Azərbaycanda QİÇS - Azərbaycandakı QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Azərbaycanda ilk dəfə QİÇS virusu 1992-ci ildə aşkar edilmişdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilə aid hesabatına əsasən Azərbaycanda HİV müsbət 4902 nəfər qeydiyyata götürülüb. Onlardan 4735 nəfəri Azərbaycan vətəndaşı, 167 nəfəri isə əcnəbidir. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3597-i kişi, 1138-i qadındır. QİÇS mərhələsində olan insanların sayı 1519 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1495 nəfərdir. HİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 681 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 671 nəfər olmuşdur.[1]
4735 nəfər Azərbaycan vətəndaşından 2587-də HİV virusuna yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1661-də heteroseksual, 61-də isə homoseksual kontakt nəticəsində, 83-də anadan uşağa keçməklə, 1-də donor qanının köçürülməsi nəticəsində baş vermişdir; 342 nəfərdə yoluxma yolu naməlumdur.[1]
Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının Ümümdünya QİÇS günü ərəfəsində dərc etdiyi məlumatda göstərilir ki, QİÇS pandemiyasının qarşısının alınmasında bir sıra nailiyyətlər əldə edilməsinə baxmayaraq, epidemiya ilə mübarizədə dönüş yaranması və 2030-cu ildə qarşısının alınması məqsədilə 2020-ci ilədək sürətləndirilmiş planlı tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər 5 il müddətində 3 əsas göstəricini hədəfləyir:
2020-ci ildə bu məqsədlərə nail olmaq, 2030-cu ildə HİV/QİÇS-in qlobal epidemiyasının ləğv edilməsinə real əsas yarada bilər. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının hesabatına əsasən, 2014-cü ilin II-ci rübünün sonuna xilasedici antiretrovirus-terapiya tətbiq olunan insanların sayı 13,6 milyon təşkil edib və 2012-ci ilə nisbətən 40% artıb. Həmin müalicənin nəticəsi kimi 2012-ci ildə QİÇS-lə bağlı ölüm hallarının sayı 2005-ci illə müqaisədə 29% azalıb. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, 2014-cü ildə aşkar olunan HİV-ə yoluxma hallarının 30,3%-i, 1987-2014-cü illər ərzində isə aşkar olunan halların 53,8%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.[1]