında, Qobustanda, Kür çökəkliyində burunlarda inkişaf etmişdir.[1]