Azərbaycan Metrologiya İnstitutu

Azərbaycan Metrologiya İnstitutu — publik hüquqi şəxs — 10 fevral 2017-ci ildə ləğv edilən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. İnstitut dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını, bu etalonlardan kəmiyyət vahidlərinin ötürülməsini, ölkədə aparılan ölçmələrin tələbəta uyğun dəqiqliyini təmin edən və bu sahədə dövlətin funksiyalarını yerinə yetirən yeganə milli xidmət orqanıdır.

Azərbaycan Respublikası ərazisində ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyəti Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs həyata keçirir. İnstitutun tabeliyində tempratur, kütlə, elektrik, təzyiq, sıxlıq, mayenin kinematik özlülüyü, vaxt və tezlik kəmiyyət vahidləri, eləcə də ionlaşdırıcı şüalanma və radioaktivlik üzrə 8 dövlət ilkin etalon laboratoriyası, bunların tərkibində ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini yerinə yetirən digər laboratoriyalar fəaliyyət göstərir.

İnstitut əhalinin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi və təhlükəsizliyi məqsədilə yerinə yetirilən ölçmələrin dəqiqliyini beynəlxalq tutuşdurmalar əsasında yoxlayır. Ölkədə şüa terapiyası sahəsində dəqiq ölçmələr etməklə geoloji kəşfiyyat, səhiyyə, inşaat və tikinti sahələrində elmi-tədqiqat institutlarında dozimetrik, radiometrik və rentgen diapazonunda işləyən cihazların yoxlanılmasını və kalibrlənməsini həyata keçirən yeganə laboratoriyaya sahibdir.

Qurumun Qanunverici metrologiya struktur bölməsi ölçmə vasitələrinin tipinin təsdiqi və xarici ölkələrdə təsdiq edilmiş tipin respublikada tanınmasını, həmçinin ölçmə vasitələrinin dövlət reyestrinin aparılması xidmətini göstərir. Metrologiya sahəsinin normativ hüququ bazasının yaradılması, təkmilləşdirilməsi və beynəlxalq hüquqi normalara uyğunlaşdırılması üzrə işləri həyata keçirir.

İnstitut tərəfindən verilən yoxlama şəhadətnamələri və kalibrlənmə sertifikatları beynəlxalq səviyyədə tanınır.

— Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılıb.[1]

— Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılıb. Komitə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini həyata keçirib.[2]

2012-ci il 04 aprel tarixli fərmanla Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yanında dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən Dövlət Metrologiya Xidməti yaradılıb.[3]

— 10 fevral 2017-ci il tarixli fərmana əsasən ləğv edilən Dövlət Metrologiya Xidmətinin bazasında Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs yaradılıb.[4]

— Prezident İlham Əliyevin 2018-ci il 20 aprel tarixli sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Ləğv edilmiş Komitənin metrologiya sahəsi üzrə səlahiyyətləri Azərbaycan Metrologiya İnstitutuna verilib.[5]

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Metrologiya İnstitutu PHŞ-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

· dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (və yaxud yaradılması) qorunub saxlanılması, tutuşdurulması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin təmin edilməsi

· işçi etalonların və ölçmə vasitələrinin kalibrlənməsinin həyata keçirilməsi və müvafiq sertifikatın verilməsi

· kəmiyyət vahidinin ötürülməsi ilə yanaşı, təsərrüfat subyektləri ilə bağlanmış müqavilə əsasında dövlət tənzimlənməsinin müvafiq sahələrinə aid olan ölçmə vasitələrinin müqayisəli yoxlanılması və müvafiq şəhadətnamənin verilməsi

· ölkəyə idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğunun təsdiqinin tanınması məqsədilə təqdim olunan sənədlərin metroloji ekspertizasının keçirilməsi

· ölçmə vasitələrinin tipinin təsdiqi məqsədilə sınaqların keçirilməsi və dövlət reyestrinin aparılması

· ölçmə metodikalarının (metodlarının) attestasiyadan keçirilməsi

· tibb və ya əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə təsdiqedici sənədin verilməsi

· beynəlxalq və regional Metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək

· Metrologiya üzrə beynəlxalq və regional təşkilatlarda təmsil olunmaq

· "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən, ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə nəzarət edilməsi

Beynəlxalq təşkilatlarla əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

İnstitut metrologiya sahəsi üzrə beynəlxalq və regional təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir:

· Çəkilər və Ölçülər üzrə Baş Konfrans CGPM

· Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat OIML

· Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı COOMET

· Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələrinin Dövlətlərarası Şurası МГС

Azərbaycan Metrologiya İnstitutu PHŞ "Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrlənmə sertifikatlarının qarşılıqlı tanınması haqqında" Beynəlxalq Sazişə (CIPM MRA) imza atıb.

İnsitut Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə AEBA və İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutu ilə SMIIC sıx əməkdaşlıq edir.

Regional bölmələr

[redaktə | mənbəni redaktə et]

Respublikanın Aran, Qərb, Şimal, Şimal-qərb və Cənub bölgələrində İnstitutun 5 regional bölməsi fəaliyyət göstərir.

  1. "Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli fərmanı". https://e-qanun.az/. 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-21.
  2. "Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı". http://metrology.az/. 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-21.
  3. "2012-ci il 04 aprel tarixli fərman". https://e-qanun.az/. 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-21.
  4. "10 fevral 2017-ci il tarixli fərman". https://e-qanun.az/. 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-21.
  5. "Prezident İlham Əliyevin 2018-ci il 20 aprel tarixli sərəncamı". https://e-qanun.az/. 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-21.