Böyük Qafqaz təbii vilayətinin iqlimi

Böyük Qafqaz təbii vilayətinin fiziki-coğrafi rayonunun iqlimi — Böyük Qafqaz vilayətinin də iqlim şəraitinin formalaşmasına buraya düşən günəş radiasiyası, əraziyə daxil  olan müxtəlif istiqamətli hava kütlələri böyük təsir göstərir. Eyni zamanda ona müxtəlif istiqamətli dağ yamacları, ərazinin dəniz səviyyəsindən hündürlüyünün dəyişməsi də əhəmiyyətli təsir edir.

Vilayət daxilində günəşli saatların illik miqdarı 1900-2500 saat arasında tərəddüd edir. Ümumi günəş radiasiyasının illik kəmiyyəti 130-145 kkal/sm2 arasında müşahidə edilir. Eyni zamanda qeyd etmək lazımdır ki, Böyük Qafqazın 3000 m-dən yüksək olan hissələrində buludluğun az olması ilə əlaqədar bu göstərici 140-150 kkal/sm2-a qədər yüksələ bilir. Radiasiya balansının kəmiyyəti də hündürlükdən asılıdır. Belə ki, 3000 m-dən hündür olan ərazilərdə radiasiya balansı 15-25 kkal/sm2 arasında olursa, Qanıx-Əyriçay vadisində, Samur-Dəvəçi ovalığında və Abşeronda onun illik miqdarı 45-50 kkal/sm2-a qədər yüksəlir.

İqlimin formalaşmasına iqlimyaradan amil kimi ərazidə gedən makro və mikro atmosfer sirkulyasiya prosesləri də təsirsiz qalmır. Dağlıq vilayət olduğuna görə burada atmosferin sirkulyasiyasına səth örtüyü, müxtəlif istiqamətdə uzanan dağ yamaclarda hava kütlələrinin  istiqamətini dəyişməklə müəyyən təsir edir. Bütün Azərbaycan ərazisində olduğu kimi  bu vilayətin də iqliminə Kara, Skandinaviya, Azor adaları subtropik, kontinental, orta Asiya antisiklonları təsir göstərir. Baş Qafqaz sıra dağları isə şimaldan gələn quru soyuq hava kütlələrinin əraziyə birbaşa daxil olmasının qarşısını alır.                                                                                              

Böyük Qafqazın mürəkkəb relyef şəraiti, eləcədə Kür-Araz ovalığının və Xəzər dənizinin təsiri burada külək rejiminin də çox mürəkkəb səciyyə daşımasına səbəb olur. Abşeron yarımadasında əsasən şimal, şimal-şərq (xəzri), cənub, cənub-şərq (gilavar), şimal-şərq yamacda qərb və şimal-şərq, qərbdə şimal və şimal-qərb küləkləri üstünlük təşkil edir.                                         

Vilayətin şimal-şərq hissəsindəki dağətəyi, düzən və sahilboyu ərazidə əsasən şimal-qərb istiqamətli küləklər hakim olur və bəzən şərq istiqamətli küləklər də təkrarlanır. Əsasən küləyin orta illik surəti 5 m/san müşahidə edilsə də, bəzən sürəti 10 m/san və daha çox olan küləklər də əsir. Şimal şərq yamacın dağlıq hissələrində isə cənub-qərb və şimal-şərq küləkləri üstünlük təşkil edir. Abşeron yarımadasında şimal, şimal-şərq və cənub istiqamətli küləklər daha çox təkrarlansa da, onların surəti əsasən 6-10 m/san müşahidə edilir. Lakin bəzən burada küləyin surəti saniyədə  30-40 m-ə də çata bilir. Qanıx-Əyriçay vadisində və ona yaxın ərazilərdə əsasən şimal-şərq və şimal-qərb istiqamətli küləklər əsir və küləyin orta surəti 2-5 m/san olur. Lakin son illər burada qasırğa tipli güclü küləklər də müşahidə olunur. Qeyd etmək lazımdır ki, Böyük Qafqaz vilayətində bəzən, xüsusən keçid fəsillərində fyön tipli dağ-dərə küləkləri də əsir.        

Havanın temperaturunun rejimi və paylanması əksər hallarda relyef şəraitindən və ərazini əhatə edən makrorayonların coğrafi xüsusiyyətlərindən asılıdır [Azərb Resp. Aqroiqlim atlası, 1993]. Dağlıq ərazilərdə relyef forması xüsusi mikrosirkulyasiya yaratdığına görə havanın temperaturunun paylanmasında xüsusi əhəmiyyət  oynayır.                                                            

Böyük Qafqaz vilayətində havanın orta illik temperaturu 10-14oC ilə 0oC-dən aşağı həddə müşahidə edilir. Burada hündürlükdən asılı olaraq temperaturun dəyişməsi, yəni temperaturun şaquli qradiyenti müxtəlifdir. Şimal-şərq yamacda qış aylarında hündürlükdən asılı olaraq temperaturun hər 100 m-də dəyişməsi 0,2-0,3oC olmaqla 800-1500 m-ə qədər olan ərazilərdə müşahidə edilir. 1500 m-dən sonra temperatur qradiyenti tədricən yüksəlir, və təqribən 3000 m-də qışda 0,4-0,6o, yayda isə 0,7-0,90-yə çatır [Şıxlinski Ə.М., Мədətzadə Ə.А. 1968].              

Bütün şimal-şərq yamacda temperatur qradiyentinin orta kəmiyyəti 3000 m hündürlüyə qədər olan ərazilərdə qışda 0,4oC, yayda 0,6oC, ildə isə 0,4oC müşahidə edilir [Mahmudov R.N., 2007, Rəhimov X.Ş., Həsənov M.S. 2008].                                                   

İl ərzində havanın temperaturunu səciyyələndirmək üçün onun fəsillər üzrə rejimindən istifadə edilir. Bu zaman isə yanvar, aprel, iyul və oktyabr aylarında temperaturun gedişi təhlil edilir. Vilayətin hər yerində temperaturun aydan-aya dəyişməsi eyni kəmiyyətə malik deyil. Şimal-şərq yamacın sahil-boyu hissələrində yanvar və fevral aylarının temperaturu demək olar ki, eynidir. Bəzən isə fevralın temperaturu yanvardakından aşağı müşahidə edilir. Belə hal yaydan payıza keçiddə də nəzərə çarpır. Bəzən iyulun orta temperaturu avqustunkundan 1,0-1,5o aşağı müşahidə edilir [Hadıyev Y.C., 1999].                                                                                                       

Ümumiyyətlə yanvar ayının orta temperaturu Abşeronda, Samur-Dəvəçi ovalığında, Qanıx-Əyriçay vadisində 0-3o, dağətəyi hissələrdə 0-  -3o, orta dağlıqda -6- -3o, yüksək dağlıqda isə -6- -14o və daha aşağı müşahidə edilir [SSRİ iql. sorğu  kitabı, 1956, 1970].                                       

Böyük Qafqazın dağətəyi hissələrində relyef formasından asılı olaraq yanvarın orta temperaturu 1,5o isti ilə 0,7o şaxta arasında tərəddüd edir [Səfərov S.H. 2000]. Orta dağlıq hissədə (1000-2000 m) yanvarın orta temperaturu demək olar ki, hər yerdə 0o-dən aşağı müşahidə edilir. Yüksək dağlıq hissədə hər yerdə yanvarın orta temperaturu təxminən 100 m-də 0,3o aşağı düşür və yuxarıda qeyd edilən kimi 6-14o şaxta müşahidə edilir.                                              

Apreldə havanın temperaturu xeyli yüksəlir və iyul-avqust aylarında maksimuma çatır. Bunun kəmiyyəti Abşeron rayonu|Abşeron yarımadasında 25-27oC, Şimal-şərq yamacda 24-25oC, dağətəyi ərazilərdə 21-22oC müşahidə edilir. Bundan sonra hündürlüyün hər 100 m artması ilə temperatur 0,5o yüksəlir və yüksək dağlıqda 5-10oC və daha az olur.

Böyük Qafqaz təbii vilayətində havanın orta illik temperaturu

Havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi və həmin dövrün davamiyyəti bütün sahələrdə, xüsusən kənd təsərrüfatında xüsusi əhəmiyyət kəsb edir. Müasir iqlim dəyişmələri fonunda bunun əhəmiyyəti daha çoxdur. Məhz buna əsaslanaraq gələcəkdə landşaft qurşaqlarının, kənd təsərrüfatı bitkilərinin areallarının dəyişməsi haqqında mülahizələr irəli sürmək olar. Böyük Qafqazda orta sutkalıq temperaturun 0oC-dən aşağı keçməsi dağlıq rayonlarda müşahidə edilir və təxminən 1 aya yaxın davam edir. 1000-1500 m-dən sonra bu dövr 3 aya qədər davam edir. Məsələn, Qonadkənddə bu 82 gün, Qırızda 130 gün olur. Hündürlüyün artması ilə bu dövrün davamiyyəti də artır.   

Vilayət ərazisində 10o-dən yuxarı fəal temperatur cəmi 9800-4400o ilə 600-800o arasında dəyişir. Böyük Qafqazda havanın mütləq maksimum temperaturu 40-43o ilə 20-10o arasında, mütləq minimum temperaturu isə 14-18o şaxta ilə 26-30o şaxta arasında müşahidə edilir. Digər dağlıq ərazilər kimi, Böyük Qafqazda da yağıntıların paylanmasında aşağıdakı qanunauyğunluq nəzərə çarpır: ən az atmosfer yağıntısı düzən və dağətəyi hissələrə düşür, hündürlüyün artması ilə yağıntıların miqdarı çoxalır, müəyyən yüksəklikdə maksimuma çatır və sonra yenidən azalır. Müşahidələr göstərir ki, Böyük Qafqazın cənub yamacında yağıntının miqdarı tədricən artır, 2400-3000 m-də maksimuma çatır (1400-1450 mm) və sonra tədricən azalaraq 3700-4400 m-də 1200-900 mm olur.               

İllik atmosfer yağıntılarının miqdarının hündürlükdən asılı olaraq dəyişməsi

 Yamaclar Hündürlük, m-lə
200 600 1000 1500 2000 2500 3000 3500 4000
Cənub-qərb yamac 440 750 980 1200 1340 1400 1380 1270 1080
Şimal-şərq yamac 380 550 680 480 500 560 700 600 600

Cədvəldən göründüyü kimi, Böyük Qafqazın cənub-qərb və şimal-şərq yamacları atmosfer yağıntılarının kəmiyyətinə görə kəskin fərqlənir. Belə ki, cənub-qərb yamacda 1000 m-dən yuxarı hündürlüklərdə atmosfer yağıntılarının miqdarı şimal-şərq yamaca nisbətən xeyli çoxdur

Şəkildən göründüyü kimi, burada ən çox yağıntı Böyük Qafqazın cənub yamacının şimal qərb hissəsinə  (Balakəndən İsmayıllıya qədər) ən az isə Abşeron yarımadasına düşür. Cənub yamacda yağıntıların çox düşməsi yamacların daha meylli, nisbətən yüksək termik şərait və havanı rütubətlə zənginləşdirən geniş meşə massivinin olması ilə izah edilir.                         

İlin isti dövründə yağıntıların miqdarı ən az Abşeronda (100 mm-dən az), Balakən-İsmayıllı ərazisində isə  nisbətən çox 600-800 mm və daha artıq müşahidə edilir [Аlpatyev А.М., 1954. 1969, Şıxlinski Ə.М., 1949]. Vilayətdə atmosfer yağıntılarının illik miqdarı 200-300 mm-lə 1400-1600 mm arasında dəyişir.

Böyük Qafqaz təbii vilayətində atmosfer yağıntılarının illik temperaturu

İlin soyuq dövründə (oktyabr-mart) ən az yağıntı şimal-şərq yamacda və cənub-şərq qurtaracaqda (150-200 mm), ən çox isə cənub yamacda (300-400 mm) nəzərə çarpır.                                

Yağıntıların gedişində bilavasitə dəniz sahilində yerləşən hissələrdən başqa ərazilərdə çox yaxşı ifadə olunmuş iki maksimum (may-iyun və sentyabr), və bir minimum (yanvar) müşahidə edilir. Qeyd etmək lazımdır ki, qərb hissədə daha aydın nəzərə çarpan payız (sentyabr) maksimumu şərqə doğru gəldikcə digər payız aylarındakı kəmiyyətdən o qədər də fərqlənmir. Şimal-şərq yamacda da sentyabr maksimumu digər aylardan kəskin fərqlənmir.                                            

Çayların qidalanmasında, deməli ölkənin su təchizatında qar örtüyünün də böyük əhəmiyyəti vardır. Böyük Qafqaz Azərbaycanda qar örtüyünün qalınlığı və davamiyyəti ilə seçilən ərazisidir. Bunun səbəbi əraziyə rütubətli qərb hava kütlələrinin daha çox daxil olması, yamacların daha meylli olmasıdır [Тürk L. 1958]. Qar örtüyünün davamiyyəti və qalınlığı Balakən-İsmayıllı ərazisində daha çox müşahidə edilir.                                                                            Cənub yamacın dağətəyi hissəsində Balakəndən Şamaxıya qədər olan ərazidə qar örtüyü 1-10 sm qalınlığında olur. Yüksəkliyə doğru onun qalınlığı artır və orta kəmiyyəti 45-65 sm hüdudunda dəyişir. Şimal-şərq yamacda qar örtüyünün qalınlığı 10-30 sm arasında tərəddüd edir. [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Coğrafiyası. III cild. Regional Coğrafiya. Bakı, 2015. səh 400.(M.S.Həsənov, X.Ş.Rəhimov)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]