Azərbaycan vətəndaşlığı

Azərbaycan vətəndaşlığıAzərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.[1] Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.[1] Azərbaycan Respublikasının vətəndaşı bəzi hallarda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilər.[1]

Azərbaycan vətəndaşlığı əsasən jus sanguinis prinsipinə əsaslanır.

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:

  • Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;
  • 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər;
  • 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar;
  • bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.

Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur.

Vətəndaşlığının əldə edilməsi

[redaktə | mənbəni redaktə et]

Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir:

  • Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;
  • Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə;
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

Vətəndaşlığa qəbul

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.[1]

(Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.[1] Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.[1])

Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:

  • Şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
  • şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.

Vətəndaşlığa xitam verilməsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir:[1]

  1. Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;[1]
  2. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;[1]
  3. Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;[1]
  4. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.[1]

Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir.[1]

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.