Azərbaycanın torpaq örtüyü—Azərbaycanda boz, sarı, şabalıdı, şoran, allüvial-çəmən, dağ-çəmən torpaqları yayılmışdır.
Allüvial-çəmən-meşə torpaqları genetik əlaqələri kifayət qədər öyrənilmişdir. Bu istiqamətdə ilkin tədqiqatların ötən əsrin birinci yarısında S.A.Zaxarov, V.P.Simirnov-Loginov və b. aparmışlar. Sonralar bu torpaqlarda H.Ə.Əliyev, M.E.Salayev, G.Ş.Həsənov və b. tərəfindən tədqiqat işləri davam etdirilmişdir[1].
Allüvial-çəmən-meşə torpaqlar Böyük və Kiçik Qafqazın quru çöllər zonasında çayların geniş subasarlarında yayılmışdır. Bu torpaqların formalaşmasında çayların gətirdiyi allüvial çöküntülərlə yanaşı, həm də qrunt suların təsiri də böyükdür. Bu torpaqlara eyni zamanda geniş massivlərə Kür və Alazan çaylarının subasar zonasının meşələri altında və Xudat ətrafı ovalığın cavan dəniz terraslarında rast gəlinir.
A1 və A2 qatları təzə gətirilmiş nazik təbəqəvari lilli çöküntülərdən ibarətdir. Profil boyu yuyulma getdiyindən qaynamır və yaxud zəif qaynayır. Seyrək seçilən qonur qonur pas ləkələri görsənir[2]. B genetik qat ağır mexaniki tərkibə malikdir. Onun pas ləkələri görünür, nəmlidir, keçidi kəskindir. BC v\ C horizontları yüngül mexaniki tərkibə malik olub, qumlu-gilli, daşlı-qumlu təzə allüvial çöküntülərdən ibarətdir. Qrunt suları zəif minerallaşmışdır. Bu torpaqlar çürüntü ilə yaxşı təmin olunmuşdur. Humusun miqdarı 6,45-7,63% arasında dəyişir. Udulmuş əsasların cəmi 100 qr torpaqda 28-30 mq.ekv zəif inkişaf etmiş növlərdə isə 15-20 m.ekv arasında dəyişir. Allüvial çəmən-meşə torpaqlar zəif qələvi mühitə malikdir. Ph-ın qiyməti 7,3-7,9 arasında tərəddüd edir[3].
Boz torpaqlar səhra və yarımsəhra torpaqları[4]; lyoss çöküntülərdən təşkil olunmuş öndağlıq və dağətəyi düzənliklər üçün xarakterikdir. Torpaq profili üzrə qatlar zəif ayrılır. Üst humus qatı açıq boz rəngdə və aşağıda karbonatlı illüvial qat yerləşir. Ana süxurda (lyoss) gipsin toplanması və 150-200 sm dərinliyində suda asan həll olan duzlar müşahidə edilir. Boz torpaq tipi Kür-Araz düzənliyində dəniz səviyyəsindən 150-200 m hündürlükdə, Naxçıvan MR-da, Mil düzündə, Cənubi Muğanda, Cənubi-Şərqi Şirvanda böyük əraziyə malikdir[5].
İqlimi kontinental olub, quru isti yayı və mülayim qışı ilə fərqlənir. Yanvar ayının orta temperaturu +2°C - (-5°C), iyul ayında isə 26°-30° C arasında dəyişir. Fəal temperatur cəmi (10° C-dən yüksək temperaturların cəmi) cəmi 4200°-4500° C (4800° C), yağıntılar illik miqdarı isə 110-232 mm arasında tərəddüd edir. Rütubətlənmə əmsalı 0,25-0,29-dir.
Humus 1,4-0,1 % təşkil edir. Karbonatlığı 6,2-1,3%-dir. Karbonatların miqdarı illüvial-karbonatlı horizontda daha yüksək qiymət alır. Udulmuş karbonatlaın miqdarı 100 qr torpaqda 18-20 mq-ekv-dən artıq olmur. Udulmuş əsasların 80-85%-ni kalsium və maqnezium təşkil edir. Torpaqlar adətən qələvi reaksiyaya malik olur. Boz torpaq tipinin daxilində açıq-boz, adi-boz, qədimdən suvarılan boz və ibtidai boz torpaqlar yarımtipləri fərqlənir.
Boz-çəmən torpaqlar qrunt və səth suları böyük təsir göstərir və bu proses adətən yarımhidromorf şəraitdə əmələ gəlir[6].
Azərbaycanda bu torpaqlar geniş yayılmış torpaq tipi olub, Kür-Araz, Samur-Dəvəçi və Naxçıvan ovalıqlarının şleyf yatımlarını, defilisasıyaya uğramış çökəklikləri əhatə edir[7]. Boz-çəmən torpaqlar keçid tipli olub quru çöllərin boz-qəhvəyi (şabalıdı) və çəmən boz-qəhvəyi (şabalıdı) torpaqları ilə daha quraq şəraitdə inkişaf edən boz torpaqlar arasındakı zolaqda yayılmışdır. Bu torpaqlardan suvarma tətbiq etməklə, əkinçilikdə istifadə olunur.
Boz-çəmən torpaqların yayıldığı ərazilər üçün isti və şaxtasız qış, quru və isti yay olan subtropik yarımsəhra iqlimi səciyyəvidir. Havanın orta illik temperaturu 12,5-14,5°C, 10°C-dən böyük olan temperaturun illik cəmi 3907-4600°, yağıntılarının illik miqdarı 215-310 mm, rütubətlənmə əmsalı 0,23-0,33 təşkil edir.
Bu torpaqların genezisində qrunt sularının səviyyəsinin böyük əhəmiyyəti vardır. Kənardan Kürboyu ovalığa doğru qrunt sularının səviyyəsi artır. Ovalıq hissəsinin qərb bölgəsində qrunt suları 3-5 m arası tərəddüd edir. Şərqə doğru qrunt sularının dərinliyi 2-3 m təşkil edir. Humusun miqdarı 2,5-3% arasında tərəddüd edir. Aşağı qatlara doğru tədricən azalır. qranulometrik tərkibcə bu torpaqlar ağır gillicəli və gilli növmüxtəlifliklər üstünlük təşkil edir. Lil hissəciklərin və fiziki gilin orta miqdarı torpağı üst horizontunda müvafiq şəkildə 23,5±2,4 və 63,5±4,1%-dir[8].
Boz-çəmən torpaqlar qrunt sularının rejimi və yerləşmə səviyyəsindən asılı olaraq aşağıdakı yarımtiplərə ayrılır:
Çəmən-bataqlı torpaqlar adətən qrunt sularının 0,5-0,7 m dərinlikdə, quraqlıq aylarında 0,1-1,5 m aşağı düşür[9].
Azərbaycanda bu torpaqlar dəniz sahilinin kənar çökək yerlərində aşağı çay terraslarında, deltaların çökək sahələrində məhdud ərazilərdə formalaşmışdır. Coğrafi cəhətdən Mil-Qarabağ, Lənkəran, Quba-Xaçmaz, Salyan və Naxçıvanın Arazboyu düzənliklərində yayılmışdır. Bu torpaqların əmələ gəlməsi və inkişafı izafi rütubətlənmə ilə sıx əlaqədardır[10]. Torpaqəmələgəlmədə bataqlıq və çəmən prosesləri bir-birini əvəz edir. Yüksək rütubətlənmə torpaqlar üst horizontlarda çəmən, alt horizontlarda isə bataqlıq xarakteri verir.
Bu torpaqlar humusla yaxşı təmin olunmuşlar. üst horizontda onun miqdarı 3,8-0,5%, təşkil edir. A+B horizontları daxilində dərinliyə doğru humusun miqdarı kəskin azalır. Anaerob şəraitdə bitki qalıqları tədricən parçalanır və parçalanmanın sonuncu məhsullarına kimi minerallaşmır.Humin turşusunun fulvo turşulara nisbəti 0,5-0,6-dən yüksək deyildir[11]. Udulmuş əsasların miqdarı kifayət qədər yüksək olub 100 qr torpaqda 31,0±4,2 mq-ekv təşkil edir. Profilin aşağı hissələrində onun miqdarı iki dəfəyədək azalır. Kür-Araz ovalığında və Naxçıvan düzənliklərində, qismən də Qanıx-Əyriçay vadisində bu torpaqların şorlaşmış variantlarına rast gəlinir. Torpaqlar zəif və orta dərəcədə şorlaşmışdır. Kimyəvi tərkibinə görə bu torpaqlar xloridli-sulfatlıdır. Qranulometrik tərkibcə isə gillidir. Profilin üst horizontu daha ağır gilli tərkibə malik olur.
Çəmən-qəhvəyi torpaqlar bu torpaqlar subtropik iqlim qurşağı daxilində, qrunt sularının rütubətləndirici təsiri altında yarımhidromorf ərazidə meşə-kol bitkiləri altında formalaşmışdır[12].
Coğrafi areal baxımından qurşaq əmələ gətirmir. Böyük və Kiçik Qafqazın dağətəyi düzənliklərində[13], Qanıx-Əyriçay vadisinin çay terraslarında, Samur-Dəvəçi ovalığında, Lənkəran vilayətinin şimalında yayılmışdır. Əksər ərazilərdə bu torpaqlar kənd təsərrüfatı dövriyyəsinə daxil edilmişdir. Çəmən-qəhvəyi torpaqların yayıldığı ərazilərin ekoloji-coğrafi xüsusiyyətləri bir çox sahələrinə görə qəhvəyi torpaqların yayıldığı ərazilərə oxşardır. Lakin hidrotermik şəraitin böyük mövsümi fərqlər səthi və qrunt rütubətlənməsi hesabına əlavə rütubətlənməyə malik olması ilə ondan seçilir. Bu torpaqların yayıldığı ərazilərdə qrunt sularının səviyyəsi çox vaxt 3-6 m dərinlikdə yerləşir. Lakin atmosfer yağıntılarının daha çox düşdüyü yaz və payız aylarında onun səviyyəsinin müəyyən qədər qalxması müşahidə olunur.
Bu torpaqlar morfoloji quruluşuna görə qəhvəyi torpaqlara oxşardır. Lakin qrunt sularının rütubətləndirici təsirinə, xürici görünüşünə görə ondan fərqlənir[14]. Xamşəraitdə bu torpaqlarda nazik çim qatı formalaşır. B2 və BC horizontlarında qleyləşmə əlamətləri olan göyümtül-pas və göyümtül-yaşıl ləkələr müşahidə edilir. A+B horizontların orta qalınlığı çox vaxt 60-70 sm təşkil edir. Qəhvəyi torpaqlarla müqayisədə çəmən-qəhvəyi torpaqlarda gilləşmə əlamətləri bir qədər zəifdir. Bu torpaqlarda humusun miqdarı 5,8-6,1%-dir. Humus humat və humat-sulvat tiplidir. Humin turşular fulvo turşulara nisbəti əksər hallarda vahidə yaxındır.Çəmən-qəhvəyi torpaqlarda üst horizontlarında karbonatlar az miqdarda olur, yaxud həmin horizontlardan tamamilə yuyulur. Bu torpaqlar yüksək udma tutumu 100 qr torpaqda orta hesabla 30,2-30,5 m-ekv təşkil edir.
Hidrotermik şəraitdən asılı olaraq aşağıdakı yarımtiplərə ayrılır:
Şabalıdı torpaqlar yarımsəhra və quru çöl torpaqları olub[15], qara torpaqlara nisbətən humus qatının qalınlığı azlığı ilə fərqlənirlər. Bu torpaqlara şabalıdı ad verilməsi, onun rənginin yetişmiş şabalıd meyvəsinin rənginə oxşamasıdır. Bu torpaqlar məhsuldar torpaqlardır, lakin yay vaxtı quru zonada rütubət çatışmazlığından məhsuldarlıq bu torpaqlarda aşağı düşür.
Azərbaycanda şabalıdı (boz-qəhvəyi) torpaqlar ən geniş yayılmış torpaq tipidir. Bu torpaqlar dağətəyi və alçaq dağlıq qurşaqda Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında, Gəncə-Qazax massivində, Qarabağın aran hissəsində, Qobustanda və Naxçıvan MR-da rast gəlinir.
Bu torpaqlarda humusun miqdarı isə 2-5% arası dəyişir. Tünd şabalıdı torpaqlarda bu göstərici 3,5-5%, şabalıdı torpaqlarda 3-4% və açıq şabalıdı torpaqlarda isə 2-3% arasında tərəddüd edir[16]. Şabalıdı torpaqlar əsaslarla doymamışdır, bütövlükdə profil karbonatlıdır və torpaq məhlulunun mühiti isə qələvidir.
Quru yarımsəhra iqlim tipinin hakim olduğu ərazilərdə yayılmışdır. Burada yağıntılar az, temperatur isə nisbətən yüksək olması müşahidə olunur. Temperaturun yüksək olduğu üçün burada üzvi maddələrin sürətli minerallaşması prosesi aktivdir.
Şoran torpaqlar tərkibində kənd təsərrüfatı bitkilərinin inkişafında mane ola biləcək miqdarda suda asan həll olan duzlar toplanmış torpaqlara şoran torpaqlar deyilir. Üst qatların duzlarla zəngin olması bu torpaqların səciyyəvi xüsusiyyətləridir[17].
Zonal daxili torpaqlar kimi şoran torpaqlar zonal torpaqlar fonunda Azərbaycanın düzənlik, həm də səhra-çöl zonasında daha geniş yayılmışdır. Bu torpaqlar Azərbaycan ərazisinin 1,3-1,5%-ni əhatə edir. Mil-Qarabağ, Muğan-Salyan, Şirvan düzlərində, Samur-Dəvəçi ovalığı, Naxçıvanın Arazboyu düzənliklərində, Abşeronda yayılmışdır. Şoranlıq qərbdən Xəzərin sahillərinə doğru çoxalır[18].
Azərbaycanın şoran torpaqlarının duz toplanmanın xarakterindən və şəraitindən asılı olaraq iki genetik tipi fərqləndirilir - avtomorf və hidromorf şoranlar.