Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti (azərb-kiril. Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј’әти) — 1937–1990-cı illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali orqanı. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin işini təşkil edən orqana çevrilmişdir.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti | |
---|---|
| |
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan SSR |
Yaradılma tarixi |
14 mart 1937 (de-yure) 21 iyul 1938 (de-fakto) |
Ləğv edilib |
18 may 1990 (ali orqan kimi) 24 noyabr 1995 (de-fakto) 27 noyabr 1995 (de-yure) |
Tabelik | Azərbaycan SSR Ali Soveti |
Baş qərargah | Bakı |
14 mart 1937-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmış və onun əsasında Azərbaycan SSR Ali Soveti yaradılmışdır.[1] Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1938-ci ildə fəaliyyətə başlamış və ilk illərdə Azərbaycan SSR Baş Sovetinin Prezidiumu adlanmışdır.
Rəyasət Heyətinin tərkibinə Ali Sovetin deputatları arasından seçilmiş sədr, 2 müavin, katib və 15 üzv daxil idi. Həmin tərkib Azərbaycan SSR Ali Sovetinin hər çağırışının ilk iclasında seçilirdi.[2]
1990-cı ilədək Rəyasət Heyətinin səlahiyyətləri geniş olmuşdur. Onlardan bir qismi hazırda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri ilə üst-üstə düşür. Azərbaycan SSR Konstitusiyasına (1978) əsasən Rəyasət Heyətinin səlahiyyətlərinə aşağıdakılar daxil olmuşdur:[3]
Ali Sovetin sessiyaları arasındakı dövrdə Ali Sovetin təsdiqinə verilməklə həll etdiyi məsələlər:
18 may 1990-cı ildə Azərbaycan SSR Prezidenti vəzifəsinin təsis edilməsindən və Azərbaycan SSR Konstitusiyasına dəyişikliklər və əlavələr edildikdən sonra Rəyasət Heyətinin fəaliyyət istiqaməti kəskin şəkildə dəyişmiş, sədr və müavin vəzifələri ləğv edilmiş və səlahiyyətlərinin böyük əksəriyyəti Azərbaycan SSR Prezidenti və Azərbaycan SSR Ali Soveti arasında bölüşdürülmüşdür. Konstitusiya dəyişikliyindən sonra Rəyasət Heyətinin tərkibi Azərbaycan SSR Ali Soveti sədrinin müavinlərindən və Azərbaycan SSR Ali Soveti daimi komissiyalarının sədrlərindən ibarət olmuşdur.[4]
Həmin dövrdən etibarən onun səlahiyyətlərinə Ali Sovetinin sessiya iclaslarının hazırlanması və təşkil edilməsi, Ali Sovetin daimi komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi, ümumxalq səsverməsinin (referendumun), Azərbaycan SSR qanun layihələrinin və digər mühüm məsələlər üzrə xalq müzakirəsinin hazırlanması və təşkil edilməsi, eləcə də Azərbaycan SSR qanunlarının, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan SSR Prezidentinin qəbul etdiyi aktların dərc olunmasının təmin edilməsi daxil olmuşdur.[4]
5 fevral 1991-ci ildə Azərbaycan dövlətinin Azərbaycan Respublikası adlandırılmasından sonra Rəyasət Heyəti də Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti kimi fəaliyyətini davam etdirmişdir.
№ | Şəkil | Adı, soyadı | Səlahiyyətin başlanğıcı | Səlahiyyətin sonu | Partiya |
---|---|---|---|---|---|
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri | |||||
1 | Mir Bəşir Qasımov
(1879–1949) |
21 iyul 1938 | 23 aprel 1949 | ÜİK(b)P | |
2 | Nəzər Heydərov
(1896–1968) |
18 may 1949 | 9 mart 1954 | Sov.İKP | |
3 | Mirzə İbrahimov
(1911–1993) |
9 mart 1954 | 23 yanvar 1958 | Sov.İKP | |
4 | ilyas Abdullayev
(1913–1985) |
23 yanvar 1958 | 25 noyabr 1959 | Sov.İKP | |
5 | Səftər Cəfərov
(1900–1961) |
25 noyabr 1959 | 16 noyabr 1961 | Sov.İKP | |
6 | Məmməd İsgəndərov
(1914–1985) |
29 dekabr 1961 | 25 dekabr 1969 | Sov.İKP | |
7 | Qurban Xəlilov
(1906–2000) |
25 dekabr 1969 | 30 dekabr 1985 | Sov.İKP | |
8 | Süleyman Tatlıyev
(1925–2014) |
30 dekabr 1985 | 22 iyun 1989 | Sov.İKP | |
9 | Elmira Qafarova
(1934–1993) |
22 iyun 1989 | 18 may 1990 | Sov.İKP |