Azərbaycan Xalq Cümhuriyyətinin Gömrük Xidməti Dəstələri

Azərbaycan Xalq Cümhuriyyətinin Gömrük Xidməti DəstələriAzərbaycan Xalq Cümhuriyyətinin ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə yaradılmış sərhəd mühafizə və yoxlanış qurumları.[1]

Azərbaycan Xalq Cümhuriyyəti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənəd. 1918-ci ilin avqustun 10-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edilmişdi.

Qərara əsasən, ilk vaxtlar ən çox ehtiyac duyulan yerlərdə və zəruri sayda işçilər götürülməklə, gömrükxanalar yaradılırdı. Gömrükxanalar yaradılarkən müvafiq təşkilatı strukturlar da formalaşdırılırdı.[2]

Parlamentin 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99 post yaradılmışdı və bu postlarda 992 muzdlu keşikçi vardı. Zabit komanda heyəti olan postlar quberniyalar üzrə sərhəd mühafizəsi rəislərinin tabeliyində birləşirdilər.[1] Sərhəd mühafizəsinin təşkilinə rəhbərlik etmək və onun işini gömrük idarəsi ilə uzlaşdırmaq üçün maliyyə nazirliyinin dəftərxanasında xüsusi sərhəd mühafizəsi şöbəsi yaradılmışdı.[1] 1919-cu ilin mayında Zaqatala mahalının Qabaqçöl və Mazımçay kəndlərində, Gəncə quberniyası Qazax qəzasının Şıxlı və Salahlı kəndlərində gömrük postları var idi. 1919-cu il iyulun 10-da Azərbaycan parlamenti Ağstafa gömrükxanasından keçən nəqliyyat vasitələrini və sərnişinlərini yoxlamaq məqsədilə Qazax qəzasının Poylu dəmiryol stansiyasında və Çaxmaqlı kəndində də ön gömrük postlarının yaradılması haqqında qanunlar qəbul edildi.[1] 1919-cu il sentyabrın 29-da Cümhuriyyət Hökuməti Qızılağac gömrük postunun fəaliyyətinin bərpası barədə qərar qəbul etdi. Parlamentin və hökumətin qanun və qərarlarına əsasən, sərhəd mühafizə və yoxlanış məntəqələrinin sayı artırılmaqda idi. Aprel işğalı (1920) bu sahədə də işlərin tam başa çatdırılmasına mane oldu.[1]

  1. 1 2 3 4 5 "Azərbaycan dövlətçiliyi tarixində gömrük işi" (PDF). 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
  2. Gömrük Komitəsində Xalq Cumhuriyyəti ilə bağlı tədbir keçirilib[ölü keçid]