Azərbaycanın morfoskulpturları və mofostrukturları

Azərbaycan ərazisinin morfoskulpturları

Nival – qlyasial proseslər və relyef formaları

[redaktə | mənbəni redaktə et]

Cənub-Şərqi Qafqazın qədim buzlaşma problemi ilə XIX əsrin axırlarında və XX əsrin əvvəllərində bir sıra tədqiqatçılar məşğul olmuşlar. Bu problem eyni zamanda bütün Qafqaz regionunu əhatə etməklə klassik  dördüncü dövr Alp buzlaşma sxemi ilə eyniləşdirilirdi. Bir çox hallarda genetik cəhətdən moren ilə əlaqəsi olmayan çöküntülər  harada təsadüf etməsinin fərqinə varmadan  buzlaq  çöküntüləri kimi qeyd olunurdu.

Qafqazın buzlaq relyef formaları və ümumiyyətlə buzlaşma problemləri XX əsrin elmi çoğrafi ədəbiyyatlarında geniş tədqiqat obyekti olmuşdur. 1950-1980-cı illərdə bu problemdəki yeniliklər və dəqiqləşmələr N.B.Dumitraşko, B.Ə.Budaqov (1957) D.A.Lilienberq (1959), B.Ə.Budaqov (1957, 1965, 1973, 1977, 1982) İ.E.Mərdanov (1978), M.A.Müseyibov, Ə.B.Məmmədov (1976), N.Ş.Şirinov, S.N.Dotduev (1976) və b. əsərlərində öz əksini tapmışdır.

Buzlaşma probleminin tədqiqinin ilk mərhələlərindən başlayaraq indiyə qədər buzlaşmaların sayı məsələsi daima mübahisəli olaraq qalmaqdadır. Bu problem Böyük Qafqazda  bir sıra  tədqiqatçılar tərəfindən dərindən öyrənilmişdir. Son dövrlərdə  yuxarıda adları çəkilən tədqiqatçılar bu məsələdə  ümumi fikrə gələ bilmişlər. Bu, əsasən, onunla bağlı olmuşdur ki, dördüncü dövr buzlaşmasının izləri bu ərazidə daha yaxşı saxlanılmışdır. Ümumi nəticə kimi B.Ə.Budaqov (1977, 1982) və İ.E.Mərdanov (1983) Böyük Qafqazın Azərbaycan hissəsində əsasən iki buzlaşmanın – (orta dördüncü və son dördüncü dövr)- mövcud olması qənaətinə gəlmişlər. Bizim fikrimizcə  iki buzlaşma  olması  ideyası Kiçik Qafqazın Murovdağ, Qarabağ vulkanik yaylası, Zəngəzur və Dərələyəz silsilələrində saxlanılmış ekzarasiya formalarının da eyni yaşda olmasını təsdiq edir. Beləki bütün Cənub-Şərqi Qafqazda qlobal iqlim soyuqlaşmasının  nəticəsi olan buzlaşma mərhələlərinin iqlim şəraiti oxşar  olmuşdur. Onu da qeyd etmək lazımdır ki, göstərilən ərazilərdə də buzlaq relyef formaları eyni morfoloji  quruluşa malik olub  və təxminən eyni mütləq yüksəkliklərdə yerləşirlər.

Azərbaycanın yüksək dağlıq (2800–3900 m) ərazilərində  Dördüncü dövrdə  baş vermiş dağ-dərə buzlaşması  müasir dövrdə  paleomorfoskulpturlar kimi geniş yayılmış nival-qlyasial formaların yaranmasına səbəb olmuşdur. Dördüncü dövrün kəskin  iqlim dəyişmələri və tədricən quraqlığın artması həmin relyef formalarını köklü surətdə dəyişmiş,  bəzi yerlərdə isə məhv etmişdir.

Nival-qlyasial relyef formalarının dağlıq ərazilərdə, əsasən, ekzarasiyon əlamətləri nisbətən yaxşı saxlanılmışdır. Bunlar əsasən troq dərələri, kar, sirk  və  şiş qayalar şəklində Böyük Qafqazın, Murovdağ və Zəngəzur silsiləsinin suayrıcılarında tipik relyef formalarından ibarətdir.

Nival-kriogen proseslərin inkişafı yüksək dağlığa xas olan şaquli qurşaqlıq  zonalarının əmələ gəlməsinə səbəb olmuşdur. Denudvsiya prosesinə nisbətən asan məruz qalan litoloji komplekslərin ərazidə inkişafı, nival-qlyasial- kriogen proseslərinin əmələ gətirdiyi formaların zəif saxlanılması ilə səciyyələnir. Dördüncü dövr buzlaşmasının bir çox ekzarasiyon formaları müasir çay dərələrinin mənbə hissələrində karlar və sirklər şəklində saxlanılmışdır.

Nival-qlyasial-kriogen relyef formaları müxtəlif çay hövzələrində təxminən eyni yüksəkliklərdə yayılmışdır. Onlar denudasiya-eroziya proseslərinin daha intensiv inkişaf etdiyi Baş Qafqazın mərkəzi və şərq hissəsində, Zəngəzur silsiləsində, Qarabağ vulkanik yaylasında və Murovdağ silsiləsində yüksəkdağlıq sahələri (2800- və daha yüksək)  əhatə edirlər. Bu isə, əsasən, kriogen-soliflyüksion proseslərin inkişaf etdiyi dağ-çəmən zonasının yuxarı hissəsini əhatə edən alp çəmənliklərində daha çox nəzərə çarpır.

Kriogen formalara, əsasən, soliflyüksion morfoskulpturalara Böyük Qafqazın cənub yamacının subalp-alp çəmənliklərində, xüsusən Niyaldağ, Qovdağ silsilələrinin suayrıcı hissələrində 2000- mütləq yüksəkliklərdə, şimal-şərq yamacında isə Şahnabad düzündə, Qızılqaya massivində 2600- yüksəkliklərdə daha çox rast gəlinir.

Nival-kriogen relyef formaları nival mənşəli morfoskulpturlar az yayılmış müasir buzlaqlara nisbətən daha çox ərazini əhatə edir. B.Ə.Budaqov hələ 1950-ci illərdə apardığı ilk qlyasialoji tədqiqatlar zamanı Böyük Qafqazda fəaliyyətdə olan buzlaqların sahəsinin 6,4 km2 (B.Ə.Budaqov, 1957, 1961) olduğunu müəyyən etmişdir. Müasir dövrdə iqlimin quraqlığının artması nəticəsində Şahdağ, Bazardüzü və Tufan buzlaqlarının sahəsi xeyli azalmışdır. Kiçik Qafqazda və Arazyanı silsilələrdə isə müasir buzlaqlar demək olar ki,  yoxdur.

Müasir relyefdə saxlanılmış, ekzarasiyon relyef formaları (troq dərələri, karlar, sirklər), onların quruluşu və morfoloji əlamətləri Böyük və Kiçik Qafqazda və Arazyanı silsilələrdə klassik dağ-dərə buzlaqlarının izləri kimi təsnifatlaşdırılmalıdır. Dağlıq ərazilərin IV-cü dövrdə kəskin kəsilib-parçalanması nəticəsində buzlaqların akkumulyativ formaları çox nadir hallarda troq dərələrinin dibində və yamaclarda kiçik areallar şəklində saxlanılmışdır. İri troq dərələr, əsasən, Böyük Qafqazın suayrıcı hissəsində, xüsusən Mazımçay, Balakənçay, Muxaxçay və Şahnabad (Qusarçay) çaylarının yuxarı hissələrində öz morfoloji xüsusiyyətlərini daha yaxşı saxlamışlar. Mazımçay, Muxaxçay və Tufan (Qusarçay) troq dərələrinin dib hissəsində xırda moren tirələri müasir relyefdə morfoloji xüsusiyyətlərinin təzahür etməsi ilə seçilirlər.

Kiçik Qafqazda Murovdağ silsiləsində  Camışdağ və Hinaldağ zirvələri arası suayrıcı sahələrdə tipik, lakin daha çox denudasiyaya məruz qalmış buzlaq relyef formaları - kar və troq dərələrinin qalıqları, buzlaq mənşəli göllər saxlanılmışdır. Zəngəzur silsiləsində  Qazangöldağ, Qapıcıq və Yağlıdərə zirvələri rayonlarında da troq dərələrə, sirklərə, karlara rast gəlmək olur. Gilançayın sol qolu olan Sakarsu çayının yuxarı hissəsində kar və troq dərə öz morfoloji xüsusiyyətlərini daha yaxşı saxlamışdır (M.A.Abasov 1965, 1970; V.D.Hacıyev 1999; M.A.Müseyibov 1998).

Kiçik Qafqazda buzlaqların akkumulyativ və ekzarasion  formaları Qarabağ vulkanik yaylasında vulkan konuslarının üzərində və ətəklərində, Şəmkir-Göygöl sahələrində moren təpələri və moren çöküntüləri, karlar və troq dərələrin ayrı-ayrı fraqmentlərinə rast gəlinir.

Orta və son dördüncü dövrdə iqlimin soyuqlaşması və dağlıq sistemlərinin intensiv qalxması Kiçik Qafqazda və Arazyanı silsilələrdə  dağ-dərə buzlaqlarının inkişafına səbəb olmuşdur. M.A.Abasovun (1970) və V.D.Hacıyevin (1980) tədqiqatlarına əsasən buzlaq relyef formaları və onların çöküntüləri Dərələyəz və Zəngəzur silsilələrinin yüksək dağlıq zonalarında Naxçıvançay və Gilançay hövzələrinin yuxarı hissələrində nisbətən yaxşı saxlanılmışdır.

Müasir dövrdə yuyulmuş buzlaq akkumulyativ çöküntüləri flyüvioqlyasial çöküntülər kimi Qusarçay, Qudyalçay, Naxçıvançay, Gilançay hövzələrində geniş yayılmış əsas relyef kateqoriyaları kimi qiymətləndirilməlidir. Özlərinin zəif çeşidlənməsi ilə səciyyələnən bu çöküntülər Kiçik Qafqazda vulkanogen-çökmə, Böyük Qafqazda isə çökmə süxurlardan təşkil olunmuş və çay dərələrinin genişlənmiş hissələrində iri akkumulyativ morfoskulpturlar əmələ gətirmişdir. Bu qəbildən olan ən iri flyuvioqlyasial örtüklərə misal olaraq Böyük Qafqazın şimal-şərq yamacındakı Qusar maili düzənliyini göstərmək olar.

Kiçik Qafqazda belə iri flyuvial örtüklərə Həkəri lay dəstəsini və Naftalan maili düzənliyini aid etmək olar.

Qeyd etmək lazımdır ki, buzlaşma mərhələlərinin aydınlaşdırılmasında müasir relyefdə saxlanılmış buzlaq formaları və müasir buzlaqlar xüsusi əhəmiyyətə malikdir. Bu cəhətdən B.Ə.Budaqovun Böyük Qafqaza aid buzlaq formalarını və buzlaqların morfoloji və morfometrik göstəricilərini əks etdirən cədvəlləri mühüm əhəmiyyət kəsb edir.[1]

Talassogen morfoskulpturlar

[redaktə | mənbəni redaktə et]

Azərbaycan respublikasının müasir relyefinin inkişafında və formalaşmasında Xəzər dənizinin, eləcə  də  Dördüncü dövrdə və daha  qədim geoloji dövrlərdə onun yerində mövcud olmuş və dövrü olaraq  düzənlik və dağətəyi  sahələri basmış dəniz hövzələrinin abraziya və  akkumulyasiya fəaliyyətinin böyük rolu olmuşdur.  Bu hövzələrin fəaliyyəti nəticəsində yaranmış morfoskulpturlar-dəniz terrasları və  müasir sahil relyef formaları ərazidə  geniş yayılmışdır.

Dəniz terraslarının öyrənilməsinin   mühüm elmi və nəzəri əhəmiyyəti vardır. Beləki, onlar haqqında dəqiq  məlumat əldə etmədən ərazidə  relyefin inkişaf tarixini bərpa etmək və həmin  dövr üçün yeni və müasir tektonik hərəkətlərin sürəti,   amplitudu və xarakteri haqqında obyektiv fikir söyləmək çətindir. Ona görə də bu məsələ uzun müddət tədqiqatçıların diqqət mərkəzində olmuşdur. (Antonov, 1953, 1957; Vəkilov, 1956; Budaqov, 1956, 1957; Fyodorov, 1957, 1961; Liliyenberq, 1961,1962;  Dumitraşko  və b., 1961; Şirinov, 1961, 1973  və b.).

Tədqiqatçıların əksəriyyəti Xəzərin Dörduncu dövr  dəniz terraslarını və onlara müvafiq  çöküntülərini erkən dördüncü dövr- bakı; orta dördüncü  dövr – xəzər; Son dördüncü dövr- Xvalın  və  holosen- yeni kaspi kimi qruplaşdırmışlar.

Azərbaycan  sahillərinin ayrı-ayrı  bölgələrində müəlliflər müxtəlif miqdarda terras səviyyəsi ayırmışlar (cədvəl 6.4). Terrasın miqdarının müxtəlifliyi  ilk növbədə ayrı-ayrı regionlarda tektonik quruluşun, eləcə də dördüncü dövrdə   tektonik hərəkətlərin  rejiminin müxtəlifliyi,  ərazinin tədqiqatlarla əhatə olunma   dərəcəsi   və dəqiqliyi ilə izah edilə  bilər.

Demək olar ki, tədqiqatçıların hamısı burada yeni kaspi  yaşlı iki terras səviyyəsi ayırmışlar.  Kür-Araz düzənliyində isə  bunların sayı   üç,  bəzi hissələrində isə daha çoxdur (Şirinov, 1973). Müxtəlif regionlarda ayrılmış  xvalın terraslarının sayı  4-lə  (Kür-Araz  çökəkliyində) 6-7  (Cənub-Şərqi Qafqazda)  arasında dəyişir.  Bu terrasların hamısı, əsasən, akkumulyativ  mənşəli olub, çöküntülərin litoloji tərkibinə görə bir-birindən fərqlənirlər ki, bu da tektonik quruluşla və tektonik hərəkətlərin rejiminin müxtəlifliyi ilə izah edilə bilər.

 Son xəzərdə 1-2 terras səviyyəsi ayrılır.  Bu terraslar abrazion-akkumulyativ  mənşəli olub, Aşağı Kür çökəkliyində,  Abşeron yarımadasında,  Qobustanda və Böyük Qafqazın   şimal-şərq yamacında  müşahidə edilir. Həmin terrasların sayının az olması və relyefdə pis saxlanılması Son Xəzərdə dənizin səviyyəsinin sabit olması və terrasların  sonralar yuyulması ilə izah edilir (Şirinov, 1973) .

 Erkən xəzərdə (gürgan)  kifayət qədər dəniz terrası ayrılır. Tədqiqatçıların fikrinə görə, erkən xəzərdə 4-5 terras səviyyəsinin əmələ gəlməsi üçün şərait olmuşdur. Qobustanda 8 terras səviyyəsinin olması tektonik hərəkətlərin ritminin tezliyi ilə izah edilə bilər. Qobustanda Bakı terrasının maksimum miqdarı  da ( 6 səviyyə) eyni səbəblə izah  edilir.  Abşeron yarımadasında Bakı yaşlı terrasın olmaması orta dördüncü dövr transqressiyası zamanı  onların  cavan çöküntülərlə örtülməsi, çox halda isə yuyulması ilə izah edilir. Terrasın səthində toplanan eyni yaşlı çöküntülər güclü deformasiyaya uğramışdır. Kür çökəkliyinin  şimal-şərq qanadında və  çökəklik daxili antiklinal qalxmalarda cavan qırışıqlıqlarda terras çöküntüləri iştirak edir. Abşeron yarımadası  timsalında   qədim sahil xəttlərinin təhlili göstərir ki, onlar, eləcə də terraslar Dördüncü dövr ərzində  irsən inkişaf etmişdir.  Ançaq son xəzərdən  başlayaraq abrazion sahələr əvvəlki dövrlərə nisbətən xeyli azalmışdır.

 Bu bir daha sübut edir ki, sahil zonasında  qalxma hərəkətləri tədricən enmə ilə əvəz olunmuş, qalxmanın amplitudu və   sualtı yamacda meyillik azalmışdır.

Abrazion  və abrazion - akkumulyativ terrasların üstünlük  təşkil etməsi, əsasən, dördüncü dövrp dəniz terraslarının yayıldığı sahələrin  ətraf dağlığın   tağvari  qalxmasına  cəlb edilməsi və ərazilərdə dördüncü dövr   ərzində fasiləli qalxma  hərəkətlərinin üstünlük təşkil  etməsi ilə əlaqədardır.

Son dördüncü dövrdə  Xəzər dənizinin inkişafında  dərin reqressiyalar baş vermişdir ki, onun da izləri  sualtı yamacda  100 və 70–80 m dərinliklərdə pillələr şəklində saxlanmışdır.

Dəniz terraslarının   yaşa görə ayrılması   onların səthində  toplanmış çöküntülərdəki  hakim molyuskalara görə  aparılmışdır.  Səthində akkumulyativ çöküntülər olmayan abrazion - terrasların  yaşı  faunalarla təyin edilmiş  terras səviyyələri ilə  müqaisəyə əsasən verilmişdir. 

Son vaxtlar  Azərbaycanda terras çöküntülərindəki  molyuska faunalarının mütləq yaşının bir sıra təyini  radium-karbon və   termolyuminessent  üsullarla aparılmışdır ki,  onların da aralarında kifayət qədər fərq alınır.  Belə ki, son xəzər çöküntülərinin yaşının təyini birinci üsulla 25300 dən 42000 –ə qədər il,  ikinci üsulla isə 71000-254000 il  olmuşdur.

C14  üsülü ilə təyin olunmuş  son  xvalın  çöküntülərinin yaşı da  şübhə doğurur. Beləki  o termolyuminissent üsulla  təyin olunmuş erkən xvalın  süxurlarının yaşına uyğun gəlir. Dördüncü dövrdə tektonik hərəkətlərin differensial xarakterinə uyğun olaraq eyni yaşlı terraslar müxtəlif  yüksəklikdə müşahidə edilir.  Dislokasiyaya uğramış son dördüncü dövr və yeni kaspi yaşlı terraslar  və müvafiq sahil  xəttləri demək olar ki, eyni yüksəklikdə yerləşmişdir.   Lokal tektonik hərəkətlərlə və palçıq vulkanlarının fəaliyyəti ilə əlaqədar olaraq onlar  deformasiyaya uğramış,  hətta Aşağı Kür çökəkliyinin ayrı-ayrı hissələrində qırışıqlığa məruz qalmışdır.

Azərbaycan respublikası ərazisi   çay və dəniz terraslarının  korrelyasiyası cəhətdən çox əlverişlidir. Xüsusilə Cənub-Şərqi Qafqazda morfoloji cəhətdən   çay terraslarının  dəniz terraslarına keçməsi  çox yaxşı müşahidə edilir.  Məsələn:  Dəvəçi çayının aşağı hissəsində  50-55, 110 və 190  m-lik  çay terrasları müvafiq olaraq  100, 120, –lik Erkən Xəzər və 310  m-lik Erkən Bakı  yaşlı dəniz terraslarına keçir.

Mingəçevir su anbarı rayonunda Kürün  37- - lik terrası  morfoloji olaraq  Xvalının  dəniz terrasına, Düzdağ rayonunda isə 50 m-lik terras Son Xəzərin  80–100 m-lik  dəniz terrasına müvafiq   gəlir.

Lənkəran düzənliyində   Viləşçayın 24- –lik terrası xvalın transqressiyasının 20 və  0  m sahil xətti ilə  əhatələnən  gətirmə konusunun səthinə müvafiq gəlir.

Əlbəttə təqdim edilən korrelyasiya  sxemini  tam təkmilləşmiş  hesab etmək olmaz, onun yenidən işlənilməsinə ehtiyac vardır. Burada çay dərələrinin  kəsilməsinə, eləcə də  çay terraslarının  yüksəkliyinə təsir edən bir sıra amillərin (tektonik quruluş, yeni tektonik hərəkətlərin amplitudu, süxurların  litologiyası, axımın miqdarı və b)  rolu  müəyyənləşdirilməlidir.

Xəzərin Azərbaycan sahillərinin  relyefinin quruluşunun  təhlili göstərir ki,  bütün dördüncü  dövrdə sahil boyu onun inkişafında geoloji quruluş və yeni tektonik  hərəkətlər, sualtı yamacın  relyefinin əsas əlamətlərini və sahilin  formasını müəyyənləşdirən əsas amil   olmuşdur. Sonuncular isə öz növbəsində dalğaların  və  cərəyanların hidrodinamik  proseslərinə, istiqamətinə və gedişinə   təsir etmişdir (Şirinov,  Mehdiyev, 1960, 1964).

Dördüncü dövrün sonlarında (Holosen əsri) səviyyənin tərəddüdü sahilin relyefinin inkişafında az rol oynamamışdır.

Erkən xəzər (gürgan) və erkən xvalında və sonralar tektonik hərəkətlərin  güclənməsi fonunda  dəniz səviyyəsinin qalxdığı mərhələlərdə abrazion sahillər  üstünlük təşkil etmişdir. Onun izi  sahil boyu müasir relyefdə abrazion və abrazion-akkumulyativ terraslar  və qədim sahil xəttləri boyu toplanmış qaba çöküntülər, pillələr və oyuqlar şəklində  yaxşı saxlanmışdır. Erkən bakı, son xəzər, son xvalın  və yeni kaspidə  isə  əksinə  akkumulyativ sahillər  üstünlük təşkil etmişdir.

Morfoloji və genetik xüsusiyyətinə, müasir sahilin dinamikasına görə Azərbaycanın Xəzər sahillərində şimaldan cənuba aşağıdakı morfogenetik  tiplər ayrılmışdır (Şirinov, Mehdiyev, 1960): akkumulyativ-delta; keçmiş akkumulyativ sahilin yerində əmələ gəlmiş abrazion, hamar; akkumulyativ hamar; hamarlanma təmayülündə olan akkumulyativ- liman; hər iki tərəfi  dil şəklində  inkişaf edən akkumulyativ hamar;  abrazion-akkumulyativ liman; akkumulyativ delta; laqun-delta  və abrazion-akkumulyativ-hamar.

Akkumulyativ  sahillər geniş qumlu  çimərliklərin və yüksəkliyi 0,5-2m-ə  çatan  sahil tirələrinin olması ilə səciyyələnir. Yeni kaspidə 2-3  sahil xətti, 1929-1930-cü illərin stabil səviyyəsinə uyğun gələn sahil xətti, 1940-cı ilin əvvəlində və 1956-cı ildə səviyyənin stabilləşməsinə uyğun gələn sahil xəttləri  kifayət qədər yaxşı müşahidə edilir.

Akkumulyativ sahillər (şək. 6.8) burada Kür çökəkliyində daha geniş yayılmışdır 1978-ci illərdə burada  ən çox akkumulyasiya  və sahilin genişlənməsi  Kürün müasir deltasında və Qızılağac körfəzində müşahidə  edilmişdir. V.V.Yeqorovun  (1951) məlumatına görə  1860-1938-ci illərdə çayın deltası ildə  1,68 km2, yatağın uzunluğu isə  böyümüşdür.

Qızılağac körfəzində dənizin səviyyəsinin düşməsi (1929-cü ildən başlayaraq fasilələrlə 1978-ə qədər)  və körfəzin dayazlaşması  nəticəsində adalar arxipelaqı   və bankalar bir-biri ilə  birləşərək uzunluğu 50 km-dən  çox olan  böyük ada (Sara adası) əmələ gətirmişdir.  Bənd vasitəsilə materiklə  birləşən bu ada Qızılağac  körfəzini əsas  hissədən ayrımışdır.

İntensiv akkumulyasiya prosesi Cənub–Şərqi Şirvan düzənliyində   Bəndovan  burunu ilə  Kürün  deltası  arasında, eləcə də  Lənkəran sahillərində  getmiş və ildə 15–30 m-dən 100–120 m-ə qədər çatmışdır. Akkumulyativ sahillər Samur - Dəvəçi düzənliyində də  inkişaf etmişdir.  Burada Samur çayının deltasından  Ataçayın mənsəbinə qədər məsafədə akkumulyativ  sahillər uzanmışdır. Abraziya prosesi ancaq Samur çayının  qədim deltasının az bir sahəsində  müşahidə edilir ki, bu da çay gətirmələrinin çatışmazlığı  və Dərbənd çökəkliyinə  birləşən  sahil zonada kompensasiya olunmayan  çökmə prosesi ilə  izah edilir.   

  Abrazion sahillər üçün qayalı burunların,  abrazion pillələrin olması və abrazion-uçma materiallarının toplanması  səciyyəvidir.  Belə sahillər, əsasən,  antiklinal strukturların  düz bücaq altında  sahilə doğru  uzanması və ya sahildən kənara doğru  üfqi və ya əyri (qıyqacı)  yatan  bərk süxurların (əhəng  daşı, qum daşı,  konqlomerat) yayıldığı sahələrdə müşahidə edilir. Bu cür sahillər, əsasən,  Abşeron yarımadasında, Qobustanda, Kür çökəkliyində burunlarda inkişaf etmişdir.

1978-ci ildən başlayaraq 1995-ci ilə dəkXəzərin səviyyəsinin 2,5 m-dən çox qalxdığı dövrdə  sahil zonada 40 000 kv.km2-ə qədər ərazi su altında  qalmışdır  (Əliyev, 2001).  Samur-Dəvəçi düzənliyi, Giləzi rayonu və Samur ç. deltasını əhatə edən ərazilərdə sahillər daha intensiv yuyulmağa  başlamışdır. Nəticədə sahil zonada xeyli meşə sahəsi və bir qədər   cənubda yerləşən və  əsasən deltanın yuyulma materialları hesabına  yaranmış plyajın  müəyyən hissəsi yuyulmuş,  pozulmuş və laqunlar əmələ gəlmişdir.

Azərbaycanın şimal hissəsində Nabran sahəsində dəniz 50-  quruya doğru irəlləyərək  məsafədə şose yolunu, başqa xidmət obyektlərini və  bir sıra kənd təsərrüfat sahələrini basmışdır.

Səviyyənin  qalxması Abşeron  sahillərinə də ciddi ziyan vurmuşdur.  Mərdəkan,  Zaqulba, Buzovna və Şıxov qəsəbələri ərazilərndə  abadlaşdırılmış  çimərliklərin çox hissəsi su altında qalmış, avadanlıqlarının yeri dəyişdirilmişdir. Buzovna qəsəbəsinin  şimal-qərbində qum tirəsi yuyulmuşdur. Yarımadanın sahil zonasında müəyyən sahələrin bərk süxurlardan  təşkil olunmasına baxmayaraq, xeyli hissəsi su altında qalmışdır.

Bakı dəniz  limanında bir neçə körpünü su basmışdır. Sahildə Dəniz sahili Milli parkda bərkidilmə işləri aparılmış və bəzi sahələr su altında qalmışdır.

Azərbaycan sahillərinin cənub hissəsində  Yenikənd, Kultuk, Sübhi, Mayak-1 və Mayak-11  yaşayış massivləri su  altında qalmışdır. Saratovka , Yeni qışlaq, Kür dili, Jarovsk, Prorva  və Sarıqamış  kəndləri  demək olar ki, bütünlüklə  yerini dəyişmişdir. Təxminən 15000  ha torpaq sahəsi su altında qalmışdır ki, onun da təxminən 3000  ha-ı əkin sahələridir (Əliyev, 2001).

Lənkəran rayonunda –yadək torpaq sahəsi, təxminən yol,  Nərimanabad-1  və Nərimanabad -2  kəndlərinin bir hissəsi su ilə örtülmüşdür. Astara rayonunda birbaşa  dənizin sahilində tikilmiş evlər ziyan çəkmişdir. Fermer  təsərrüfatlarını  su basmış, 4–5 km məsafədə dəmir yolu xətti zədələnmişdir.

Qızılağac körfəzinə bitişik  ərazinin, o cümlədən  Sara yarımadasının  və Kür dilinin  bir hissəsi su altında  qalmışdır.[2]

Azərbaycan ərazisinin mofostrukturları

[redaktə | mənbəni redaktə et]

Krım-Qafqaz dağlıq ölkəsinin Qusar maili düzənliyi, Şərqi Qafqaz, Kür çökəkliyi, Ön Asiya yaylası ölkəsinin Kiçik Qafqaz kənar silsilələri, Vulkanik yayla, daxili silsilələr, dağarası çökəkliklər, Talış dağları vilayətlərinin bir sıra geomorfoloji rayonlarını (B.Ə.Budaqov, 1993) əhatə edən Azərbaycan Respublikası ərazisinin relyefi son dərəcə mürəkkəbliyi və müxtəlifliyi ilə səciyyələnir. Yer qabığının qovşaq zonaları üçün xas olan qırışıqlı-örtüklü (şaryajlı), blok mənşəli silsilə, tirə, plato, dağarası və dağdaxili çökəklik və düzənliklərdən ibarət ölkənin relyefi uzun geoloji təkamül yolu keçmiş və müasir siması neotektonik mərhələdə formalaşmışdır. Alp-Himalay qovşaq zonasının tərkib hissəsi olan ərazi Avropa-Asiya və Afrika-Ərəbistan litosfer tavaları arasında və onların kolliziya (toqquşma) zonasında mürəkkəb geodinamiki şəraitdə inkişaf etməsi ilə əlaqədar olaraq, geomorfoloji quruluşunun özünəməxsusuğu ilə, yanaşı təbii sərvətlərinin də xeyli zənginliyi ilə fərqlənir. Həmin tavaların bir-birinə yaxınlaşması və nəhayət onların tərkib hissələrini təcəssüm etdirən Anadolu-İran blokunun cənubdan, Skif mikrotavasının isə şimaldan Cənubi Qafqaz aralıq massivi mikrotavasını üfüqi istiqamətdə sıxmaları nəticəsində onların toqquşma zonalarında yer qabığının deformasiyası prosesi güclənmiş, səthin intensiv maqmatizm və zəlzələlərlə müşayiət olunan şaquli və üfüqi differensiasiyasına səbəb olmuşdur. Müasir dövrdə də təzahür edən seysmik hərəkətlər, palçıq vulkanizmi və epizodik olaraq baş verən dağıdıcı ekzodinamiki hadisələr dağəmələgəlmə - orogenez prosesinin davam etdiyini göstərir. Üfüqi sıxılmanın və şaquli differensiasiyanın güclənməsi nəticəsində yer qabığının gərilmiş və nisbətən zəifləmiş sahələrində endomorfogenez və minerageniya baxımından mühüm əhəmiyyət kəsb edən tektonik çat və qırılmalar əmələ gəlmişdir. Onlar maqmadaşıyıcı kanal rolu oynayaraq intruziya (plutonizm) və vulkan püskürmələri (vulkanizm) üçün şərait yaratmaqla, endogen mənşəli faydalı qazıntı yataqlarının əmələ gəlməsini şərtləndirmiş və relyefin böyük vahidləri-morfostrukturları arasında sərhəd rolu oynamışlar. Belə gərgin üfüqi sıxılma və gərilmə şəraitində Azərbaycan ərazisinin ən iri morfostruktur vahidləri - Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağlıq sistemləri və Kür- Araz dağarası çökəkliyi - Alp-Himalay orogen qurşağı üçün səciyyəvi olan relyef formaları əmələ gəlmişdir. Geoloji-tektonik  quruluşla relyef formalarının çoxcəhətli qarşılıqlı əlaqəsi burada Yer kürəsində mövcud olan morfostrukturların bütün müxtəlifliyini özündə ehtiva edən  heterogen, (mürəkkəb) və heteroxron (müxtəlif yaşlı) səciyyəli tektonik, tektonik - maqmatik və maqmatik mənşəli morfostrukturların formalaşmasına səbəb olmuşdur.

Azərbaycanda ərazinin relyefi ilə geoloji quruluşu (tektonik, maqmatik strukturlar və onların kombinasiyaları) arasındakı qarşılıqlı əlaqəni əks etdirən morfostrukturları mövcud geotektonik nəzəriyyələrə (fiksizm və mobilizim ) əsaslanmaqla  B.Ə.Budaqov (1973, 1978, 1984 və b.), B.Ə.Budaqov, Ə.S.Əliyev (1987), B.Ə.Budaqov, E.K.Əlizadə (1998, 2001), B.Ə.Budaqov və b. (1984),  M.A.Müseyibov (1968, 1972, 1973, 1975, 1977), N.Ş.Şirinov (1975, 1979 və b.), N.Ş.Şirinov, Y.Q.Əliyev (1988), N.Ş.Şirinov, H.A.Xəlilov (1975, 1977, 1988), N.Ş.Şirinov, H.A.Xəlilov, X.K.Tanrıverdiyev (1996), D.A.Liliyenberq (1962, 1985, 1986, 1990), D.A.Liliyenberq, B.Ə.Budaqov, Ə.S.Əliyev (1996), R.Y.Quliyev (1966, 1973, 1974, 1977),  R.Y.Quliyev, V.D.Hacıyev (1980, 1985, 1999), H.A.Xəlilov (1978, 1980, 1986, 1999a, 1999 və s.), E.K.Əlizadə (1984, 1987, 1989, 1991, 1995, 1998, 2001, 2004), A.S.Səfərov (1984), V.Ə.Quluzadə (1987), Ə.S.Əliyev (1983), Ə.S.Əliyev, E.K.Əlizadə (1982), Y.Q.Əliyev (1990), T.R.Qurbanov (1998, 1999) və başqaları tədqiq etmişlər.

Bununla yanaşı son zamanlar yer qabığının inkişafında litosfer tavaları tektonikası nəzəriyyəsindən irəli gələn geodinamiki müddəaların xüsusi rol oynadığının müəyyən edilməsi morfostrukturların əmələ gəlməsi və təkamülü mexanizminə həmin nəzəriyyə mövqeyindən yanaşmağı zəruri etmişdir. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ölkəmizdə geologiya elmində bu sahədə ciddi uğurların (Əhmədbəyli, İsmayılzadə, Kəngərli 2002; Həsənov 1985, 1996; İsmayılzadə 1989, 1999, 2002; Kəngərli 1999a, 1999b; Rüstəmov 2001, 2003, 2005; Xain 1982; Tektonika 2005 və s.) əldə edilməsinə baxmayaraq, geomorfoloji tədqiqatlarda bu sahədə göstərilən təşəbbüslər müasir tələblərə tam cavab vermir.

İstər ənənəvi geosinklinal, istərsə də litosfer tavaları tektonikası nəzəriyyələrini özündə ehtiva edən tədqiqatlar əsasında respublikasının ərazisində mənşələrinə və morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənən aşağıdakı morfostruktur vahidləri ayrılır.

Ölkənin şimal-şərq kənar geomorfoloji vahidini Xəzər dənizi ilə Böyük Qafqaz arasında yerləşən Samur-Dəvəçi geomorfoloji rayonunun morfostrukturları təşkil edir (B.Ə.Budaqov 2007).

Bununla belə Skif mikrotavasının cənub kənarını təşkil edən və tektonik cəhətdən yaranma və inkişaf xüsusiyyətlərinə görə Ön Qafqaz mikrotavasının qovşaq zonasında qırışıqlığa və parçalanmaya zəif məruz qalmış Samur-Dəvəçi törəmə qraben-sinklinoriumuna uyğun gələn həmin rayon burada formalaşmış Samur-Dəvəçi və Qusar maili düzənlikləri ilə təmsil olunmuşdur.  Qrız-Siyəzən dərininə qırılması vasitəsi ilə Böyük Qafqaz dağlıq sistemi ilə təmasda olan ümumi monoklinal quruluşlu həmin morfostrukturlar daxilində yüksəklik fərqi 2000 m-ə çatır. Burada sinklinoriumu mürəkkəbləşdirən aşağı dərəcəli strukturlara uyğun gələn bir sıra daha aşağı dərəcəli morfostrukurlar inkişaf etmişdir (Tələbi-Qaynarca horst-antiklinal alçaq dağlığı, Zeyxur çökəkliyi, Yalama-Xudat qalxması və s.)

Böyük Qafqaz qırışıqlı-qaymalı, örtüklü-blokvarı, tektonik və qismən də tektonik-maqmatik mənşəli, intensiv qalxan, qovşaq (kolliziya) zonanın horst-antiklinor, horst-sinklinor strukturlarının əmələ gətirdiyi  silsilə və dağdaxili çökəkliklərlə təmsil olunmuş, xeyli mürəkkəbliyi ilə səciyyələnən morfostrukturları əsasən, yura və təbaşir, kənarlarda isə paleogen-neogen yaşlı çökmə və qismən də vulkanogen-çökmə süxurlardan təşkil olunmuşdur. Cənub  sərhədi Şimali Alazan (Qanıx) qırılması boyu keçən dağlıq sistem geotektonik cəhətdən cənub və cənub-qərb istiqamətində hərəkət edən Skif mikrotavasının Cənubi Qafqaz mikrotavası ilə toqquşma zonasında əmələ gəlmişdir. Litosfer tavaları arasında intensiv sıxılma nəticəsində relyefdə yüksəklik fərqləri əmələ gəlmiş və yer qabığı burada ümumqafqaz və antiqafqaz istiqamətli dərinlik qırılmalarının üstünlük təşkil etdiyi tektonik çatlarla parçalanmışdır.

Böyük Qafqaz dağlıq sistemi onun tektonik cəhətdən uyğun gəldiyi meqantiklinorium daxili quruluşunun mürəkkəbliyi ilə əlaqədar olaraq Azərbaycanın Respublikası hüdudlarında bir neçə iri morfostrukturlara ayrılır. Sistemin şimal-şərq yamacında, Samur-Dəvəçi morfostrukturundan cənub-qərbdə, onun şimal-şərq kənar oroqrafik vahidini intensiv qalxmış horst-sinklinor mənşəli, tektonik örtüklərlə mürəkkəbləşmiş inversion Yan silsilə təşkil edir. Şahdağ-Xızı sinklinoriumuna uyğun gələn morfostruktur mürəkkəb daxili quruluşa malik olmaqla, çəpinə çay dərələri ilə müxtəlif yüksəkliyə qaldırılmış bir sıra – platolara,  massivlərə Şahdağ, Qızılqaya, Buduq ayrılmışdır. Erkən təbaşir dövründə dəniz şəraitində baş verən intensiv sıxılma şəraitində əhəngdaşı süxur layları ərazidə cənub-qərb meylliyinə uyğun olaraq Siyəzən qırılma zonası boyu aşırılaraq Şahdağ-Buduq platoları ərazisində tektonik örtük əmələ gətirmişdir (İsayev, 1981, Şıxlinski, İsayev və b., 1985). Sonrakı dövrlərdə və xüsusilə sarmat (üst miosen) əsrindən sonra (Budaqov, 1973) Şahdağ, Siyəzən və həmçinin antiqafqaz istiqamətli qırılmalar boyu tektonik hərəkətlərin intensivliyində böyük fərq əmələ gəlmiş və nəticədə morfostrukturun Şahdağ-Qızılqaya massivi intensiv sıxılaraq müasir relyefdə 3500- yüksəkliyə qardırılmışdır. Vəlvələçay qırılmasından cənub-şərqə doğru relyefin yüksəkliyi azalır və burada Şahdağ-Xızı zonasının morfostrukturları Germian qırılması boyu Zaqatala-Qovdag zonası ilə təmas edir.

Yan silsilədən cənub-qərbdə, ondan struktur-denudasion mənşəli dağdaxili çökəkliklərlə (Şahnabad, Xınalıq, Xaltan, Tuğçay və s.) ayrılan Baş və ya Suayrıcı silsilə yerləşir. O, tektonik cəhətdən relyefdə daha kəskin əks olunmuş sıxılma zonasının mərkəzində intensiv qalxmaya məruz qalmış və Baş Qafqaz dərinlik qırılması boyu inkişaf etmiş, əsasən, yura və qismən təbaşir yaşlı çökmə süxurlardan təşkil olunmuş və cənub- şərq istiqamətdə gömülən Tufan horst-antiklinoriumuna uyğun gəlir. Aşınmaya qarşı davamsız olan çökmə süxur kompleksləri intensiv parçalanmaya məruz qalmışdır. Silsilənin cənub yamacı dərinlik çatları boyu çökmüş və müasir relyefdə   əksini tapmamışdır (Əlizadə E.K, 2004, 2007, Əlizadə, Tarixazər, 2010).

Böyük Qafqazın cənub yamacı morfostrukturlarının səciyyəvi xüsusiyyəti şərqə doğru onların relyefdə daha kəskin əksini tapmasıdır. Cənubi Qafqaz mikrotavası ilə Skif mikrotavasın toqquşma zonasında qırışıqlığa məruz qalan və onun cənub kənar hissəsinə mənsub olan bu ərazinin relyefi Dəmiraparan çayından qərbə doğru çox dik olması ilə fərqlənir. Burada Baş Suayrıcı silsilədən cənubda, əsasən, təbaşir yaşlı süxurlardan təşkil olunmuş Zaqatala-Qovdağ sinklinor zonasının morfostrukturları (silsilələr, tirələr, dağarası çökəkliklər) ayrılır. Zona şimaldan Məlkəmud-Germian, cənubdan isə Zənqi-Goradil tektonik üstəgəlmələri ilə sərhədlənmişdir. O, qərb hissədə kəskin sıxıldığından burada bir sıra horst-sinklinal, horst-antiklinal tirələr və qraben-sinklinal çökəkliklər ayrılır. Dəmiraparançaydan şərqə doğru relyefin morfotektonik vahidləri daha aydın nəzərə çarpır. Bu hissədə Babadağ horst-antiklinor, Qovdaq horst-sinklinor, Quzduçay-Alataş horst-antiklinor və digər silsilələr və həmçinin Dəmirçilər, Qızmeydan və s.sinklinal çökəklikləri inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, məhz bu hissədə Zaqatala-Qovdağ morfotektonik vahidinin şimal qanadı Böyük Qafqazın suayrıcı hissəsini əhatə etməklə, həm də şimal yamaca keçir. Girdimançay-Vəlvələçay xəttindən şərqə doğru Qərbi Xəzər dərinlik qırılması qovşaq zonasından başlayaraq tektonik hərəkətlərin differensiasiyası artır və morfostrukturlar intensiv gömülməyə məruz qalır. Cənub yamacda yayılan tektonik örtüklər üçün Zaqatala-Qovdağ morfotektonik pilləsi avtoxton rolunu oynamışdır. Məşhur "Qızmeydan tektonik örtüyü" məhz bu zonada Zənqi-Goradil qırılması boyu daha qədim ana süxurların üfüqi yatımlı cavan çöküntülərin üstünü örtməsi nəticəsində əmələ gəlmişdir (Əlizadə, 1998, 2004).

Böyük Qafqaz orogen zonasının ən cənub kənar morfosruktur vahidini tağ hissəsində orta yuranın vulkanoqen və vulkanoqen-çökmə süxurlarından təşkil olunmuş Vəndam horst-antiklinor morfotektonik pilləsi (zonası) təmsil edir. Onun qərb hissəsi morfostrukturları tektonik qırılma boyu gömüldüyündən relyefdə zəif əks olunmuşdur. Pillə cənub tərəfdən Şimali Alazan (Qanıx) qırılması ilə Zaqafqaziya tavasının kənar hissəsində inkişaf etmiş Alazan (Qanıx) -Əyriçay çökəkliyindən ayrılmışdır. Vəndam zonasında Niyaldağ horst-antiklinor silsiləsi, Lahıc qraben-sinklinor çökəkliyi və s. morfostrukturlar ayrılır. Vəndam və Ağsu çayları arasında intensiv parçalanmış, müasir sürüşmələrlə mürəkkəbləşmiş bu dağarası çökəkliklər relyefdə daha kəskin əks olunmuşlar və aydın seçilirlər. Vəndam zonası morfostrukturları Şamaxı şəhəri meridianından şərqə kəskin gömülməyə məruz qalır və relyefdə morfoloji cəhətdən öz əksini tapmır.

Böyük Qafqaz orogen sisteminin geoloji quruluşunun və relyefinin morfostruktur təhlili göstərir ki, Skif mikrotavasının Cənubi Qafqaz mikrotavası ilə qovşaq zonasında sıxılmanın və ya gərilmənin intensivliyi antiqafqaz istiqamətdə də təzahür etmiş və həmin istiqamətli morfostruktur seqmentləri əmələ gətirmişdir. Burada ən kəskin yüksəklik fərqləri mərkəzi Girdımançay-Vəlvəliçay qırılması olmaqla Qərbi Xəzər morfostruktur qovşağından qərbdə  formalaşmışdır. Relyefin morfoloji xüsusiyyətlərini nəzərə almaqla Böyük Qafqaz daxilində aşağıdakı nisbətən iri antiqafqaz:  a) Balakən-Şəki nisbətən çökmüş; b) Şəki-Qəbələ daha çox qalxmış; c) Babadağ-Dübrar qalxmış; d) Mərəzə-Siyəzən çökmüş; f) Abşeron daha çox çökmüş morfosruktur blokları ayrılır (Əlizadə, 1998).

Böyük Qafqaz dağlıq sistemindən Kür dağarası çökəkliyi ilə ayrılan Kiçik Qafqaz dağlıq sistemi Afrika-Ərəbistan tavasın Anadolu-İran mikrotavası ilə Cənubi-Qafqaz mikrotavasının toqquşma (kolliziya) zonasında inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, Kiçik Qafqaz dağlıq sistemi özüməməxsus geodinamiki inkişaf yolu keçməsi mürəkkəb tərkibli (vulkanik, vulkanik-çökmə, çökmə və s.) və müxtəlif yaşlı (erkən paleozoy- pleystosen) süxur və çöküntülərdən təşkil olunması amillərinə və  morfotektonik xüsusiyyətlərinə görə 3 hissəyə bölünür: a) Cənubi-Qafqaz mikrotavasının cənub qanadında gərgin sıxılma zonasında Murovdağ-Qarabağ dərininə qırılması ilə Ön Kiçik Qafqaz qırılması  arasında, əsasən, Löh-Qarabağ zonası strukturları üzrə formalaşmış morfostrukturları; b) Mezotetis okean hövzəsinin okean tipli yer qabığına malik olan Tutğun riftinin erkən təbaşirdən başlayaraq tədricən qapanması və   qırışıqlığa məruz qalması nəticəsində Torağayçay və Sarıbaba morfostrukturları zonası; c) Ərəbistan tavasının şimal kənar hissəsi boyu Anadolu-İran və Cənubi-Qafqaz mikrotavalarım toqquşma zonasında  baş verən sıxılma və qırışıqlıq əmələgəlmə nəticəsində formalaşan Misxana-Qafan zonasının morfostrukturları.

Bir çox müəlliflər (Geotektonika,2005)  Kiçik Qafqaz dağlıq qurşağının müasir fundamentini, litosfer tavalarının qlobal tektonikası nəzəriyyəsi nöqteyi-nəzərindən tədqiq edərək onun inkişafında bir neçə mərhələ ayırmışlar. Bu istiqamətdəki tədqiqatların nəticələrinin təhlili əsasında Kiçik Qafqazın müasir morfostrukturlarının  inkişafını iki əsas mərhələ  ayırmaq olar:

1.Materik və okean tipli yer qabığına malik olan ilkin okean morfostrukturlarının fundamentinin qoyulması (orta yura - son təbaşir) – subduksiya dövrü.

2.Morfostrukturların müasir karkasının formalaşması (son təbaşir - pleystosen) – kolliziya dövrü.

Birinci mərhələdə Anadolu-İran mikrotavasının ön şelf zonasını əhatə edən Misxana-Qafan zonasının Cənubi-Qafqaz mikrotavasının Löh-Qarabağ zonasından aralanması (spredinq) nəticəsində, okean tipli yer qabığına malik olan evgeosinklinal sistem – Tutğun rifti əmələ gəlir. Bu zaman nisbətən yüksəkliyə qaldırılmış Misxana-Qafan və Löh-Qarabağ zonaları qövsvari adalar şəklində olduqları halda dərinliyi 2000-3000m-ə çatan Tutğun rifti davamlı çökməyə məruz qalırdı.

Kiçik Qafqazın geodinamiki-morfotekonik inkişafı və morfostrukurların özülünün qoyulması bu mərhələnin ikinci yarısında (son təbaşirdə)   baş verir. Bu zaman üfüqi hərəkətlərin istiqamətinin dəyişməsi (spredinqin kolliziya ilə əvəz olunması) Löh-Qarabağ və Misxana-Qafan zonalarının bir-birinə yaxınlaşması və Kiçik Qafqaz (Tutğun) riftinin qapanması prosesi başlayır. İntensiv sıxılma, qırışıq əmələgəlmə, hetoroqen okean və materik yer qabığı süxurlarının bir-birinin üstünə gəlməsi, intensiv sahəvi və xətti vulkanizmlə müşayiət olunan bu hərəkətlər zamanı, okean tipli süxurlar sıxılaraq öz köklərindən qoparılır və xeyli uzaq məsafəyə aparılırlar. Nəticədə ofiolit tərkibli Sarıbaba və Torağayçay morfostrukturları formalaşmağa başlayırlar.

Morfostrukturların müasir karkası əsasən son təbaşirdən (santon) başlayan və indi də davam edən kolliziya prosesinin məhsuludur. Belə ki, okeanın qapanması ilə Anadolu-İran və Cənubi-Qafqaziya tavaları nəhayət birbaşa toqquşur və Misxana-Qafan zonası Löh-Qarabağ zonasının altına gömülür. Maqmatizmin, qırışıq əmələgəlmənin, üfüqi və şaquli hərəkətin gərginliyi və intensivliyi ilə səciyyələnən bu dövrdə son eosendən başlayaraq orogenez prosesi daha da güclənir və qırışıqlı-qaymalı, blokvarı, vulkanik, qovşaq, tekonik- örtük mənşəli morfostrukurlar formalaşır. Bütün bunları nəzərə alaraq Kiçik Qafqazın Azərbaycan ərazisi daxilində- Anadolu-İran və Cənubi-Qafqaz mikrotavalarının qovşaq (toqquşma) zonasında aşağıdakı bir sıra morfostruktur vahidlər ayrılır (şəkil 6.6.).

Kiçik Qafqazın intensiv sıxılmaya və qırışığa məruz qalmış horts-antiklinor, qovşaq, yüksəkliyə qaldırılmış, intensiv parçalanmış Murovdağ silsiləsi, Qarabağ-Sarıbaba qovşaq zonasının intensiv qaldırılmış və güclü differensiasiyaya uğramış horst-antiklinor (Qarabağ silsiləsi) və horst-sinklinor (Şahdağ) silsilələri, intensiv parçalanmış, assimetrik tirə və yaylalar – platolar.  Laçın morfostrukturu və Laçın-Başlıbel dərinlik qırılmasından cənub-şərqə yerləşən Anadolu-İran mikrotavasının kənar hissəsində qırışığa və sıxılmaya məruz qalan morfostrukturlar  (Hocaz, Bartaz, Əsgülüm, Qarabağ yaylası, Zənqəzur, Dərələyəz və s.). Murovdaq və Qarabağ silsilələrindən müvafiq olaraq şimalda və şərqdə yerləşən və Cənubi Qafqaz mikrotavasının cənub kənarında inkişaf etmiş heterogen morfostrukturlar (Ağdam, Umudlu, Xocavənd, Şahdağ, Başkənd- Dəstəfur, Kəpəz, Göy-göl, Şəmkir və s.).

Kiçik Qafqazın müasir relyefinin formalaşmasında həmçinin son təbaşirdən etibarən əmələ gələn antiqafqaz istiqamətli tektonik qırılmalar da mühüm rol oynamışdır. Kolliziya prosesinin, xüsusi ilə onun gücləndiyi dövrdə (eosen- pliosen və miosen – pleystosen dövrü) yer qabığının çəpinə istiqamətdə parçalanması daha da güclənmiş və nəticədə relyefdə endo- və ekzogen proseslərin inkişafında antiqafqaz istiqamətli cəhətlər güclənmişdir. Beləliklə, bu istiqamətli qırışıqlı-qaymalı, blok mənşəli müasir morfoloji xüsusiyyətləri ilə fərqlənən morfostrukturlar və seqmentlər formalaşmışdır (məs., Kəlbəcər və Qazax qraben-sinklinor çökəklikləri, Bərgüşad, Qarasu, Tərtərçay, Şəmkir-Tovuz, Şərur, nisbətən   İşıqlı-Kirs, Gəncəçay-Murovdağ, Gəncəçay-Şəmkirçay, Ordubad və s. qalxmaya məruz qalan morfostruktur seqmentləri).

Azərbaycan ərazisinin morfostrukturları içərisində onun cənub-şərqində yerləşən Talış dağlıq sisteminin morfostrukturları özünəməxsus xüsusiyyətləri ilə seçilir. Belə ki, bu dağlıq sistemi nisbətən fərqli morfotektonik zonada İran və Cənubi Qafqaz materik tipli yer qabığına malik olan mikrotavalar ilə Cənubi Xəzər subokean tipli yer qabığına malik riftin (qraben) toqquşma zonasında formalaşmışdır. Burada subduksiya və kolliziya proseslərinin gücləndiyi dövrlər (son təbaşir, paleogen-eosen) intensiv xətti və sahəvi vulkan püskürmələri, sıxılma və qırışıq əmələgəlmə ilə müşayiət olunmuşdur. Ön Talış dərininə qırılması sərhəd olmaqla Talış qovşaq dağlıq sistemi Talış-Boqrovdağ- Elburs qovşaq dağlıq sisteminin bir hissəsi olmaqla İran mikrotavasının şimal kənarında əmələ gəlmişdir. Vulkanogen və vulkanogen-çökmə süxur komplekslərindən təşkil olunmuş bu dağlıq sisteminin tərkibinə müvafiq olaraq 2000- və 1000- yüksəkliyə qaldırılmış Talış və Burovar horst-antiklinor, Peştəsər  monoklinor silsilələri və onları bir-birindən ayıran, nisbi genişlənmə zonasında əmələ gəlmiş və çökməyə məruz qalmış dağdaxili Yardımlı və Dıman-Qosmalyan sinklinal quruluşlu çökəklikləri formalaşmışdır.

Morfostrukturların Azərbaycan ərazisi daxilində inkişafında və müasir relyefin ümumi görünüşündə dağarası Kür sinlinor çökəkliyi mühüm yer tutur. Morfotektonik cəhətdən Cənubi Qafqaz materik tipli yer qabığına malik olan mikrotavaya uyğun gələn bu zona Böyük və Kiçik Qafqaz dağlıq sistemləri arasında mürəkkəb təkamül yolu keçmiş və tektonik hərəkətlərin differensial səciyyə daşıması ilə əlaqədar olaraq  burada bir sıra çökəkliklər, tirələr, alçaq dağlıq silsilələri əmələ gəlmişdir. Kür çökəkliyinin şimal hissəsində Cənubi Qafqaz və Skif mikrotavalarının toqquşma zonasında Şimali Alazan  (Qanıx) və Zənqi-Goradil qırılmaları boyu intensiv gömülməyə və sıxılmaya məruz qalan və ümumi sinklinor quruluşlu Alazan (Qanıx) -Əyriçay və Şamaxı-Qobustan zonalarının struktur çökəklikləri, tirələri, alçaq dağlıqları, platoları və s. formalaşmışdır.

Girdımançay dərəsindən (Qərbi Xəzər tektonik qırılma zonası) şərqdə və Zaqatala- Qovdaq morfostrukturlarından cənubda yerləşən Şamaxı-Qobustan morfostruktur pilləsi Böyük Qafqaz dağlıq qurşağı tərəfindən sıxılmaya nisbətən az məruz qalmışdır. Cənubi Niyaldağ və Zəngi-Goradil tektonik qırılmaları boyu 1,5–2 km-dək çökmyə məruz qalmış bu zonada tektonik örtüklər (Basqal), iri sürüşmələr və s. yayılmışdır. Nisbətən az differensiasiyaya uğramış zonada  üstəqəlmə-qırışıq mənşəli tirələr, təpələr və çökəkliklər ayrılır (Əlizadə, 2004, 2007).

Ondan cənubda   Cənubi Qafqaz mikrotavasının şimal kənarını əhatə edən Ceyrançöl-Acınohur-Ələt horst-antiklinor alçaq dağlıq silsilə və tirələri   formalaşmışdır.

Relyefin müasir xüsusiyyətləri və özülünün uzun geoloji dövr ərzində inkişafını nəzərə alaraq Kür qrabeni daxilində Qarabağ, Kürdəmir, Ön Talış, Aşağı Kür düzənlik morfostrukturları da ayrılmışdır ki, onlar da mürəkkəb geoloji tarixə və daxili quruluşa malikdir.

Müasir morfostrukturların formalaşmasının bəzi xüsusiyyətlərinin "litosfer tavaları tektonikası" nəzəriyyəsi baxımından izahı üçün bu edilən ilk cəhtlərdən biri olmaqla, heç də çox mürəkkəb quruluşa malik olan Alp-Himalay orogen qurşağının Azərbaycan hissəsinin müasir relyefinin mənşəyinin və inkişaf xüsusiyyətlərinin bütün cəhətlərini aşkarlamağa yönəldilməmişdir. Güman etmək olar ki, bu istiqamətli tədqiqatların davam etdirilməsi bununla bağlı problemlərin araşdırılmasına öz töhfəsini verəcəkdir. [3]

 

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan respublikasının coğrafiyası. I cild “Azərbaycanın fiziki coğrafiyası”.Baki, 2015, s.86 (E.K.Əlizadə, S.Ə.Tarixazər, X.K.Tanrıverdiyev, H.A.Xəlilov, A.S.Səfərov, V.A.Guluzadə, T.R.Qurbanov, Z.Ə.Həmidova).
  2. 1.Azərbaycan respublikasının coğrafiyası. I cild “Azərbaycanın fiziki coğrafiyası”.Baki, 2015, s.96 (E.K.Əlizadə, S.Ə.Tarixazər, X.K.Tanrıverdiyev, H.A.Xəlilov, A.S.Səfərov, V.A.Guluzadə, T.R.Qurbanov, Z.Ə.Həmidova).
  3. Azərbaycan respublikasının coğrafiyası. I cild “Azərbaycanın fiziki coğrafiyası”.Baki, 2015, s.79 (E.K.Əlizadə, S.Ə.Tarixazər, X.K.Tanrıverdiyev, H.A.Xəlilov, A.S.Səfərov, V.A.Guluzadə, T.R.Qurbanov, Z.Ə.Həmidova).