Azərbaycan Respublikası Milli Təhsil Muzeyi

Xalq Təhsili Muzeyi — Bakı şəhərində yerləşən təhsil muzeyi.

Xalq Təhsili Muzeyi
Xəritə
Əsası qoyulub 1932
Mövzu Təhsil
Ölkə
Yerləşir Azərbaycan, Bakı
Telefon (012) 496-64-88, (012) 496-64-87
40°21′47″ şm. e. 49°49′54″ ş. u.HGYO

XKS-nin 27 aprel 1932-ci il tarixli, 651 nömrəli qərarına əsasən 1930-cu ildə təşkil edilmiş pedaqoji sərginin və Pedaqoji muzeyin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinin fəaliyyətinin əsas məqsədi qədim zamanlardan etibarən müasir dövrə qədər Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirmək, bu sahədə elmi-axtarış işi aparmaq, bütövlükdə fasiləsiz təhsil sisteminin bütün pillələrində qazanılmış uğurların, təhsilin yetirdiyi ən görkəmli şəxsiyyətlərin fəaliyyətini təbliğ etməkdir. Muzeyin təbliğat fəaliyyətinin spesifik forması olan ekspozisiyasında müxtəlif dövrlərdə maarifin və bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin, pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsini, müxtəlif növ təhsil müəssisəsinin yaranmasını, qadın təhsilinin inkişafını, bu sahədə aparılan islahatları və təhsilə dövlət qayğısını əks etdirən sənəd və materiallar, nadir dərs vəsaitləri və ləvazimatları, müxtəlif illərə dair dərslik və proqramlar, bütün növ qabaqcıl təhsil müəssisəsinin, o cümlədən məktəbdənkənar müəssisələrin fəaliyyəti və iş təcrübəsi, tədris müəssisələrində istifadə edilən texniki-tədris vasitələri, müəllim, şagird və tələbələrin əl işləri, əyani vəsaitlər, albomlar, maketlər, hədiyyələr və s. nümayiş etdirilməsinin təhsil tarixinin öyrənilməsi və təbliğində müstəsna əhəmiyyətə malikdir.[1] Muzey xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin kommunistlər tərəfindən əlindən alınan şəxsi evində yerləşirdi.[2]

Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa riayət edən ekspozisiyası altı salonda yerləşdirilmişdir.

  • Muzeyin birinci salonunda qədim zamanlardan başlayaraq Azərbaycanda pedaqoji fikir və təhsil tarixini əks etdirən sənəd və materiallar, Azərbaycanda VIII əsrdən XX əsrin 20-ci illərinədək ibtidai məktəb və mədrəsələrdə dərs kitabı kimi istifadə olunmuş XVIII əsrə aid İslam dininin müqəddəs kitabı "Qurani-Kərim" saxlanılmaqdadır. Bundan əlavə, burada müxtəlif dövrlərdən qalma mürəkkəb qabları, "Qurani-Kərim"in saxlama qabı, "Qurani-Kərim"lər, M. T. Sidqinin 1894-cü ildə Naxçıvanda təşkil etdiyi məktəbdən xatirə qalmış qələmdan nümayiş etdirilir.[3]
  • II salon XIX əsrin sonu, XX əsrin əvvəllərində təhsil,
  • III salon 1918–40-cı illərdə təhsil,
  • IV salon ali və orta ixtisas təhsilinin inkişafı,
  • V salon 1941–45, 1946–80-ci illərdə uşaq evləri, internat-məktəblərin yaranması və inkişafı, ümumtəhsil, texniki peşə məktəblərinin fəaliyyətinə dair sənəd və materialları əhatə edir.
  • Muzeyin VI salonu (böyük salon) müstəqillik illərində Azərbaycanda təhsilin inkişafına həsr olunmuş və üç bölmədən ibarətdir.
  • Azərbaycan dövləti və hökumətinin təhsilə göstərdiyi diqqət və qayğı VI salonun ekspozisiyasının əsas istiqamətidir. Salonda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı naminə fəaliyyətini əks etdirən "Heydər Əliyev və təhsil", Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sahəsində genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi qayğını təcəssüm etdirən materiallar nümayiş etdirilir. Salonun ikinci bölməsində müstəqillik illərində, bütövlükdə Azərbaycan təhsil sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar, statistik məlumatlar, nəşr nümunələri, yeni dərsliklər, maketlər və digər eksponatlar nümayiş etdirilir. Həmin bölmədə Təhsil Nazirliyinin fəaliyyətini əks etdirən sənəd və materiallara, hədiyyələrə xüsusi yer ayrılmışdır. Burada həmçinin pedaqoji kadrlara göstərilən qayğıya və Azərbaycan müəllimlərinin XI–XIII qurultaylarına dair materiallar da nümayiş olunur. Salonun üçüncü bölməsində nümayiş etdirilən sənəd və materiallar məktəbdənkənar müəssisələrə, uşaq, yeniyetmə və gənclərin mənəvi və estetik tərbiyəsinə həsr edilmlşdir. Vitrinlərdə uşaq, yeniyetmə və gənclərin hazırladıqları tətbiqi sənət nümunələri, müxtəlif əl işlərinə yer verilmişdir. Azərbaycan təhsilinin təbliğində muzeyin fond materiallarından ekspozisiyada maksimum istifadə edilməsinin, fondda elmi araşdırma və elmi tədqiqatlar aparılmasının, müxtəlif mövzularda səyyar və stasionar sərgilərin təşkil edilməsinin, tədqimat mərasimləri, elmi konfrans və seminarların keçirilməsinin mühüm rolu vardır.

Muzeyin ekspozisiyası ilə tanış olmaq məqsədilə ABŞ, Almaniya, Polşa, Hindistan, Suriya, Yəmən, Ukrayna, Gürcüstan, Türkiyə və başqa xarici ölkələrin elm və mədəniyyət xadimləri, İSESKO-nun Baş katibi, xarici ölkələrin Azərbaycandakı səfirləri, Litva Respublikasının təhsil və elm naziri, Avropa Şurasının nümayəndələri və digər xarici qonaqlar gəlmişlər. Eləcə də respublikamızın görkəmli elm və mədəniyyət xadimləri, ümumtəhsil, texniki peşə məktəblərinin şagirdləri, ali təhsil müəssisələrinin tələbə və müəllimləri müntəzəm olaraq muzeyə ekskursiyaya gəlirlər. Ekspozisiya ilə tanış olmaq məqsədilə muzeyə gələn qonaqlar öz təəssüratlarını rəy kitabında qeydlərində açıqlamış, Azərbaycan təhsil tarixinin təbliğində Təhsil Muzeyinin müstəsna əhəmiyyətini vurğulamışlar[4].

Muzeyin fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fəaliyyətdə olduğu illər ərzində muzey kollektivinin səyi nəticəsində xalq maarifinin inkişafına dair çox zəngin materiallar muzey fondunda toplanıb sistemə salınmışdır. Toplanmış hər bir sənəd, material və eksponat haqqında məlumatlar muzey fondunun xüsusi qeydiyyat kitabına salınıb, muzey texnikasına müvafiq şəraitdə qorunub saxlanılır. Muzeyin zəngin fondu və kitabxanasında əsas və elmi-köməkçi fond daxil olmaqla minlərlə sənəd, neqativ, fotoşəkil, dərslik və metodik ədəbiyyat toplanmışdır. Onların arasında nadir biblioqrafik ədəbiyyatlar da vardır. Fond və kitabxana materiallarından pedaqoji fikir və maarifçilik tarixi ilə məşğul olan tədqiqatçılar, təhsil və mədəniyyət işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kinematoqrafiya işçiləri, eləcə də digər mütəxəssislər istifadə edirlər. Bir çox elmi əsərlərin işıq üzü görməsində və pedaqogika sahəsində çalışan alimlərin yetişməsində Təhsil Muzeyinin də xidmətləri vardır. 1962–1997-ci illərdə muzeydə valideynlər üçün "Ailə və məktəb" və yuxarı sinif şagirdləri üçün "Hər şeyi bilmək istəyirəm" pedaqoji bilikləri yayan Xalq Universiteti fəaliyyət göstərmiş və apardığı işə görə keçmiş İttifaq miqyasında təşkil edilən baxışlarda I və II dərəcəli diplomlarla təltif edilmişdir. Muzeyin iş təcrübəsi əsasında 1986-cı ildə Bolqarıstanın Qabrova şəhərində Milli Təhsil Muzeyi yaradılmışdır.[5]

  1. "Muzeylər". 2017-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-25.
  2. "Təhsil muzeyi ölkəmizin təhsil tarixi məbədidir". anl.az. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
  3. "Azərbaycan təhsili". edu.gov.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
  4. "Təhsil tariximizi yaşadan mədəniyyət ocağı". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  5. "Təhsil muzeyi". kataloq.gomap.az. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.