Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi.[1][2][3][4]

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetin bəyannaməsi
İmzalanma tarixi 1991 30 avqust
Təsdiqlənib 1991 30 avqust
Orijinal dil Azərbaycan dili
İmzalanma yeri Bakı şəhəri
Müəllif Azərbaycan Ali Soveti
İmzalayanlar Bəyannamə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında qəbul edilmişdir.
Məqsədi Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək.

1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir.

Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi:[5]

" Azərbaycan Respublikasının Ali Soveti qərara alır: Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul olunsun. "

Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.

Bəyannamənin mətni

[redaktə | mənbəni redaktə et]

Bəyannamənin mətni belə idi:[5][6]

" Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya qanunlarına əsaslanaraq, Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək, milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq, Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq, respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək, Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək, SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək, beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir. "
  1. "Azərbaycanın dövlət müstəqilliyi - 20" (PDF). 2021-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-18.
  2. "18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür". 2018-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-18.
  3. "Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsindən 25 il ötür". 2018-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-18.
  4. "18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-18.
  5. 1 2 Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa Arxivləşdirilib 2022-07-24 at the Wayback Machine etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi Arxivləşdirilib 2022-07-24 at the Wayback Machine
  6. "Müstəqillik haqqında Bəyannamə". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]