Azərbaycan avtomobil dövlət qeydiyyat nişanları

Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.

Nümunə qeydiyyat nişanı

Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.

Azərbaycan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına qoyulan tələblər AZS 599–2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər" standartı ilə tənzimlənir.

SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖАЗ seriyalarından, qoşqu vasitələri üçün АЗАУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi. 1993-cü ildə seriya nömrələrinin qeydiyyatında dəyişiklik edildi. 1991-ci ildəki qeydiyyat formatına bir hərf əlavə edildi, rəqəmlər ilə hərflər bir-birindən defislə ayrıldı, sağda olan "AZ" indeksi sol tərəfə yerləşdirildi və indeksin yuxarısında Azərbaycan bayrağı qeyd olundu. 2011-ci ildə seriya nömrəsinin görünüşü bir qədər dəyişdirildi: Azərbaycan bayrağı düzbucaqlı formada əks olundu (əvvəllər bayraq "dalğalı" formasında idi), həmçinin nömrələrə açıq-boz düzbucaqlı dördbucaq formasında qoruyucu çiplər yerləşdirildi. Bircərgəli nömrə nişanlarında çip, sol alt küncdə, ikicərgəli nömrə nişanlarında sağ üst hissədə (faktiki olaraq "AZ" kodu bu çiplərin üzərində yerləşir) qoyulur.

Avtomobil qeydiyyat nişanları

Avtomobillər, avtobus və qoşqu vasitələri üçün qeydiyyat nişanları

[redaktə | mənbəni redaktə et]
Dövlət Yol Polisi işçilərinə xas qeydiyyat nişanı

Ağ fonda qara simvollardan istifadə olunur. Format — iki rəqəm (region kodu), iki hərf və üç rəqəm; qruplar defislə bölünür. Nömrənin sol hissəsində Azərbaycan bayrağı və düzbucaqlı dördbucaqda "AZ" avtomobil ölkə kodu yerləşir. Dövlət nömrə nişanının ikicərgəli variantında kodla bayraq daha yaxın sol yuxarı küncdə yerləşir, yuxarı sırada qeydiyyat regionunu bildirən iki rəqəm, altda isə hərfi seriya və üç rəqəm yerləşir. İkicərgəli nömrələrdə defislərdən istifadə olunmur.

Hüquqi şəxsin adına qeydiyyata alınan nömrələrin hərf seriyasının ilk hərfi A ilə başlayır.

Qoşqu vasitələri üçün hərf seriyasının ilk hərfi Z olan nömrələrdən istifadə olunur.

YP hərfi seriyası Dövlət yol polisinin nəqliyyat vasitələrində istifadə olunur.

Taksi, avtobuslar üçün qeydiyyat nişanları

Sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitələri üçün qeydiyyat nişanları

[redaktə | mənbəni redaktə et]

Arxası göy fonda ağ simvollardan istifadə olunur. Hərf seriyasının ilk hərfi — 'T 'ilə başlayır.

Bu tip qeydiyyat nişanlarından istifadə edən sürücülər əsasən sərnişin daşımaları ilə məşğul olur. Adətən, rəsmi taksi sürücülərində və ictimai avtobuslarda rast gəlmək mümkündür.

Sərnişin daşımaları həyata keçirən avtomobillər üçün nəzərdə tutulmuş bu qeydiyyat nişanlarını almaq üçün avtomobilin xüsusi fərqləndirici nişanının olması vacibdir. Əks təqdirdə, arxa fon göy rəngli olan bu qeydiyyat nişanları almaq qeyri-mümkünsüzdür.

İctimai avtobuslar üçün isə heç bir xüsusi sənəd tələb edilmir.

Motosikllər və xüsusi texnika vasitələri üçün qeydiyyat nişanları

[redaktə | mənbəni redaktə et]

Ağ fonda qara simvollardan istifadə olunur. Motosikllər üçün nəzərdə tutulmuş qeydiyyat nişanları iki cərgədən ibarət olur və sol üst küncdə Azərbaycan bayrağı və "AZ" kodu yerləşir. Bu növ qeydiyyat nişanlarında yuxarı sırada iki rəqəm (region kodu) və defis vasitəsilə ayrılmış bir hərf yer alır. Qeydiyyat nişanının aşağı hissəsində isə üç rəqəm yerləşir. Xüsusi texnika və avadanlıqlar üçün nəzərdə tutulmuş qeydiyyat nişanları motosiklet nömrələrinə çox oxşardır, yalnız defis vasitəsilə ayrılmış bir hərf və üç rəqəm alt hissədə, region kodu isə üst hissədə yerləşir.

Tranzit avtomobillər üçün qeydiyyat nişanları

Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları avtomobillərə iki ədəd, motosikl və qoşqulara bir ədəd verilir.

Tranzit avtomobillər üçün qeydiyyat nişanları

[redaktə | mənbəni redaktə et]

Ağ fonda qara simvollardan istifadə olunur. İki hərf və defis istifadə olunmadan yazılmış 3 rəqəmdən ibarətdir.

Sol tərəfdə ensiz yaşıl zolaq yerləşir. Bu zolaqla kəsr formalı "AZ" (surətdə) və "TR" (məxrəcdə) kodları qeyd olunub. Xırda şriftlərlə sağ küncdə qeyd olunan rəqəmlər isə avtomobil aid olduğu regionun kodunu bildirir.

Ali rəhbərlik qeydiyyat nişanı

Ölkənin ali rəhbərliyinin qeydiyyat nişanları

[redaktə | mənbəni redaktə et]

Bu nömrə nişanı növü adi avtomobil nömrələrinə oxşardır, amma nömrələrdə defislər yoxdur. Nömrənin sol hissəsindəki bayraq mərkəzə (hərfi seriyanın və üç rəqəmin arasında) köçülmüşdür və lövhənin enini əhatə edir. Bu nömrələrə adətən icra başçılarında, dövlət işlərində işləyən şəxslərə verilən avtomobillərin üzərində rast gəlmək mümkündür.

Xarici vətəndaşa aid avtomobil qeydiyyat nişanı

Xarici vətəndaşlara aid avtomobillər üçün qeydiyyat nişanları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri istifadə edə bilər. Açıq-narıncı fonunda qara simvollardan istifadə olunur.

Nişan — bir hərf və altı rəqəmdən (ikicərgəli nömrədə hərf yuxarı sırada yerləşir, rəqəmlər aşağı sırada yerləşir)və solda dövlət bayrağı və "AZ" kodundan ibarətdir.

Xarici şirkətin nümayəndiliyinin əməkdaşına aid avtomobilin qeydiyyat nişanı

Qeydiyyat nişanının hərflərə görə bölünməsi:

M — avtomobil xarici şirkətin nümayəndəliyinin əməkdaşına aiddir;

H — avtomobil xarici vətəndaşa aiddir;

P — avtomobil ölkədən ixrac üçün nəzərdə tutulmuşdur.

Fəxri konsulluqların nəqliyyat vasitələrinə "FK" seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

Diplomatik avtomobillər üçün qeydiyyat nişanları

[redaktə | mənbəni redaktə et]
Diplomatik avtomobillər üçün qeydiyyat nişanları

Qırmızı fonda ağ simvollarla yerinə yetirilir. Nişan — hərf(lər) dörd/beş rəqəmdən ibarətdir. Birinci üç rəqəm nümayəndəliyin ölkəsini ifadə edir; ikicərgəli nömrələrdə hərf üst sırada, rəqəmlər alt sırada yerləşir.

Bu tip qeydiyyat nişanlarının digərlərindən fərqli cəhəti üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağının yer almamasıdır.

Şəhərlərin kodları

[redaktə | mənbəni redaktə et]
Qeydiyyat nişanı Məntəqə Qeydiyyat nişanı Məntəqə Qeydiyyat nişanı Məntəqə
01 Abşeron 26 Xankəndi 51 Samux
02 Ağdam 27 Xaçmaz 52 Salyan
03 Ağdaş 28 Xocavənd 53 Siyəzən
04 Ağcabədi 29 Xızı 54 Sabirabad
05 Ağstafa 30 İmişli 55 Şəki
06 Ağsu 31 İsmayıllı 56 Şamaxı
07 Astara 32 Kəlbəcər 57 Şəmkir
08 Balakən 33 Kürdəmir 58 Şuşa
09 Bərdə 34 Qax 59 Tərtər
10/90/77/99 Bakı 35 Qazax 60 Tovuz
11 Beyləqan 36 Qəbələ 61 Ucar
12 Biləsuvar 37 Qobustan 62 Zaqatala
13 İstifadə olunmamış 38 Qusar 63 Zərdab
14 Cəbrayıl 39 Qubadlı 64 Zəngilan
15 Cəlilabad 40 Quba 65 Yardımlı
16 Daşkəsən 41 Laçın 66 Yevlax
17 Şabran 42 Lənkəran 67 Babək
18 Şirvan 43 Lerik 68 Şərur
19 Füzuli 44 Masallı 69 Ordubad
20 Gəncə 45 Mingəçevir 70/75 Naxçıvan MR
21 Gədəbəy 46 Naftalan 71 Şahbuz
22 Goranboy 47 Neftçala 72 Culfa
23 Göyçay 48 Oğuz 73 Sədərək
24 Hacıqabul 49 Saatlı 74 Kəngərli
25 Göygöl 50 Sumqayıt 75 Naxçıvan