Bəhruz Kəngərli muzeyi — Azərbaycan rəssamı, boyakar və qrafik Bəhruz Kəngərlinin xatirəsinə yaradılmış muzey. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində, Atatürk və İstiqlal küçələrinin kəsişməsində yerləşir.
Bəhruz Kəngərli muzeyi | |
---|---|
Əsası qoyulub | 22 may 2001 |
Açılış tarixi | 18 iyun 2002 |
Yenidən təşkil olunub | 24 iyun 2013 |
Ölkə | |
Yerləşir | Naxçıvan, Naxçıvan MR, Azərbaycan |
Ünvan | Naxçıvan şəhəri, Atatürk küçəsi 17 |
Kolleksiyası | 900+ |
Telefon | (+994 36) 554-33-29 |
39°12′40″ şm. e. 45°24′50″ ş. u.HGYO | |
behruzkengerli.nakhchivan.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı[1] ilə Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmışdır.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 2002-ci il 18 iyun tarixində bu muzeyin açılışında iştirak etmiş və nitq söyləmişdir.
2013-cü il iyunun 24-də Bəhruz Kəngərli muzeyinin binasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.[1]
Binası tarixi-memarlıq abidəsidir. 1897-ci ildə Naxçıvan qızlar məktəbi üçün tikilmişdir.
Ümumi sahəsi 560 m²-dir. Şərq və qərb memarlıq elementlərinin sintezindən tikilmiş ikimərtəbəli binanın birinci mərtəbəsində 7, ikinci mərtəbəsində isə 5 otaq yerləşir. Hər iki mərtəbədəki otaqlara giriş dəhlizlərdəndir. İkinci mərtəbədə qərb tərəfə baxan 1 ədəd balkon var. Bina iqlim şərtlərinə uyğun olaraq çiy kərpicdən tikilmiş və fasadı bişmiş kərpiclə üzlənmişdir. Divarların qalınlığı 90 sm-dir. Binaya giriş şimaldandır. XX əsrdə binadan tədris müəssisəsi kimi istifadə olunmuşdur. Əvvəlcə pedaqoji texnikum, sonra isə Heyran xanım adına tibb texnikumu yerləşmişdir.
Burada 350-yə yaxın maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır və nümayiş etdirilir ki, bunların da 56-sı rəssamın əsərlərinin orijinalı, 300-ü isə foto surətlərindən, habelə ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlərdən, məişət əşyalarından və digər materiallardan ibarətdir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.[2] Bu sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Tədbirlər Planı hazırlanaraq həyata keçirilmişdir. Tədbirlər Planına əsasən, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan 191 əsərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilmişdir. Həmin vaxtdan muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri vardır. Bu rəsm əsərlərindən 58-i orijinaldır.[1] [3]