Böyükağa Hüseynov

Böyükağa Hüseynov (7 mart 1926, Bakı31 may 1983, Bakı) — filologiya elmləri doktoru (1974), professor (1980), AMEA-nın müxbir üzvü (1980).[1][2]

Böyükağa Hüseynov
Doğum tarixi 7 mart 1926(1926-03-07)
Doğum yeri
Vəfat tarixi 31 may 1983(1983-05-31) (57 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Üzvlüyü

Böyükağa Hüseynov 7 mart 1926-cı ildə Bakıda anadan olub. Orta təhsilini 150 saylı məktəbdə alıb. Ali təhsilini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində başa vurduqdan sonra Moskva Şərqşünaslıq İnstitutunun İran şöbəsində təhsilini davam etdirib.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Böyükağa Hüseynov Bakıya qayıtdıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda və Kommunist Partiyası MK-nın Təbliğat şöbəsində və SSRİ EA-nın Asiya İnstitutunda məsul vəzifədə çalışıb. O, 1962–1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini vəzifəsini icra edib. Həmçinin 1966-cı ildən ömrünün sonuna kimi həmin institutun İran filologiyası şöbəsinə rəhbərlik edib.[1][2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Böyükağa Hüseynov 1962-ci ildə Moskva şəhərində "Mütərəqqi İran poeziyasında sovet mövzusu" adlı namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. 1980-ci ildə professor elmi adını alan Böyükağa Hüseynov elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Doktorluq dissertasiyalarının müdafiəsi üzrə Asiya və Afrika xalqları ədəbiyyatı İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri olub. O, Moskvada, Parisdə, Berlində, Praqada keçirilmiş Beynəlxalq konqres və simpoziumlarda məruzələr edib. O, 1970-ci ildə İranda, 1980-ci ildə Türkiyədə elmi ezamiyyətdə olub.[1][2]

Monoqrafiyaları

[redaktə | mənbəni redaktə et]
  • "Mütərəqqi fars poeziyasında Sovet mövzusu", Bakı, 1961;
  • "Rəvayətli ifadələr", Bakı, 1961;
  • "İran şairləri Sovet İttifaqı haqqında", M., 1965;
  • "XX əsr İran poeziyasında ənənə və novatorluq", Bakı, 1975;
  • "Sovet Azərbaycanında şərqşünaslıq", Bakı, 1964 və s.

Böyükağa Hüseynov bir neçə əsərin tərcüməçisi və 10-dan artıq əsərin elmi redaktoru, həmçinin 100-ə qədər elmi, 30 elmi-məlumat xarakterli məqalənin müəllifidir. Onun elmi əsərləri Azərbaycandan başqa İran, Türkiyə, Çexoslovakiya, Rusiya və başqa ölkələrdə çap olunub.[1]

Böyükağa Hüseynovun rəhbərliyi altında 14 nəfər elmi işçi, aspirant və dissertant namizədlik dissertasiyası müdafiə edilib. Eyni zamanda ömrünün son 5 ili ərzində Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində müəllim işləmişdir.[1][2]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İctimai, elmi, pedaqoji fəaliyyətilə yanaşı, Böyükağa Hüseynov bədii yaradıcılıqla da məşğul olub. O, şeirlərini və satirik hekayələrini "Böyükağa Faiq" təxəllüsü ilə "Ədəbiyyat və incəsənət", "Bakı" qəzetlərində, "Kirpi" jurnalında dərc etdirirdi. Alim Şərq dünyasının ədib və şairlərinin, mütəfəkkirlərinin əsərlərini dilimizə tərcümə edib. Nasir Xosrov, Ömər Xəyyam, Seyidəddin Urfi, Ehsan Təbəri, Nizari, Lahuti, Jalə, Nadir Nadirpur kimi fars-tacik müəlliflərinin yaradıcılığını araşdıran Böyükağa Hüseynov, eyni zamanda Q. Aristovun "Torpaq və Günəş", D. Sidorovun Xurafata inanmağın zərəri haqqında" adlı kitabların müəllifidir.[1][2]

Böyükağa Hüseynov 31 may 1983-cü ildə Bakıda vəfat edib.[1][2]

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • "Mütərəqqi fars poeziyasında fars mövzusu". Bakı, 1961.
  • "XX əsr fars şeirində ənənə və novatorluq". Bakı, 1975.
  • "Поэты Ирана о Советском Союзе". Москва, 1965.
  • Azərbaycan Sovet Ensiklopediyası. X cild, Bakı, 1987.
  • Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı.(Tərtibçı: Afaq Əsədova). II, Bakı,2005
  1. 1 2 3 4 5 6 7 8 "Hüseynov Böyükağa Murtuza oğlu" (Azərbaycan). science.gov.az. 21-09-2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 "Şərqşünaslıq elminin inkişafında əvəzsiz xidmətləri olan alim" (Azərbaycan). medeniyyet.az. 2020-01-05 tarixində arxivləşdirilib.