Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası

Məhkəmə-Hüquq ŞurasıAzərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin və hakimlərin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin (bundan sonra — "hakim vəzifəsinə namizədlər") seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan.

Məhkəmə-Hüquq Şurası
  • Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi fevral 2005
Tabelik yoxdur
Ünvan Bakı, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Rəhbərlik
Aparat rəhbəri Kərəm İsa oğlu Mansurov

Rəsmi saytı jlc.gov.az

Məhkəmə-Hüquq Şurası 2005-ci ilin fevral ayından fəaliyyətə başlamışdır. 15 nəfərdən ibarət olan Şura əsasən hakimlərdən (9 nəfər) formalaşmış, eyni zamanda onun tərkibinə hakimiyyətin digər qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorluğun və vəkilliyin nümayəndələri daxil olmuşlar.

Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir. Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir

Məhkəmə-Hüquq Şurası Aparatı
[redaktə | mənbəni redaktə et]

Məhkəmə-Hüquq Şurasının iclaslarının hazırlanmasına dair təşkilati işlərin həyata keçirilməsi, şuranın iclas protokolunun aparılması, şuranın qəbul etdiyi qərarların icrası, habelə şuranın səlahiyyətləri ilə bağlı digər məsələlərin həll edilməsi üçün Məhkəmə- Hüquq Şurasının Aparatı yaradılır.

Məhkəmə-Hüquq Şurası Aparatının statusu Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının statusuna bərabər tutulur. Aparatın fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşları dövlət qulluqçusudurlar. Məhkəmə-Hüquq Şurası öz aparatının strukturunu və ştat vahidlərini dövlət büdcəsindən şuraya ayrılmış vəsait hüdudlarında müəyyən edir.

Məhkəmə-Hüquq Şurasının Tədris Sektoru
[redaktə | mənbəni redaktə et]

Hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq 2007-ci ildə Məhkəmə-Hüquq Şurasının nəzdində yüksək məhkəmə hakimlərindən ibarət Hakimlərin və Dövlət Ittihamçılarının Tədris Sektoru yaradılmış, bu sahədə beynəlxalq normaların tələbləri əsas götürülmüşdür.

2007-ci ildə fəaliyyətə başlamış sektor yuxarı instansiya məhkəmələrinin 3 hakimindən və 1 prokurordan ibarət tərkibdə yaradılmışdır. Sektor tərəfindən tədris könüllülük prinsipi əsasında həyata keçirilir, həmçinin təlim proqramları hakimlərin arzusu nəzərə alınmaqla tərtib edilir.

Belə ki, tədris kurslarının proqramları hazırlanarkən hakimlərlə sorğular keçirilir, onların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilir və müxtəlif sahələr üzrə hazırlanan proqramlar məhz bu ehtiyaclara uyğun tərtib edilir.

Hakimlər iştirak etmək istədikləri davamlı tədris kursunun proqramını da təqvim planına uyğun olaraq özləri seçirlər.

Eyni zamanda yeni qanunvericiliyə əsasən hakimliyə namizədlərin ilkin uzunmüddətli tədrisə cəlb edilmələri nəzərdə tutulmuşdur. İl ərzində davam edən həmin kursun tədris proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanır, proqrama insan hüquqlarının qorunması, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair mövzular daxil edilir.

Kurs çərçivəsində hakimliyə namizədlərin nəzəri biliklərinin artırılması ilə yanaşı, onların müxtəlif məhkəmələrdə staj keçmələri də nəzərdə tutulur.

Kurslarda yuxarı instansiya məhkəmələri hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin mühazirələri dinlənilir.

Hakimlərin Seçki Komitəsi
[redaktə | mənbəni redaktə et]

Hakimlərin Seçki Komitəsi "Məhkəmə-Hüquq Şurası haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılır və vakant hakim vəzifələrini tutmaq istəyən hakim olmayan şəxslərin sənədlərini qəbul edir, bu şəxslərlə hakim peşəsinə yiyələnmək məqsədilə tədris kurslarına qəbul edilmək üçün şəffaf surətdə yazılı və şifahi imtahanlar təşkil edir, hakim vəzifəsinə namizədləri tədris müəssisəsində ilkin uzunmüddətli tədris kurslarına cəlb edir, müsahibə yolu ilə onların hakim olmağa peşə yararlılığını müəyyən edir.

Məhkəmə-Hüquq Şurasının vəzifələri

[redaktə | mənbəni redaktə et]
  • Məhkəmə-Hüquq Şurası aşağıdakı vəzifələri həyata keçirir:
  • məhkəmələrin təşkil olunmasına dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verir (olduğu yer, ərazi yurisdiksiyası və hakimlərin ümumi sayı); [6]
  • hakim vəzifəsinə namizədlərin seçilməsi işini təşkil edir;
  • hakimlərin fəaliyyətini və məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin məhkəmə fəaliyyətinin təşkili ilə bağlı işini qiymətləndirir;
  • hakimlərin iş yerinin dəyişdirilməsinə, onların vəzifədə irəli çəkilməsinə, səlahiyyət müddətinin uzadılmasına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin, apelyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin sədrləri istisna olmaqla təyin olunmuş hakimlər sırasından Azərbaycan Respublikası məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsinə, habelə bu şəxslərin vəzifədən azad edilməsinə və ya digər vəzifəyə keçirilməsinə dair məsələləri müzakirə edir;
  • hakimlərin öz razılığı ilə 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apelyasiya instansiyası məhkəmələrində "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilməsinə, zərurət olduqda, ezam edilmiş hakimin razılığı ilə ezam edilmə müddətinin yenidən 2 ilədək uzadılmasına dair məsələləri müzakirə edir;
  • ezam edilmiş hakimi özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə əvvəl işlədiyi vəzifəyə qaytarır;[7]
  • hakimlərin peşə səviyyəsinin yüksəldilməsi, hakim vəzifələrinə namizədlərin hazırlanması üçün tədbirlər görür;
  • ilkin uzunmüddətli tədris kurslarına göndərilmiş hakim vəzifəsinə namizədlərin maddi təminatını həyata keçirir;
  • hakimlərin müstəqilliyinin təmin edilməsi və məhkəmələrin işinə kənar müdaxilələrin qarşısının alınması üçün tədbirlər görür;
  • məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatını həyata keçirir;
  • məhkəmələrin maddi-texniki təchizatı və maliyyələşdirilməsi üzrə təkliflər verir;
  • Hakimlərin Etik Davranış Kodeksini təsdiq edir;
  • hakimlərin vəsiqələrinin nümunələrini təsdiq edir;
  • hakimlərin təltif olunması, mükafatlandırılması və intizam məsuliyyəti məsələlərinə baxır;
  • hakimlərin səlahiyyətlərinə xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi barədə müraciətlərə baxır;
  • "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş halda hakimlərin səlahiyyətlərinə xitam verir, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 1-ci və 3–5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda, hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir;
  • daxil olmuş ərizə və şikayətlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinin qərarlarından verilmiş şikayətlərə baxır;
  • qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]