AzScienceNet

AzScienceNet - Azərbaycan Respublikası elmi qurumlarının Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) korporativ şəbəkəsi əsasında yaradılmaqda olan korporativ şəbəkəsidir. AzScienceNet şəbəkəsi ərazicə paylanmış, desentalizə olunmuş idarəetməyə malik korporativ şəbəkədir.[1]

Tarixi və mahiyyəti

[redaktə | mənbəni redaktə et]

AMEA İnternet şəbəkəsinin yaradılması 1991-ci ildə Avropa Akademiya və Tədqiqat İnstitutları Kompüter Şəbəkələrinin (EARN) Azərbaycan qovşağının yaradılması ilə başlanmışdır.

1993-cü ildə AMEA-nın əsas binasında Respublikada ilk dəfə olaraq İnternetin I Azərbaycan qovşağı yaradıldı. Bu qovşaqda texniki və proqram təminatlarının durmadan inkişaf etdirilməsi, İnternetlə əlaqə kanalının sürətinin artırılması sayəsində Akademiya şəhərciyində yerləşən bütün institut və təşkilatların İnternetə qoşulmasına şərait yaradıldı.

Bununla yanaşı AMEA-nın Rəyasət Heyətinin və ona yaxın məsafədə yerləşən dövlət təşkilatlarının İnternet-ə qoşulmağa artan tələbatlarını təmin etmək üçün AMEA Rəyasət Heyəti binasının birinci mərtəbəsində İnternet-in II Azərbaycan qovşağı yaradıldı.

Bu qovşaqlar arasında birbaşa ayrılmış telefon xətti ilə əlaqə yaradılması nəticəsində Respublikada ən geniş infrastruktura malik İnternet şəbəkəsi fəaliyyətə başladı.

Beləliklə, I qovşaq AMEA-nın əsas binasını, akademiya şəhərciyində yerləşən və ona yaxın olan bütün institutları, II qovşaq isə AMEA-nın Rəyasət Heyətini, onun bölmə və şöbələrini əhatə edirdi. AMEA-nın uzaqda yerləşən institutları və bir çox dövlət təşkilatları hər iki qovşağa Dial-Up rejimində telefon xətləri vasitəsilə birləşdirilməyə başladı.

Hal-hazırda AMEA-da İnternetə qoşulan fərdi kompüterlərin sayı 2000-ni keçmişdir. AzScienceNet şəbəkəsinin İnternetə cıxış sürəti 132 Mb/san bərabərdir. AMEA-nın bütün əməkdaşlarının İnternetdən mütəmadi istifadə etmək imkanları yaradılmışdır.

2009-cu ildən AMEA İnternet şəbəkəsinin növbəti inkişaf mərhələsi olan AzScienceNet korporativ şəbəkəsinin yaradılması işlərinə başlanmışdır.

Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi ilə Prezident İlham Əliyevin 10 aprel 2008-ci il tarixli " Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamında və 4 may 2009-ci il tarixli "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"da qoyulmuş bir çox tələblər elmdə aparılan islahatlar çərçivəsində elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi məsələsini zəruri etmişdir. Göstərilən məsələnin yerinə yetirilməsi üçün elmi fəaliyyətlə məşğul olan elmi müəssisə və təşkilatların lazımi informasiya-kommunikasiya infrastrukturunu, yüksək sürətli İnternet şəbəkəsi ilə elmi-texniki informasiya və hesablama resurslarına çıxışını yaratmaqla təmin ediləcəkdir. Təkcə AMEA institutlarının deyil, ümumiyyətlə, respublikanın elmi qurumlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün onların müasir İKT-nin tətbiqi ilə yenidən qurulması və vahid onlayn elmi infrastrukturun formalaşdırılması nəzərdə tutulur.

Hazırda AzScienceNet şəbəkəsinin kommunikasiya-şəbəkə infrastrukturu formalaşdırılmaqdadır. Bu da maddi-texniki bazanın (kommunikasiya, kompüter, şəbəkə-kompüter, mətbəə-çap avadanlıqları və s.) təmininatı, elmi təşkilatların daxili kompüter şəbəkələrinin (lokal, korporativ, intranet) yaradılması və sürətli İnternet çıxışının təminatı, Azərbaycan Respublikası elmi qurumlarının AzScienceNet korporativ şəbəkəsində birləşdirilməsi, təhlükəsizlik strategiyasının işlənməsi və beynəlxalq elmi şəbəkələrlə inteqrasiyasının həyata keçirilməsi hesabına reallaşacaqdır. Elmi fəaliyyətdə İKT-nin tətbiqi iləbilavasitə əlaqədar tədqiqatçının iş yerinin təşkili və elmi kollektivlərin fəaliyyətlərini əhatə edən məsələlər, elmin müxtəlif sahələri üzrə onlayn mühit əsasında yeni elmi münasibətlərin (virtual elmi laboratoriyalar, kollektivlər və s.) qurulması, beynəlxalq elmi qurumlarla qarşılıqlı əlaqələrin təşkili, elmi informasiya fəzalarının (e-kitabxanalar, veb portal və saytlar, e-nəşrlər, e-arxiv, kadrlar bazası və s.) formalaşdırılması, böyük hesablama və informasiya resursları tələb edən məsələlərin həlli üçün superkompüter və qrid texnologiyaları əsasında hesablama mühitlərinin yaradılması, elmin kommersiyalaşdırılması məsələləri öz həllərini tapacaq.

AMEA İnternet şəbəkəsinin yaradılması və təşəkkülündə AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ilk günlərdən bilavasitə iştirak etmişdir, bu sahədə əsas təşəbbüslərin müəllifi olmuşdur və hazırda AzScienceNet korporativ şəbəkəsinin 2-ci qovşaqının yaradılması istiqamətində intensiv işləri həyata keçirir. Bu qovşaq AMEA İTİ-nin binasında yerləşir. Yeni yaradılmış qovşaq optik əlaqə kanalları vasitəsi ilə 1-ci qovşaqa və eyni zamanda birbaşa milli şəbəkə provayderinə qoşularaq İnternetə cıxış əldə etmişdir. Yeni mərkəz Cisco və HP firmalarının məhsulları olan telekomunikasiya və server avadanlıqları əsasında yaradılmışdır.

  1. "Cert.az - AzScienceNet haqqında". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-06.