Azərbaycan Milli Mərkəzi (Azərbaycan)

Azərbaycan Milli MərkəziBakıda yaradılıb və fəaliyyət göstərən gizli təşkilat.

Azərbaycan Milli Mərkəzi
Məmmədhəsən Hacınski

Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin[rus.] "Azərbaycan Milli Mərkəzinin işi" adı altında apardığı istintaq işinə görə, bu mərkəz sovet hakimiyyətini devirərək, müstəqil Azərbaycan Respublikası qurmaq məqsədilə 1924-cü ildə Bakıda yaradılmışdı. Mərkəzə ziyalılar, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin keçmiş nazirləri və üzvləri, "Müsavat" və "İttihad" partiyalarının nümayəndələri rəhbərlik edirdilər. İstintaqa görə "AMM" gələcək müstəqil Azərbaycan Respublikası üçün iqtisadi baza yaratmaq məqsədilə hakim partiya və dövlətin şüarlarından öz xeyrinə istifadə etməli idi. "AMM" ilk mərhələdə əməli fəaliyyətini sənaye və kənd təsərrüfatının bütün sahələri üzrə milli kapitalın yerləşdirilməsi məsələsinə yönəltmişdi. Sovet hakimiyyətinin özünü məhv edəcəyinə və yenidən doğulacağına olan bütün ümidlərin itdiyi bərpa dövrü başa çatdıqdan sonra mərkəzin fəaliyyət taktikası fəal mübarizəyə və sənayenin birbaşa dağıdılmasına yönəldilmişdi. İstintaq işinə görə "AMM"in fəaliyyətinin ikinci dövrü üsyançı dəstələr yaratmaq, Azərbaycan diviziyasının milli hissələrində hərbi təşkilat yaratmaq və s. yollarla sovet hakimiyyətini devirmək uğrunda silahlı mübarizə dövrüdür. "AMM" sovet hakimiyyətinə qarşı birgə mübarizə aparmaq üçün "Birləşmiş Zaqafqaziya Komitəsi" yaratmış, "Müsavat" və "İttihad" partiyaları ilə birləşmişdi. Dağıstanda sovet hakimiyyətinə qarşı mübarizə aparan təşkilatla və kəndli partiyası ilə də əlaqə yaradılmışdı. "AMM" öz fəaliyyətində Parisdə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi "Qafqaz Siyasi Mühacirlərinin Birləşmiş Komitəsi" və Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat"ın İstanbul bürosunun siyasi məramnamələrini rəhbər tutmuşdur. "AMM-in işi" üzrə hazırlanmış ittihamnamədə 53 nəfərin adı çəkilir.[1].

Sovet Azərbaycanında yeridilən ayrı-seçkilik siyasəti, azərbaycanlılara inamsızlıq, dövlət və hakimiyyət orqanlarına işə götürülən zaman qeyri-azərbaycanlılara, xüsusən, ermənilərə üstünlük verilməsi narazılığa səbəb olan əsas amillər idi. "AMM"in əsas siyasi platforması sovet hakimiyyətini devirmək, yalnız bundan sonra baxışlardakı fikir ayrılıqlarını çözmək idi.

Mərkəzin müxtəlif filialları var idi. Mərkəzin rəhbərliyi altında sənaye, kənd təsərrüfatı, nəqliyyat, ideoloji, üsyançı dəstələr hazırlayan qəza komitələri, hərbi təşkilatlarda, xüsusən Azərbaycan diviziyasında işləyən hərbi qrup fəaliyyət göstərirdi.

1928-ci ilin əvvəllərində Parisdəki siyasi mühacir mərkəzlərinin göstərişi əsasında yaradılmış Qafqazın Müstəqilliyi Komitəsinin analoji forması kimi Zaqafqaziya Birləşmiş Komitəsi yaradıldı. Komitəyə Azərbaycandan — Məmməd Həsən Hacınski, Məhəmməd Xəlilov və Cəfər bəy Rüstəmbəyov, Gürcüstandan — Çiçinadze və Alşibay, Ermənistandan — TerQazaryan və İ. Arutyunov daxil idilər. "AMM" İstanbuldakı və Parisdəki türk siyasi mühacirləri vasitəsilə maliyyə köməyi alırdı. Maliyyə yardımı "AMM"-ə qeyri-leqal yolla çatdırılırdı. "AMM" azərbaycanlı gənclər və ziyalılar arasında milli dirçəlişə nail olmağa çalışırdı. "AMM"ın qarşıya qoyduğu əsas vəzifələrdən biri də partiya-sovet aparatında milli kadrların yerləşdirilməsi idi.

"AMM" yeni iqtisadi siyasət (NEP) siyasətinin təsiri nəticəsində sovet hakimiyyətinin məhv olacağının "qaçılmazlığın"a ümid bağlayaraq, ittifaq maraqlarına qarşı çıxır və gələcək Azərbaycanın maksimum iqtisadi təminatına nail olmaq məqsədilə milli kapitalın möhkəmləndirilməsi üçün tədbirlər görürdü. Təşkilatın planına elektrikləşdirmə ilə bağlı Azərbaycanın müstəqil milli energetika bazasını yaratmaq vəzifəsi daxil idi. "AMM" nəqliyyat sahəsində də fəal iş aparırdı. Mərkəzin əsas məqsədi, ilk növbədə, Naxçıvanla iqtisadi əlaqə saxlanılmasında böyük əhəmiyyəti olan Bakı — Culfa dəmir yolu tikintisinin başa çatdırılması idi. Nuxa — Zaqatala, Şuşa — Qaryagin, Şuşa — Qubadlı şoselərinin salınması da diqqət mərkəzində idi.[1]

Kəlbəli Xan Naxçıvanski

İstintaq materiallarından aydın olur ki, "AMM" Qərbi Avropa ölkələrinə, xüsusilə İngiltərəyə daha çox meyl göstərirdi. Bu meyl İstanbuldakı və Parisdəki Azərbaycan mühacir mərkəzlərinin fəaliyyəti ilə və göstərişləri əsasında formalaşmışdı. "AMM"in Mərkəzi Komitəsi vardı. MK-nın əsas vəzifəsi Parisdəki və İstanbuldakı mühacir mərkəzləri ilə, Ermənistan və Gürcüstandakı həmfikirləri ilə fəaliyyətlərini tənzimləmək üçün Zaqafqaziya Birləşmiş Komitəsi ilə, "Müsavat" və "İttihad" partiyaları ilə, Moskvadakı "Sənaye" və "Kəndli" partiyaları ilə əlaqə saxlamaq, üsyan zamanı fəaliyyətlərini tənzimləmək üçün Dağıstandakı antisovet təşkilatlarla müntəzəm əlaqə saxlamaqdan ibarət idi. Milli Mərkəzin xarici mühacirət mərkəzləri ilə əlaqəsi 1926-cı ildə keçmiş mühacir Yaqub Vəzirovun İstanbuldan qayıtmasından sonra yaradılmışdı. Xaricdəki mühacirət mərkəzləri ilə yanaşı, onların Ərdəbil və Təbriz filialları ilə də əlaqə saxlanılırdı. İstintaq materiallarına görə bu filiallar Paris və İstanbuldan gələn tapşırıqların çatdırılmasında ötürücü məntəqə funksiyasını yerinə yetirirdilər. Ərdəbil qrupuna siyasi mühacirlər Qafar Qafarov və Cəfər Cəfərov, Təbriz qrupuna Azərbaycan Xalq Cümhuriyyəti dövründə dəmir yol idarəsinin rəisi olmuş Teymur bəy Məlik-Aslanov və Kəlbalı xan Naxçıvanski daxil idilər.

"AMM" MK rəhbərliyinin tərkibinə Məmməd Həsən Hacınski (Zaqafqaziya Dövlət Plan Komitəsinin sədr müavini), Xudadat bəy Məlik-Aslanov (Dövlət Plan Komitəsinin sənaye bölməsinin müdiri), Firuz bəy Ordubadski (ASSR DPK sədrinin müavini), Əhməd bəy Pepinov (DPK-nın məsul işçisi), Rza Şabanov (DPK-nın kənd təsərrüfatı bölməsinin müdiri), Çingiz İldırım, Məhəmməd Xəlilov (ZSFSR XTNS sədrinin müavini), Məhəmməd Mullayev (ASSR XTNS rəyasət heyətinin üzvü), Zeynal Tağıyev (V. İ. Lenin adına fabrikin keçmiş müdiri), Ələsgər bəy Bəylərbəyov (Bakı Sovetinin və "Azsutəsərrüfatı"nın keçmiş mühəndisi) və Mirzə Lətif Mirzəyev daxil idilər. Onlar bütün sahələri əhatə edən qruplarla əlaqə saxlayırdılar.

Fəaliyyətinə son qoyulması

[redaktə | mənbəni redaktə et]

1931-ci il sentyabrın 30-da Azərbaycan SSR Dövlət Siyasi İdarəsi kollegiyasının məhkəmə iclasında, 1932-ci il fevralın 2-də isə Tiflisdə Zaqafqaziya DSİ kollegiyası yanında məhkəmədə "Azərbaycan Milli Mərkəzinin işi"nə baxılmış, onun fəaliyyətinə son qoyulmuş, üzvləri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum olunmuşlar.[1]

  • Elşad Qoca, Sibir dərsi, B., 2000.
  1. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı 2004. s. 186