Bünyad Sərdarov (alim)

Bünyad Sərdar oğlu Sərdarov (7 oktyabr 1944, Qaryagin rayonu9 iyul 2017, Bakı) — Azərbaycanın görkəmli elm və təhsil xadimi, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru (1981–1993), professor.

Bünyad Sərdarov
Doğum tarixi 7 oktyabr 1944(1944-10-07)
Doğum yeri
Vəfat tarixi 9 iyul 2017(2017-07-09) (72 yaşında)
Vəfat yeri
Atası Sərdar Sərdarov
Elmi adı
İş yerləri
Təhsili
Tanınmış yetirməsi Cəlal Qasımov
Mükafatları Azərbaycan SSR əməkdar ali məktəb işçisi

Bünyad Sərdarov 7 oktyabr 1944-cü ildə Füzuli rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1966-cı ildə həmin institutun inşaat fakültəsində "Sənaye və mülki tikinti" ixtisası üzrə diplom layihəsi müdafiə edərək inşaat mühəndisi ixtisasına yiyələnmişdir.

B. Sərdarov instituta daxil olana qədər Bakgiproqor və Azərdövlətlayihə institutlarında texnik vəzifəsində çalışımşdır. İnstitutda aldığı nəzəri bilikləri daha da dərinləşdirmək üçün təhsil aldığı dövrdə Azərdövlətlayihə İnstitutunda işləməkdə davam etmiş, yay tətili dövrlərində isə keçmiş SSRİ-nin ən qabaqcıl sənaye tikintisi sahələrində, Moskva Pİ-2 saylı Layihə İnstitutunda çalışmışdır.

B. Sərdarov 1966-cı ildə institutu bitirdikdən sonra S. Dadaşov adına Azərbaycan Elmi-Tədqiqat Tikinti Materialları və Qurğuları İnstitutunda işləmişdir.

1966-cı ildən Bünyad Sərdarov tikinti təhsili sahəsində işləyir. Əvvəlcə о, inşaat materialları kafedrasında laboratoriya müdiri və assistent, 1968-ci ilin sentyabr ayından isə respublika hökumətinin qərarı ilə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində yaradılmış Yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrasına beş nəfər müəllimlə birlikdə assisent vəzifəsinə keçirilmişdir.

B. Sərdarov 1969-cu ildə elmi-tədqiqat və metodik təcrübəsini artırmaq məqsədilə V. V. Kuybışev adına İnşaat Mühəndisləri İnstitutunun aspiranturasına (əyani şöbə) daxil olmuş və 1973-cü ildə həmin institutun elmi şurasında vaxtından əvvəl, namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra о, Bakıda Yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrasında işini davam etdirmişdir.

1975-ci ildə İngiltərə dövlətinin dəvəti ilə keçmiş SSRİ-nin 30 gənc elmi işçisi ilə birlikdə London Universitetində elmi iş aparmışdır. B. Sərdarovun "Skanlayıcı elektron mikroskopu vasitəsilə çoxməsafəli betonların strukturunun tədqiqi" adlı elmi işi London Universitetində yeni tədqiqat istiqamətinin əsasını qoymuş, aparılmış işin nəticələri isə elmi məqalə və dərsliklərdə öz əksini tapmış, elmi konfranslarda dinlənilmişdir.

B. Sərdarov 1975-ci ildə Cənubi Qafqazda ilk dəfə təşkil edilən İnşaat Mühəndisləri İnstitutuna — yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna keçirilmişdir.

О, 1978-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə işə dəvət olunmuşdur. Əvvəlcə təlimatçı, bir il sonra isə elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsində işləmiş, Azərbaycanda elm və təhsilin təşkili məsələləri ilə məşğul olmuşdur.

1981-ci ilin yanvarında respublika Ali Təhsil Nazirliyinin və SSRİ Ali və Orta Təhsil Nazirliyi kollegiyasının qərarı ilə B. Sərdarov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru təyin edilmişdir.

1993-cü ilin yanvarında B. Sərdarov Azərbaycan Təhsil Nazirliyinin yeritdiyi siyasətlə razılaşmadığı üçün rektor vəzifəsindən istefa vermişdir. Həmin ilin iyun ayında о, İstanbul Texniki Universitetinin inşaat fakültəsində professor vəzifəsində işləmək üçün dəvət almışdır.

1990–1995-ci illərdə Füzuli dairəsi üzrə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.

О, 1994-cü ildə "Kverner" norveç-ingilis tikinti firması nümayəndəliyinin məsləhətçisi olmuşdur. 1995–2000-ci illərdə Azərbaycanda "Secvik" ingilis firması nümayəndəliyinin direktoru, habelə həmin firmanın Böyük Britaniyadakı direktorlar şurasının üzvü olmuşdur.

B. Sərdarov 100-dən artıq elmi-metodik əsər, о cümlədən Azərbaycan dilində yazılmış 4 dərsliyin müəllifidir.

9 iyul 2017-ci ildə 72 yaşında Bakıda vəfat edib.

1990-cı ildə B. Sərdarova Azərbaycan SSR-nin "Əməkdar ali məktəb işçisi" adı verilmişdir. Mexiko-Siti Universitetinin (Meksika) Fəxri medalı ilə təltif edilmişdir.

Məşhur inqilabçı Bünyad Sərdarovun nəvəsi idi.