Azad Əli oğlu Əfəndizadə (d.20 mart 1907, Şamaxı - ö.12 avqust 1998, Bakı) — AMEA-nın müxbir üzvü (1955), akademik.[1]
Azad Əfəndizadə | |
---|---|
Azad Əli oğlu Əfəndizadə | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Bakı |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | Alim |
Azad Əfəndizadə 1907-ci ildə mart ayının 20-də Şamaxı şəhərində anadan olmuşdur. İlkin təhsilini Şamaxı realni məktəbində aldıqdan sonra, 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun nəzdində nümunəvi məktəbi bitirmişdir. Həmin il Politexnik İnstitutuna daxil olmuş və təhsilini M.İ.Kalinin adına Leninqrad Politexnik İnstitutunda davam etdirmişdir. 1931-ci ildə institutu bitirdikdən sonra elektrik mühəndisi peşəsinə yiyələnmişdir. 1931-ci ildə əmək fəaliyyətinə başlayan Azad Əfəndizadə Bakıda və Sumqayıtda mühəndis, baş mühəndis, şöbə rəisi vəzifələrində çalışmışdır. 1938-ci ildə Sənaye İnstitutunun Elektrik maşınları kafedrasında işə başlamış, 1939-cu ildə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının energetika sektorunda çalışmaqla yanaşı Azərbaycan Sənaye İnstitutunun aspiranturasına daxil olmuşdur. 1941-1944-cü illərdə Azərbaycan SSR EA-nın Kirovabad Elmi-Tədqiqat Bazasında direktor, 1952-1960-cı illərdə İ.Yesman adına Elmi-Tədqiqat Energetika İnstitutunun direktor müavini və direktoru olmuşdur. Azad Əfəndizadə 1998-ci il avqust ayının 12-də, ömrünün 92-ci ilində Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.[2]
1960-cı ildən həmin institutun idarəolunan elektrik intiqalları laboratoriyasına rəhbərlik etmişdir. Azad Əfəndizadə 1945-ci ildə namizədlik, 1952-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1953-cü ildə ona professor elmi rütbəsi verilmiş, 1955-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1969-cu ildə isə həqiqi üzvü seçilmişdir. O, avtomatik idarəetmə üzrə SSRİ milli komitəsinin Azərbaycan yerli şöbəsinin sədri, Beynəlxalq Avtomatika Terminologiya və Standartlar Komitəsinin üzvü, Sovet-Bolqar Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini olmuşdur.
Akademik Azad Əfəndizadənin elmi fəaliyyətinin əsas istiqaməti elektrik sistemləri ilə bağlı idi. Alimin elmi nəticələri 2 monoqrafiyada və 250-dən çox elmi əsərdə öz əksini tapmışdır. Azad Əfəndizadə elmi fəaliyyəti pedaqoji işlə əlaqələndirən tanınmış alim idi. O, 40 ildən artıq müddətdə Azərbaycan Dövlət Neft Akademiyasının professor olmuş və gənc kadrların yetişdirilməsində böyük xidmətlər göstərmiş, 50-dən artıq elmlər doktoru və namizədi hazırlamışdır. Ömrünün son illərində Azərbaycan Neft Akademiyasında işləmişdir. Bir sıra ixtiralarıın müəllifidir.[3]
Akademik “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri təltif edilmiş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.