1846-cı il reskripti - Çar Rusiyasında Azərbaycanlı bəy və ağaların torpaq hüququnu təsdiq edən sərəncamdır.
Mixail Vorontsovun Qafqaz canişini təyin edildikdən sonra qarşısında duran əsas məqsədlərdən biri ali müsəlman silkinin hüquqlarının qaydaya salınması idi. Qəbul edilmiş əvvəlki qərarlara etitaz hakimiyyəti güzəştə getməyə vadar etdi Uzun müddət davam edən hazırlıq işlərindən sonra sərəncam hazırlandı. Nəhayət 6 dekabr 1846-cı ildə I Nikolay bəy və ağaların hüquqları haqqında reskript imzaladı.
12 maddədən olan sərəncamda on maddə bəy və ağaların torpaq hüququna, iki maddə isə feodal-kəndli münasibətlərinə aid idi. Bu reskriptdə ilk dəfə bəy və ağalara məxsus torpaqların irsi mülkiyyəti kimi qəbul edilirdi. Mülk, mülki-xalisə torpaqları ilə yanaşı tiyul torpaqlarıda rəsmən bəylərin mülkiyyəti elan olunurdu. İrsi istifadəyə verilən torpaqlar alqı-satqıya qoyula, bəxşiş edilə bilərdi. Lakin bəy və ağa torpaqları özgə silklərə keçə bilməzdi.
Bu reskript feodala kəndlilər arasında qayda-qanun yaratmaq və onlar üzərində polis idarə üsulunu həyata keçirmək hüququ verilirdi.
Sahibkar kəndliləri rəiyyət, rəncbər, nökər, elat əvəzinə ümumi olaraq mülkədar tabelisi adlandırmağa başladılar.
Reskript müsəlman mülkədarları mərkəzi hakimiyyətə yaxınlaşdırmaq məqsədi güdürdü. Belə "mərhəmət" qarşılığında bəylər dövlətə can-başla xidmət etməli idilər. Bu sənədlə ali müsəlman silki Rusiya zadəganları ilə bərabər torpaq hüququna malik oldular. Ancaq onlar milli ayrı seçkiliyə görə bölgənin idarəsində iştirak edə bilməzdilər.