Azərbaycan Respublikası ərazisinin tektonik quruluşunun mürəkkəbliyi alp geotektonik mərhələsində Ərəbistan və Skif mikrotavalarının bir-birinə doğru hərəkəti və onların toqquşması ilə əlaqədar olaraq yaranmışdır.[1]
Ərazinin əsas tektonik vahidləri burada Böyük Qafqaz, Kiçik Qafqaz, Talış, Kür, Ön Qafqaz, Cənubi və Orta Xəzər meqastrukturları ilə təmsil olunmuşdur. Böyük Qafqaz şimal-şərqdə Qusar-Dəvəçi kənar çökəkliyi ilə Siyəzən, cənubda Kür çökəkliyi ilə Alazan-Həftəran-Ələt, Kiçik Qafqaz isə həmin çökəkliklə Ön Kiçik Qafqaz tektonik çatları ilə sərhədlənir. Çatların çoxu ümumqafqaz (şimal-qərb–cənub-şərq), bir hissəsi köndələn (şimal-şərq–cənub-qərb), bəziləri isə meridional istiqamətdə uzanır və ərazini müxtəlif ölçülü bloklara ayırır. Ön Qafqaz çökəkliyi meqastrukturu Azərbaycan daxilində Qusar-Dəvəçi çökəkliyi ilə təmsil olunmuşdur.[1]
Böyük Qafqaz meqastrukturuna, əsasən, mezozoy yaşlı və müxtəlif tərkibli süxurlardan təşkil olunmuş Təngi-Beşbarmaq, Sudur, Şahdağ-Xızı, Tufan, Zaqatala-Qovdağ və Vəndam tektonik zonaları daxildir.[1]
Kür depressiyası, əsasən, pliosen-dördüncü dövr terrigen-molass çöküntüləri ilə doldurulmuş Orta Kür, Aşağı Kür və Alazan-Həftəran vadisindən və Acınohur qırışıqlığından ibarətdir. Həmin çöküntülərin altında mezozoyun çökmə, vulkanogen-çökmə və vulkanogen süxurlarından təşkil olunmuş bir sıra gömülmüş tektonik strukturlar mövcuddur.[1]
Kiçik Qafqaz meqastrukturu ümumqafqaz istiqamətli Lök-Qarabağ, Göyçə-Həkəri, Misxana-Qafan və Orta Araz struktur-formasiya zonalarını təşkil edən Şəmkir, Murovdağ, Ağdam, Qarabağ, Dərəkənd, Laçın, Köhnətağlar, Qafan, Zəngəzur, Şərur antiklinal və Qazax, Daşkəsən, Ağcakənd, Ağdərə, Torağay, Xocavənd, Sarıbaba, Naxçıvan, Ordubad sinklinal quruluşlu strukturlardan təşkil olunmuşdur. Meqastrukturun əsas xüsusiyyətlərindən biri burada okean tipli Yer qabığının (ofiolit kompleksi süxurları) mövcudluğudur.[1]
Talış aşağı dərəcəli meqastrukturu, əsasən, paleogen və neogenin vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş Cəlilabad və Yardımlı-Lerik sinklinal, Burovar və Astara antiklinal quruluşlu tektonik bloklardan ibarətdir.[1]