Azərbaycanda nüvə energetikası — Azərbaycan Respublikasında hal-hazırda mövcud olmayan, ancaq inkişaf üçün uzaq gələcəkdə planlaşdırılan sahə.
Azərbaycanda nüvə energetikasından elektrik enerjisinin alınması məqsədilə istifadə ideyası XX əsrin 70-ci illərin ortalarına aiddir. 1980-ci ildə isə Bakıdan 90 km cənub-şərqdə yerləşən Nəvai yaşayış məntəqəsi yaxınlığında layihə gücü, təxminən, 1000 MVt olan AES tikintisinin təməlinin qoyulması həyata keçirilib[1]. Yerin seçilməsi müxtəlif faktorlardan irəli gəlmişdir. Belə ki, bu regionunun sənaye potensialının genişləndirilməsi planları və sovet alimlərinin hesablamalarına görə seysmik cəhətdən əlverişli zona olmasından irəli gəlmişdir. Ancaq bu layihənin reallaşdırılması bir qədər ləngimiş və Çernobıl faciəsindən sonra isə tamamən imtina edilmişdir[2].
Azərbaycanda atom enerjisindən istifadə məqsədilə 8 may 2014-cü ildə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Mərkəzin təşkilində əsas məqsəd atomdan elektrik enerjisinin alınması deyil həm də, onun sənaye, kənd təsərrüfatı, səhiyyə və s tətbiqinə nail olmaq olur. Azərbaycan 2002-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv qəbul edilir. Azərbaycanda tədqiqat nüvə reaktorunun tikintisinə dair müraciət isə 2007-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) tərəfindən qəbul edilib.
Enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq Azərbaycan böyük neft və qaz ehtiyatlarına sahib olması səbəbindən atom enerjisindən istifadə məsələsi aktual deyildir. Hesablamalara görə Azərbaycanda qaz ehtiyatları 100 ilə, neft isə 50-60 ilə bəs edəcəkdir. Ancaq atom energetikası ilə əldə olunan elektrik enerjisi neft və qazla əldə edilən enerjidən iki dəfə ucuz başa gəlməsi ilə seçilir. Atom enerjisindən istifadə üçün Azərbaycana ən azından 20 il vaxt tələb olunacaqdır[3]