Azərbaycan SSR-də sənayeləşdirmə xətti

Azərbaycan SSR-də sənayeləşdirmə xətti - Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyata keçirilən sosialistcəsinə yenidənqurma siyasətinin əsas istiqamətlərindən biri.

Azərbaycan SSR-də sənayeləşdirmə xəttinin həyata keçirilməsi zərurəti

[redaktə | mənbəni redaktə et]

1925-ci ilin sonlarına yaxın müttəfiq respublikalarda, o cümlədən Azərbaycan SSR-də əsasən I Dünya müharibəsindən əvvəlki səviyyə bərpa olundu. Yeni iqtisadi siyasət azad iqtisadiyyatın, işgüzarlığın və təsərrüfat təşəbbüskarlığının inkişafına şərait yaratdı. Buna baxmayaraq, ölkə texniki və iqtisadi cəhətcə olduqca geri qalırdı. Sənayenin müasir sahələrini yaratmaq, ölkənin elmi-texniki potensialını yüksəltmək lazım idi. Beləliklə, ölkənin sənayeləşdirilməsini inkişaf etdirmək zəruriyyəti meydana çıxmışdı. Cəmiyyətin ictimai-iqtisadi, maddi həyatının obyektiv tələblərinə uyğun yeniləşdirilməsi zərurəti ilə əlaqədar olaraq, 1925-ci ilin dekabrında ÜK(b)P XIV qurultayı SSRİ-də sənayeləşdirmə xəttini götürdü. Lakin bunun üçün öz yığımı olmayan ölkə "sosialist sənayeləşdirməsinə" iqtisadiyyatı inzibati-amirlik yolu ilə nizamlamaq, kəndi istismar etmək, fəhlə əksəriyyətinin "inqilaba və sosializmə" hədsiz inamı və ruh yüksəkliyi hesabına gedirdi.

Sənayeləşdirmənin başlanması

[redaktə | mənbəni redaktə et]

Sənayeləşdirmə bütün xalq təsərrüfatının "sosialistcəsinə" yenidən qurulması, fəhlə sinfinin artmasına şərait yaranması, onun zəhmətkeş kəndlilərlə ittifaqının möhkəmlənməsi və şəhərlə kəndin istehsal əlaqəsi üçün əsas açar hesab olunurdu.

Bütün müttəfiq respublikalarda yeni sənaye müəssisələrinin tikintisinə başlandı. Sosialist sənayesinin yeni nəhəngləri, Dnepr su-elektrik stansiyası, qüdrətli maşınqayırma və avtomobil zavodları, Türküstan-Sibir dəmir yolu ("Türksib") və s. meydana çıxdı.

Sənayeləşdirmə, keçmiş çar Rusiyasının müstəmləkələri olmuş digər milli respublikalarda olduğu kimi, Azərbaycanda da iqtisadi-texniki geriliyi aradan qaldırmaqda həlledici rol oynamalı idi.

Neft sənayesinin inkişafı

[redaktə | mənbəni redaktə et]

Bir çox sənaye sahələrinin tam bərpası əslində 1927-ci ilə qədər uzanır və onlarla yanaşı, yeni sənaye müəssisələri, ilk növbədə neft sənayesi müəssisələri yaradılması prosesi gedirdi.

Neft sənayesinin sonrakı inkişafı üçün Azərneftin yanında ilk dəfə geoloji-kəşfiyyat bürosu yaradıldı. Neftli sahələrin ardıcıl olaraq öyrənilməsinə başlandı. Balaxanı-Sabunçu rayonunda kəşfıyyat quyuları qazmaqla Kirməki və Kirməkialtı laylarda zəngin neft yataqları aşkar edildi. Yeni neft yataqlarının mənimsənilməsinə başlandı. Təcrübəli fəhlələrin təşəbbüsü ilə (buruq ustası İsazadə və N.Buniyadov)[1] Balaxanı-Sabunçu rayonunda, "Saldat bazarı" adlanan yerdə ilk sovet mədəni yaradıldı. Onun yaradılmasında buruq ustaları A.Səlimov və Q.Səlimov, dartayçılar Seyfulla Oruc və İsmayıl Əli və b. fərqləndilər. Əgər 1922-ci ilin mayında birinci sovet mədənində cəmisi iki neft quyusu vardısa və ayda 15 min pud neft verirdisə, üç ildən sonra onlar 66 olub, 1,5 milyon pud neft verirdi.[2]

Hələ 1922-ci ildə Bibiheybət buxtasında dənizdən fəth edilmiş sahədə yeni mədən-"İliç buxtası"nı yaratmaq üçün başlanmış iş daha da sürətləndi. 1923-cü ilin mayında orada ayda 49 min pud neft verən iki neft buruğu var idisə, 1925-ci ilin mayında hasilatı 912 min pud neft olan 19 quyu işləyirdi. Beləliklə, Bakı ətrafında yeni neft buruqları meşəsi salınmağa başladı.

1926-cı il fevralın 3-də Q.Musabəyov (sədr), H.Sultanov, D.Bünyadzadə və başqalarından ibarət respublikanın sənayeləşdirilməsi komissiyası yaradıldı.[3] Komissiyanın yanında xammal və fəhlə qüvvəsi, sənaye, elektrik stansiyaları və sairənin təşkili şöbələri yaradıldı. Komissiyaya təcili surətdə sənayeləşdirmə planı hazırlamaq tapşırıldı. 1926-cı ilin mayında Azərbaycan SSR-in sənayeləşdirilməsinin beşillik inkişaf proqramı məsələsi AK(b)P MK plenumunda müzakirə edildi. Həmin planda, hər şeydən əvvəl, neft sənayesinin gələcəkdə daha güclü inkişafı və texniki cəhətcə yenidən qurulmasının başa çatdırılması, eləcə də yeni toxuculuq kimya və sənayenin başqa sahələri üzrə yeni müəssisələrin tikilməsi nəzərdə tutulurdu. Azərbaycan qəzalarında yeni sənaye ocaqlarının yaradılmasına xüsusi əhəmiyyət verilirdi. Onlar gələcəkdə Azərbaycanın simasını dəyişdirməli və onu qabaqcıl sənaye respublikasına çevirməli idi.

1926-cı ilin sentyabrında Azərbaycan MİK-nin IV sessiyası Gəncədə yeni güclü toxuculuq fabrikinin, Zurnabadda su-elektrik stansiyasının və yeni suvarma kanallarının tikilməsini nəzərdə tutan inkişaf planını təsdiq etdi.[4] Sessiya hökumətə respublikanın elektrikləşdirilməsi planını hazırlamağı tapşırdı.

Azərbaycanın sənayeləşdirilməsinin özünəməxsusluğu ondan ibarət idi ki, burada onun əsas və aparıcı sahəsi tarixən yaradılmış neft sənayesi idi. Əsas sərəncam verən Mərkəz Azərbaycanda "qara qızıl" çıxarılması sürətinin artırılmasında daha çox maraqlı idi. Çünki neft sənayesi Sovet İttifaqının sosialist sənayeləşdirilməsi planının ən mühüm tərkib hissəsi idi. O, ölkənin xalq təsərrüfatının bütövlükdə inkişafı üçün həlledici əhəmiyyətə malik olub, iqtisadi cəhətcə xeyirli və effektli idi. Buna görə də sənayeləşdirmənin ilk illərində əsas diqqət Azərbaycanda neft sahəsinin inkişafına verilmişdi. Digər tərəfdən bu onunla əlaqədar idi ki, ölkənin eyni zamanda bütün sənaye sahələrini inkişaf etdirmək üçün kifayət qədər vəsait yox idi, ona görə də ən tez gəlir verən sahələrə seçmək lazım gəlirdi.

Beləliklə, Azərbaycan qəzalarının sənayeləşdirilməsi məhdud idi və ləng gedirdi. Sənayenin inkişafında respublikanın mərkəzi ilə rayonları arasında ənənəvi uyğunsuzluq hələ də qalmaqda idi.

Azərbaycan neftinin Ümumittifaq, "beynəlmiləl" əhəmiyyətini daim vurğulayan sovet hökuməti, ilk növbədə neft sənayesini maliyyələşdirirdi. Sənaye cəhətdən geri qalmış Azərbaycan qəzaları onu maraqlandırmırdı. 1926/27-ci ildə SSRİ neft sənayesi üçün nəzərdə tutulmuş 150,5 milyon manat ümumi məbləğin yarıdan çoxu (83 milyon man.) SSRİ Əmək və Müdafiə Şurasının 24 dekabr 1926-cı il tarixli qərarı ilə Azərneft üçün ayrıldı.

Neft sənayesini yeni sahələrdə neft yataqları ilə təmin etmək üçün Abşeronun müxtəlif yerlərində - Zığda, Qaradağda, Putada kəşfiyyat quyularının qazılması genişləndirildi.[5] Artıq 1926-cı ildə Putada, 1928-ci ildə isə Neftçalada ilk qıryu istismara buraxıldı. 1928-ci ildə isə Qaraçuxurda birinci neft quyusu qazılmışdı.

Azərneftin yeni neft emalı müəssisələri yaradılırdı. 1926-cı ildə Bakıda ilk krekinq zavodun tikintisinə başlandı, 1927-ci ildə Vano Sturua adına neftayırma zavodu (indiki Azərbaycan Neft-Yağ İstehsalı Birliyi), yeni borulu ağ neft-benzin zavodu, Zığda karbid zavodu istismara verildi.[6]

Neft sənayesinin istehsal bazasının yenidən qurularaq fırlama üsulu ilə quyu qazımağa keçilməsi, neftin qapalı, dərinlik nasosları ilə çıxarılması müxtəlif sənaye avadanlıqlarına böyük tələbat yaratdı. Ağır sənayenin mühüm sahələrindən biri olan maşınqayırmanı texniki cəhətcə yenidən qurmaq tələbi meydana çıxdı. Respublikanın L.Şmidt (indiki Səttərxan), Dzerjinski (indiki Suraxanı maşınqayırma zavodu), "Bakı fəhləsi" adına əsasən neft avadanlıqları hazırlayan maşınqayırma müəssisələri xeyli müvəffəqiyyət qazandılar. Onlar texnikanın yenilikləri ilə təchiz olunmuş güclü dəzgahlar və aqreqatlara malik idi. Levinson və Xatisov zavodları əsasında yaradılmış L.Şmidt adına zavodda on tonluq marten sobası 1924-cü ildə işə salındı. Alət və prokat sexləri yenidən quruldu. Fəhlələrin sayı 1920-ci ildə 30 nəfərdən, beş ilə 1172-yə çatdı.[7]

Zavod fırlama-qazıma dəzgahları və dərinlik nasosları istehsalına yiyələndi. 1923-cü ildə SSRI-də ilk dəfə burada bucurqad (ağırlıq qaldıran mexanizm) hazırlandı.[8] 1924-cü ildə ölkədə ilk dəfə dərinlik nasosları buraxıldı və onların ardıcıl istehsalına başlandı. Bunun zavoddakı bir günlük istehsal həcmi 1925-ci ilin avqustunda 8-10 ədədə çatdırıldı, 1927-ci ildə isə burada SSRİ-də ilk poladəridən qövsvari elektrik sobası işləməyə başladı.

1926-cı ildə Suraxanıda işə düşən[9] Dzerjinski adına mexaniki zavod (indiki Suraxanı maşınqayırma zavodu) sovet mühəndislərinin yaratdığı yeni dərinlik nasosu buraxmağa başladı.[10]

Bu nailiyyətlərin nəticəsində xaricdən gətirilən neft sənayesi avadanlığının xüsusi çəkisi xeyli azaldı. Əgər 1924-cü ilin mayında Bakının bütün neft sənayesi avadanlığının 54 faizi xaricdən gətirilirdisə, 1927-ci ildə bu, 27 faizə endi, qalan 73 faizi isə SSRİ-nin neft avadanlığı istehsal edən zavodlarından gətirilirdi. Bunun 33 faizi Bakı neft maşınqayırma müəssisələrinin payına düşürdü.[11] Bakı maşınqayıranlarının fədakar əməyi artıq 1929-cu ildə dərinlik nasoslarının xaricdən gətirilməsinə son qoydu.[12]

Elektrikləşdirmə xətti

[redaktə | mənbəni redaktə et]

Elektrikləşdirmə sahəsində də yeni işlər görülürdü. 1923-1924-cü illərdə Gəncədə, Qubada, Zaqatalada yeni elektrik stansiyaları işə salınmışdı.[13] Naxçıvanda, Göyçayda, Xankəndində isə onların tikilməsinə başlanmırdı.[14] O zaman qəzalarda artıq 11 elektrik stansiyası var idi. 1924-cü ilin iyununda, hətta Zaqatala qəzasının Qax kəndində də xüsusi elektrik stansiyası işə düşdü və o, Azərbaycanda elektrikləşdirilmiş ilk kənd oldu. İlk elektrik işığı 1922-ci il sentyabrın 15-də Qazaxda, dörd aydan sonra isə Ağdaşda yandı.[15] 1924-1927-ci illərdə Şuşa, Lənkəran, Naxçıvan, Nuxa və digər yerlərdə 19 elektrik stansiyası tikilmiş və yenidən bərpa olunmuşdu.[16][17]

Sənayenin digər sahələrinin texniki cəhətdən yenidən qurulması

[redaktə | mənbəni redaktə et]

Azərbaycan SSR AXTŞ-yə tabe olan sənayedə də texniki cəhətdən yenidənqurma prosesi gedirdi. Buna səbəb respublika sənayesinin inkişafı üçün kapital qoyuluşunun artması idi. 1926/27-ci ildə ona qoyulan xərclər 631,1 min manatdan 7 milyon 370 min manata qalxmışdı.[18] Həmin ildə sənayenin digər sahələrini də inkişaf etdirmək planına başlanılmışdı. 1926-cı il oktyabrın 20-də AK(b)P MK-sı sənayeləşdirmə üzrə komissiyanın bu sahədə əməli təkliflərini təsdiq etdi. Azərbaycan SSR AXTŞ-yə Gəncə toxuculuq fabrikinin tikintisini başa çatdırmaq, elektrik, baramaaçan və balıqçılıq sahələrinin inkişafını təmin etdirmək tapşırığı verildi.[19]

Güclü sənaye yaratmaq böyük kapital qoyuluşu tələb edirdi. Sosialist yığımının əsas mənbələri milliləşdirilmiş sənaye və dövlət ticarəti, nəqliyyat, bank sistemi, kəndlilərin əmək məhsuldarlığının artırılması, eləcə də əhalinin vəsaiti hesabına dövlət istiqrazından gələn gəlirlər idi. Sənayeləşdirməyə yönəldilən lazımi vəsaitin yığılması üçün ölkədə çox ciddi qənaət rejimi qurmaq, möhkəm istehsalat nizam-intizamı yaratmaq, səmərələşdirməni yaymaq, məhsulun maya dəyərini azaltmaq, səmərəli olmayan xərcləri ləğv etmək lazım idi. Bunların əvəzində isə bütün istehsal vasitələrinin Mərkəzin əlində cəmləşməsinə əsaslanan inzibati-amirlik sistemi güclənirdi.

1926-cı ilin aprelində UIK(b)P MK və MIK bütün partiya təşkilatlarına, nəzarət komissiyalarına, partiyanın bütün üzvlərinə "Qənaət üsulu uğrunda mübarizə haqqında" müraciət qəbul etdi. Azərbaycanda da qənaət üsulu uğrunda mübarizə başlandı. 1926-cı ilin mayında partiya aparatında respublikanın dövlət idarələrində və sənaye müəssisələrində səmərələşdirmə işi aparan Mərkəzi komissiya yaradıldı.[20] Bakı Partiya Komitəsi 1926-cı ilin avqustunda sentyabrın 1-dən qənaət üsulu kampaniyası keçirməyi qərara aldı. Həmin ilin axırına yaxın artıq Bakının müəssisə və idarələri üzrə ümumi qənaət 2 milyon 500 min manata çatmışdı. Azərneft müəssisələri 1,828 min manat, Xəzər gəmiçiliyi 64 min manat, Bakı soveti 300 min manat, Azərbaycan SSR AXTŞ və onun müəssisələri 247 min manat qənaət etmişdi.[21]

Bərpa dövrünün sonuna yaxın respublikanın AXTŞ-nin ixtiyarında olan dövlət sənayesi də müasir texnika əsasında yenidənqurma mərhələsinə daxil oldu. Bakıda yeni yüngül və yeyinti sənayesi müəssisələri fəaliyyətə başladı. 1927-ci ildə çörək zavodu, bir il sonra isə Əli Bayramov adına tikiş fabriki, kiçik tikiş emalatxanalarının birləşdirilməsi əsasında Volodarski adına fabrik (indiki A.Bakıxanov adına tikiş kombinatı) yaradıldı ki, bununla da Azərbaycanda iri tikiş sənayesinin əsası qoyuldu. 1924-cü ildə Bakı "Qırmızı Oktyabr" və "III İnternasional" tütün fabrikləri bir böyük müəssisədə birləşdirildi. Böyüdülmüş "Qırmızı Oktyabr" fabriki yenidən təchiz olundu və elektrikləşdirildi.

İstehsalın səmərələşdirilməsi məhsulun artmasını təmin edirdi. Belə ki, əgər Azərbaycanda pambıq parça istehsalı üzrə yerli sənayenin ümumi məhsulu 1920/21-ci ildə cəmisi 2,2 milyon manat idisə, 1925/26-cı ildə 7,3 milyon manat oldu.[22]

Azərbaycanda keçmişdən irs qalmış iqtisadi geriliyi ləğv etrnək üçün qəzalarda sənaye ocaqlarının yaradılmasının mühüm rolu var idi. 1924-cü ildə tikilməyə başlayan və 1925-ci ilin aprelində başa çatdırılan, Azərbaycanda yun sənayesinin özülünü təşkil edən mahud fabriki Gəncədə 350 fəhləsi və aylıq istehsal gücü 30 min arşın mahud olan ilk iri sənaye müəssisəsi idi. Tambovun "Muravey" mahud fabrikinin köhnə, 1906-cı ildə hazırlanmış avadanlığı əsasında qurulan bu müəssisə getdikcə müasir texnika əsasında qurularaq öz istehsal gücünü artırırdı. 1926/27-ci ildə fabrikin avadanlığının yenidən qurulması üçün xaricdən, başlıca olaraq Almaniyadan 194 min alman markası dəyərində avadanlıq alınmışdı. 1925-ci il avqustun 1-də Azərbaycan SSR MİK-in qərarı ilə "Qırmızı Azərbaycan" adlanan Gəncə mahud fabriki 1926-cı ildə 1,4 milyon manatlıq məhsul istehsal edirdi.[23] 1926-cı ildə Gəncədə dəyəri 4 milyon manat olan yağ-piy zavodu tikildi. Elə həmin vaxt iki min dəzgah və 66 min iyi olan yeni Gəncə əyirici toxucu fabrikinin tikintisinə başlandı. 1925-ci il martın 30-da Azərbaycan XKS inşaatına üç milyon manat ayrılmış bu müəssisənin tikilməsi üzrə xüsusi komitə yaratmağı qərara aldı.[24] Bu kombinatın birinci növbəsi və pambıqtəmizləmə zavodu 1928-ci ildə işə düşdü.

Nuxada baramaaçan fabriklər yenidən quruldu. 1927-ci ilin sonlarında kiçik fabriklər əsasında altı iri müəssisə işləyirdi. Burada yeni iri ipək emalı fabriki tikilirdi, bu tikintiyə rəhbərlik etmək üçün hökumət tərəfindən xüsusi tikinti komitəsi yaradılmışdı. Xankəndində baramaaçma fabriki tikilirdi 1926/27-ci ildə Ucarda və Yevlaxda pambıqtəmizləmə zavodları tikildi. Lənkəranda (1927-ci il) və Ordubadda (1928-ci 1 konserv zavodları fəaliyyətə başladı.

  • Azərbaycan SSR-in sənayesi. Bakı, 1961.
  • Aslanov S.R. Sovet Azərbaycanı sənaye respublikasıdır. Bakı, 1971.
  • Ахвердова С.Г. Развитие нефтяного машиностроения советского Азербайджана. Баку, 1977
  • Dilbazov Ə.K. Azərbaycan SSR-də sosialist sənayesinin yaranması və inkişafı. Bakı, 1974.
  • Əliyev Ə.P. Sovet hakimiyyəti illərində Azərbaycan neft sənayesinin inkişafı. Bakı, 1957.
  • Əliyev S. Azərbaycanda neft sənayesinin inkişafı tarixindən. Bakı, 1960
  1. Киров СМ. Избранные статьи и речи (1912-1934). М., 1957
  2. Обзор Азербайджанской нефтяной промышленности за пять лет национализации 1920-1925 гг. Баку, 1925, səh. 34
  3. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və Ictimai Hərəkatlar Arxivi, f. 1, s. 74, i. 156, v. 1, 11.
  4. Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra - ARDA), f. 379, s. 16, i. 49, v. 140-141.
  5. Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra - ARDA), f. 2, s. 22, i. 22, v. 1
  6. Газета "Бакинский рабочий", 19, 28 августа 1924 г.
  7. 15 лет нефтяной промышленности Советского Азербайджана (1920-1935 гг.). Краткий стат. справочник, стр. 14, 63.
  8. С.М.Лисичкин. Очерки развития нефтедобывающей промышленности СССР. М., 1958,
  9. А.Амиров. Прогресс индустрии. Баку, 1970
  10. Обзор Азербайджанской нефтяной промышленности за пять лет национализации 1920-1925 гг. Баку, 1925
  11. Н.И.Николаевский. Вопросы экономики нефтяной промышленности СССР. Исторический очерк. М., 1938,
  12. Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra - ARDA), f. 1393, s. l, i. 658, v. 436
  13. Газета "Заря Востока", 26 июля 1923 г.
  14. Краткий обзор материалов к докладу Закавказского правительства Зак. ЦИК VIII созыва. Тифлис, 1926,
  15. .Газета "Бакинский рабочий", 15 июня 1924
  16. Sovet Azərbaycanının iqtisadiyyatı sosializmin əsaslarının qurulması dövründə, səh. 100;
  17. S.B.Quliyev, Q.Ə.Mədətov, A.A.Nadirov. Sovet Naxçıvanı, Bakı, 1984, səh. 60.
  18. С.Р.Асланов. В борьбе за Ленинский план индустриализации, Баку, 1965,
  19. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və Ictimai Hərəkatlar Arxivi, f. 1, s. 74, i. 197, v. 62-73
  20. Газета "Бакинский рабочий", 12 мая 1926 г
  21. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi, f. 1, s. 74, i. 52, v. 106.
  22. Основные показатели народного хозяйства Азербайджанской ССР, Баку, 1936,
  23. Газета "Бакинский рабочий", 1 мая 1925 г
  24. Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f.275, s. l,i. 248, v. 375.