Azərbaycan Respublikasının Təhlükəsizlik Konsepti

Giriş[redaktə | mənbəni redaktə et]

Ümumilikdə, "Giriş" hissəsindən, "Təhlükəsizlik mühiti", "Azərbaycan Respublikasının milli maraqları", "Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər", "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri" adlı dörd bölmədən və "Yekun müddəalar"dan ibarət olan Konsepsiya, sənədin "Giriş" hissəsində də bildirildiyi kimi, dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avratlantik məkana inteqrasiyasını, bununla yanaşı tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur. Konsepsiyaya əsasən, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti deyildikdə, onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusu başa düşülür. Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması ölkəmizin hazırkı təhlükəsizlik mühitində və milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində əsas amil hesab edilir. Sənəddə, eyni zamanda, respublikanın təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğunun dövlət qarşısında müəyyən vəzifələr qoyduğu da bildirilir.

Milli maraqlar[redaktə | mənbəni redaktə et]

Konsepsiyanın "Azərbaycan Respublikasının milli maraqları" bölməsində xalqımızın fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət olan milli maraqlarımız aşağıdakı kimi sıralanır: - dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi; - Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi; - vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması; - demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmini yolu ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin qorunması; - beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi; - bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədi ilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması; - təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, təhsil, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi; - dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi; - Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi.

Milli təhlükəsizliyə təhdidlər[redaktə | mənbəni redaktə et]

Konsepsiyanın "Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər" bölməsində respublikamızın milli təhlükəsizliyinə təhdidlərdən söz açılır və bu təhdidlər "Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər", "Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət", "Separatçılıq, etnik, siyasi və dini ekstremizm", "Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması", "Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq", "Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət", "Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq", "İqtisadi qeyri-sabitlik", "Peşəkar insan ehtiyatlarının çatışmazlığı", "Regional hərbiləşdirmə" və "Ekoloji problemlər" adları altında qruplaşdırılır.

Təhlükəsizlik siyasətinin əsas istiqamətləri[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri" bölməsində bildirilir ki, suveren dövlət kimi Azərbaycan Respublikası daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri kimi, təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Avropa və Avratlantik strukturlarına inteqrasiya, beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional əməkdaşlıq və ikitərəfli münasibətlər (region ölkələri ilə əməkdaşlıq, qeyri-region ölkələri ilə əməkdaşlıq), müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi (demokratiyanın möhkəmləndirilməsi, milli və dini tolerantlıq mühitinin qorunması, elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması, iqtisadi və sosial inkişaf, daxili təhlükəsizliyin möhkəmləndirilməsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, miqrasiya siyasəti, enerji təhlükəsizliyi siyasəti, nəqliyyat təhlükəsizliyi siyasəti, fövqəladə idarəetmə, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi, informasiya təhlükəsizliyi siyasəti) göstərilir. Konsepsiyanın "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri" bölməsinin 4.2-ci bəndində ("Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi") Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin ölkənin milli maraqlarını təmin etmək üçün əsas amillərdən biri olduğu qeyd olunur və bildirilir ki, dövlətimizin müdafiə siyasəti milli resurslara və mövcud təhlükəsizlik vəziyyətinə əsaslanan, demokratik nəzarət altında olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə və saxlanmasına əsaslanır. Konsepsiyaya əsasən, Azərbaycan Respublikasının milli müdafiə siyasətinin əsasını bütün ölkələrlə dinc yanaşı yaşama, digər dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət və onların daxili işlərinə qarışmama, mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, hərbi quruculuqda konkret qüvvələr nisbətini nəzərə almaqla zəruri müdafiə kifayətliliyi məfhumunun dəstəklənməsi təşkil edir.

Milli müdafiə siyasətinin əsas məqsədləri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının milli müdafiə siyasətinin əsas məqsədləri aşağıdakılardan ibarətdir: - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və bütün əraziləri üzərində nəzarətin təmin olunması; - xarici hərbi təcavüzün qarşısının alınması və dəf edilməsi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə və səfərbərliyə hazırlıq səviyyəsində saxlanılması; - NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramının müvafiq mexanizmlərində iştirakının davam etdirilməsi, NATO dövlətləri və digər tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əsaslara söykənən ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığın həyata keçirilməsi; - Azərbaycan Respublikasının müdafiə sahəsində öz üzərinə götürdüyü beynəlxalq hüquq öhdəliklərinin yerinə yetirilməsi; - müvafiq tədbirlərin həyata keçirilməsi yolu ilə beynəlxalq təhlükəsizliyə töhfə. Konsepsiyaya əsasən, Azərbaycan Respublikasının müdafiə siyasəti, əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrlə mərkəzləşdirilmiş rəhbərliyin vəhdəti və bu fəaliyyətə demokratik nəzarətin təmin olunması, Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması sisteminə qarşı hərbi təhdidlərin vaxtında aşkarlanması və qiymətləndirilməsi və hərbi sahədə milli təhlükəsizliyin təmin olunması üçün qüvvə, vasitə və ehtiyatların zəruri kifayətliliyi, onların müvafiq planlaşdırılması və istifadəsi prinsiplərinə söykənir. Hərbi sahədə milli təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədi ilə müdafiə sahəsində dövlətin praktiki fəaliyyəti mühüm hərbi vəzifələri, ehtimal olunan müharibə və hərbi münaqişələrin xüsusiyyət və məqsədinin qiymətləndirilməsi, mümkün təhlükənin miqyasını, ölkənin hərbi sahədə təhlükəsizliyinə təhdid olan hərbi və siyasi qüvvələrin və digər amillərin yerini, silahlı qüvvələrin təşkili prinsiplərini və mümkün təcavüzün qarşısını almağa hazırlıq yollarını müəyyən etməkdən ibarətdir. Milli müdafiə siyasətinin mühüm elementlərindən biri iqtisadiyyat və müdafiə arasında optimal qarşılıqlı nisbətin bərqərar edilməsi və milli müdafiə sənayesinin inkişaf etdirilməsidir. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda hərbi-siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin və əməkdaşlığın hər cür inkişafı müstəsna əhəmiyyət kəsb edir. Avratlantik məkanın təhlükəsizlik sisteminə inteqrasiya, NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədi ilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən hesab olunur. Ölkə ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Azərbaycan Respublikası Konstitusiyasının tələbidir ki, bu da bütün vasitələrlə təmin olunmalıdır. Bu məqsədlə Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr səlahiyyətləri daxilində öz vəzifələrini həyata keçirirlər. Dövlətin Silahlı Qüvvələri və başqa silahlı birləşmələri Azərbaycan Respublikasının Konstitusiyasında, qanunlarında, digər normativ hüquqi aktlarda, beynəlxalq humanitar hüquq sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş hüquq və vəzifələri yerinə yetirir. Konsepsiyanın "Yekun müddəalar"ında bir daha vurğulanır ki, bu Konsepsiya Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir və dövlətin milli maraqlarının qorunması məqsədi ilə müvafiq dövlət strukturlarının üzərinə xüsusi vəzifələr qoyur və bu kontekstdə onların əlaqələndirilmiş fəaliyyətini zəruri edir. Eyni zamanda, Konsepsiya ölkənin daim dəyişən təhlükəsizlik mühitini, Azərbaycan Respublikasının milli maraqlarını və təhlükəsizlik siyasətinin əsas istiqamətlərini müəyyən edir. "Yekun müddəalar"da həmçinin Konsepsiyanın hərbi doktrina, xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi konsepsiya, mədəniyyət, elm, təhsil, səhiyyə və nəqliyyat strategiyaları da daxil olmaqla, dövlət fəaliyyətinin müxtəlif sahələri ilə bağlı daha müfəssəl sənədlərin hazırlanması üçün əsas olduğu da qeyd edilir.

Heydər Əliyev və Azərbaycanının milli təhlükəsizlik siyasəti[redaktə | mənbəni redaktə et]

XX əsrin sonunda müstəqillik əldə etməsi Azərbaycanın həm dövlət quruluşunda əsaslı dəyişikliklərin həyata keçirilməsini, yeni sosial-iqtisadi və ictimai-siyasi münasibətlərin formalaşmasını şərtləndirdi, həm də ona davamlı olaraq öz təhlükəsizliyinin qayğısına qalmaq kimi daimi bir məsuliyyət bəxş etdi. Müstəqil dövlətçilik maraqlarının təmin edilməsi tələbləri, yeni geosiyasi aktorlarla birbaşa ünsiyyətin yaranması, tamamilə fərqli bir təhlükəsizlik mühitinə daxil olması, iqtisadi, ictimai, siyasi münasibətlərin demokratiya, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı yoluna çıxması və s. yeniliklər Azərbaycanda şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinə dair yeni-yeni yanaşmaların, proqram və konsepsiyaların yaradılması zərurətini ortaya çıxardı. Bütün bunlar Azərbaycan hökumətini və onun müvafiq məsul şəxslərini ölkənin milli maraqlarının və təhlükəsizliyinin əsas vəzifə və tələblərinə uyğun gələn Milli Təhlükəsizlik Konsepsiyasını (MTK) formalaşdırmağa məcbur etdi. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin nəzəri əsaslarını müəyyən edən təhlükəsizlik konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırılması üçün ölkənin müvafiq qurumlarına düz 15 il lazım gəldi. MTK-nın qəbul olunmasından əvvəl Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2004-cü ildə "Milli təhlükəsizlik haqqında" qanun qəbul olunmuş və respublika Prezidentinin 2004-cü il 29 iyun tarixli sərəncamı ilə təsdiq olunmuşdur.

Bu qanun özündə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin milli təhlükəsizlk təliminin və siyasətinin əsas prinsiplərini, məqsəd və vəzifələrini əks etdirmiş və gələcək MTK-nın yaradılmasını şərtləndirmişdir.

Milli Təhlükəsizlik Konsepsiyası ölkənin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində uzunmüddətli strateji vəzifə və prioritetləri özündə əks etdirən konseptual sənəd hesab olunur. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycan Prezidentinin 2007-ci il 23 may tarixli sərəncamı ilə təsdiq olunmuş və fəaliyyət üçün əsas götürülmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin milli maraqlarla bağlı dövlət siyasətini formalaşdırarkən bir çox iqtisadi, siyasi, ideoloji, coğrafi, mədəni və digər amilləri, daxili siyasi maraqları, müxtəlif milli, etnik, sosial-siyasi və s. qüvvələrin mənafelərini, beynəlxalq aləmin mümkün reaksiyalarını, ulu öndər Heydər Əliyevin təhlükəsizliklə bağlı zəngin nəzəri irsini nəzərə alaraq, ölkə vətəndaşlarının milli iradəsini və dövlətin ali təhlükəsizlik maraqlarını rəhbər tutmuşdur. Girişdən, dörd bölmədən və yekun müddəalardan ibarət olan MTK XXI əsrdə ölkənin milli maraqlarının təmin olunması ilə bağlı hakimiyyət strukturlarının bəzi fəaliyyət istiqamətlərini müəyyən edir və milli təhlükəsizlik sahəsində dövlət siyasətinin normativ-hüquqi bazasını təkmilləşdirir. Azərbaycan Respublikasının müstəqilliyə qovuşduqdan sonra — 1991-ci ildən başlayaraq milli təhlükəsizliyinin əsas məqsədləri, milli maraq çərçivəsinin müəyyən edilməsi və təmin olunması, milli təhlükəsizlik siyasətinin vəzifələrinin, mexanizmlərinin, metod və vasitələrinin tapılması və s. haqqında müxtəlif dövlət qurumları səviyyəsində, akademik dairələrdə və ictimai-siyasi institutlarda rəsmi və qeyri-rəsmi müzakirələr başlandı. Əlbəttə, milli inkişaf strategiyasının, milli maraq dairəsinin, ölkənin təhlükəsizliyinin əsaslarının müəyyən olunması və lazımi səviyyədə təşkili, onun təhlükəsizlk çərçivəsinin, geosiyasi kodunun yaradılması və milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi və s. mühüm dövləti vəzifələrin həlli — yenicə müstəqillik qazanmış və milli təhlükəsizlik sistemi hələ kifayət qədər möhkəmlənməmiş bir dövlət üçün düşünüldüyü qədər də asan iş deyildi. Qeyd edək ki, keçmiş Sovetlər Birliyinin dağılması bir çox nəzəri-hüquqi anlayışlarda olduğu kimi, "təhlükəsizliyin təmin olunması" ifadəsinə də əsaslı düzəlişlər etdi. Məlum oldu ki, ümumiyyətlə "təhlükəsizlik" anlayışı mürəkkəb sosial hadisə kimi konkret-tarixi xarakter daşıyır və "təbiət-insan-cəmiyyət" sistemində qarşılıqlı təsirin digər formaları və istiqamətləri ilə sıx bağlıdır. Dövlətin təhlükəsizlik siyasətinin əsas məqsədi xarici aləmlə təmas zamanı ölkənin həyati əhəmiyyətli milli maraqlarını qorumaq və yüksək səviyyədə təmin etməkdən ibarətdir. Dövlətin milli maraqları, milli təhlükəsizliyi və planetar nüfuzu həm beynəlxalq hüququn subyekti kimi dünyada nəzərə alınır, beynəlxalq qurumlar tərəfindən qorunur, həm də dövlətin özünün daxili və xarici resurslarının köməyi ilə təmin olunur.




[[https://web.archive.org/web/20170721204704/http://elibrary.bsu.az/ Arxivləşdirilib 2017-07-21 at the Wayback Machine]] [[1]]