Böyükdaş yaşayış yeri

Böyükdaş yaşayış yeriAzərbaycan ərazisində arxeoloji abidə.

Böyükdaş yaşayış yeri eyni adlı dağın üst hissəsində aşkar edilmişdir. Yaşayış yerinin çox hissəsi Duvannı daş karxanası tərəfindən dağıdılmışdır. Qobustan arxeoloji ekspedisiyası bu yaşayış yerində 318 m² sahədə qazıntı işləri aparmışdır. Burada bir sıra daşdan hörülmüş dördkünc planlı, çoxotaqlı binanın qalıqları aşkar edilmişdir. Dağılmış tikinti qalıqları arasında, üzərində çubuq izləri olan gil suvaq parçalarına rast gəlinmişdir.

Qazıntılar zamanı 3 №-li otaqdan oval formalı ocaq, onun yaxınlığında isə suvaq qalıqları aşkara çıxarılmışdır. Onun ətrafı, uzun müddət yanan ocağın təsirindən qızarmışdı. Ocaqdan şimalda, içərisinə dağdağan toxumu yığılmış dairəvi qurğulara rast gəlinmişdir.

1 və 2 №-li otaqların mərkəzi hissəsində, içərisi küllə dolmuş, dairəvi formalı ocaqlar aşkar olunmuşdur. Buradan müxtəlif gil qab parçaları, manqal qalıqları, dən daşları, sürtgəclər, toxa və oraq dişləri də əldə edilmişdir. Çay daşlarından hazırlanmış əmək alətləri çoxluq təşkil edir.

Şübhəsiz ki, bu bina cüt nikah əsasında qurulmuş patriarxal ailəyə mənsub olmuşdur. F.М.Мuradova arxeoloji materiallara əsasən, bu yaşayış yerini e.ə. III minilliyin sonu və II minilliyin başlanğıcına aid etmişdir.

  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007