Variantlılıq — şifahi ədəbiyyatda hər hansı əsərin (məsələn bayatının, nağılın, dastanın və ya aşıq şeirinin) ayrı-ayrı şəxslər tərəfindən söylənirkən mətnindəki müxtəliflik. Çoxvariantlılıq şifahi xalq ədəbiyyatını yazılı ədəbiyyatdan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Məsələn, Aşıq Ələsgərin "Düşdü" rədifli qoşmasında möhürbənd iki variantda mövcuddur.
Ələsgərəm, hər elmidən halıyam,
Gözəl, sən dərdlisən, mən yaralıyam
Ələsgər, hər elmidən halıyam,
Dedim, sən təbibsən, mən yaralıyam.
Variantlılığa yazılı ədəbiyyatda da rast gəlinir. Məsələn, Süleyman Rəhimov "Şamo" romanının çox yığcam I varinatını 1931 ci ildə çap etdirib. Sonralar bu əsəri yenidən işləyib, 5 cildlik variantını hazırlamışdır. Epopeyanın I cildi 1952 və 1955- ci illərdə, II cildi 1953 və 1956- cı illərdə , III cildi 1964-cü ildə, IV cildi 1977- ci ildə, nəhayət V cildi isə 1978-ci ildə çap olunmuşdur. Səməd Vurğun "Vaqif" dramının ilk variantını Vaqifin toyu ilə başlayır. Müxtəlif variantlar tərcümə işində də olur.[1]
Folklorumuzun digər janrları kimi aşıq şeirinin də müasir dövrdə toplanması gərəkli və vacib məsələlərdəndir. Məlumdur ki, folklor nümunələri, o cümlədən aşıq şeirləri dildən-dilə, ağızdan-ağıza keçir, onların müxtəlif variantları meydana gəlir. Belə ki, müxtəlif aşıqların və el şairlərinin yaradıcılıq irsi nə qədər toplanıb nəşr olunsa da, bugünkü zamanımızda da xalq arasında onların şeirlərinin müxtəlif variantları dolaşmaqdadır. Bu şifahi yaddaşa məxsus folklorlaşma prosesidir.
Aşıq Şəmşir XX əsr Azərbaycan aşıq şeirinin böyük sənətkarlarından olan, şeirləri həm sovet dövründə, həm də müstəqillik əldə etdikdən sonra ən çox çap olunan aşıqlardandır. Aşıq Şəmşir həm də yaradıcılığını sağlığında kitab şəklində görmək xoşbəxtliyi qismət olan sənətkarlardandır. Sənətkarın ədəbi irsinin toplanılması və nəşrinə, əsasən, XX əsrin 50-ci illərindən başlanılmışdır.
Bu sahədə xeyli təqdirəlayiq işlər görülmüşdür. Aşıq Şəmşir yaradıcılığa əsrin əvvəllərində başlasa da, əsərlərinin sistemli şəkildə toplanılıb nəşr edilməsi keçən əsrin 50-ci illərindən sonra daha sürətli getmişdir. Bu zamana kimi Şəmşir böyük yaradıcılıq yolu keçməsinə baxmayaraq, şeirləri ancaq xalq arasında oxunmuş, aşıqların ifasında yayılmışdır. Onun daha da məşhurlaşmasında, bütün Azər-baycanda tanınmasında xalq şairi Səməd Vurğunla məşhur görüşü böyük rol oynamışdır. S.Vurğun 1955-ci ildə Kəlbəcərdə olduğu zaman aşıqla yaxından tanış olmuş və əsərlərinin nəşr olunmasını məsləhət bilmişdir. Aşıq Şəmşir irsinin nəşri və tədqiqi tarixini şərti olaraq iki yerə bölmək olar: 1. Sovet dövründə apa-rılan nəşr və tədqiq işləri; 2. Müstəqillik dövründə aparılan nəşr və tədqiq işləri.
Qeyd etmək lazımdır ki, həm sovet dövründə, həm də müstəqillik əldə et-diyimiz dövrdən sonra aşığın əsərlərinin nəşri və tədqiqi sahəsində səmərəli işlər görülmüşdür. Aşıq Şəmşirin ilk dəfə olaraq şeirləri 1939-cu ildə M.H.Təhmasib və S.Məmmədovanın tərtib etdikləri «Aşığın səsi» kitabında nəşr edilmişdir.[2]
Topluya sənətkarın yeddi qoşması və bir divanisi daxil edilmişdir. Kitabın sonunda aşıqların həyatı haqqında qısa bioqrafik məlumat verilmişdir. Burada Şəmşirin təvəllüd tarixi haqqında yanlış məlumat getmiş və aşığın 1903-cü ildə Kəlbəcərin Ağdaban kəndində anadan olduğu göstərilmişdir. Halbuki Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, 1903-cü ildə isə Ağdabana köçmüşdür. 1956-cı ildən başlayaraq Şəmşirin şeirləri müxtəlif mətbuat orqanlarında çap olunmuşdur. Əsərlərinin nəşri və öyrənilməsi aşığın sağlığından başlayaraq indiyədək maraqlı bir inkişaf yolu keçmişdir. «Şeirlər» adlı ilk kitabı 1959-cu ildə O.Sarıvəllinin tərtibi və redaktorluğu ilə işıq üzü görmüşdür.[3]
Aşıq Şəmşir irsinin nəşri və tədqiqi tarixinin ikinci mərhələsində müstəqillik dövründə diqqəti cəlb edən hadisələrdən biri 1996-cı ildə Q.Şəmşiroğlu və F.Quliyevin toplayıb tərtib etdikləri «Öyüdlər» kitabının çapı oldu.[4]