BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya

BMT-nin immunitet və imtiyazları haqqında KonvensiyaBMT Baş Assambleyası tərəfindən 13 fevral 1946-cı ildə qəbul edilib. Bəzən Nyu-York Konvensiyası da adlandırılır.

BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya
İmzalanma tarixi 13 fevral 1946
İmzalanma yeri Nyu-York
Qüvvəyə minməsi 17 sentyabr 1946
Tərəflər 162

1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılması müasir diplomatiya hüququnun proqressiv inkişafı yolunda mühüm təkan oldu. Belə ki, 19461947-ci illərdə BMT iki konvensiya qəbul etdi; BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya və BMT-nin ixtisaslaşdırılmış qurumlarının immunitet və imtiyazları haqqında Konvensiya. Hər iki konvensiya müasir diplomatiya hüququnda immunitet və imtiyaz institutunun inkişafına mühüm töhfə idi.

1946-cı il Konvensiyasında qeyd olunduğu kimi, bu konvensiyanın işlənib hazırlanmasının hüquqi əsasını Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 104-105-ci maddələri təşkil edir. Bu maddələrdə deyilir ki, təşkilat onun üzvlərinin hər birinin ərazisində funksiyalarının yerinə yetirilməsi və məqsədlərinə çatması üçün vacib olan hüquq qabiliyyətindən istifadə edir. Bununla yanaşı, BMT Nizamnaməsində qeyd olunur ki, öz funksiyalarının həyata keçirilməsinin vacibliyi ilə təşkilatın özünə verilən immunitet və imtiyazların həcmi, təşkilat üzvlərinin nümayəndələrinin və təşkilatın vəzifəli şəxslərinin funksiyalarının səmərəli həyata keçirilməsinin vacibliyi ilə onlara verilən immunitet və imtiyazların həcmi müəyyən olunur. Başqa sözlə ifadə etsək, BMT rejiminin, onun üzvlərinin nümayəndələrinin və onun vəzifəli şəxslərinin rejiminin əsasında funksional zərurət nəzəriyyəsi durur.

BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası (Ümumi Konvensiya) 36 bölməni əhatə edən 9 maddədən ibarətdir. Bu konvensiyada təşkilat üzvlərinin nümayəndələrinin hüquqi vəziyyəti (IV maddə), BMT-nin vəzifəli şəxslərinin hüquqi statusu (V maddə), ekspertlərin immunitet və imtiyaz məsələləri (VI maddə), BMT-nin əmlakı, arxiv və sənədlərinin toxunulmazlığı (II maddə) və s. məsələlər tənzimlənir.

Ümumi Konvensiyanın 36-cı maddəsi əsasında BMT-nin Baş katibi ilə ABŞ-nin dövlət katibi arasında 1947-ci ildə “ABŞ ərazisində BMT və onun orqanlarının yerləşdiyi zolağın hüquqi vəziyyəti haqqında” xüsusi saziş imzalanmışdır. Həmin sazişə əsasən ABŞ ərazisində BMT orqanlarının və əməkdaşlarının toxunulmazlığı, diplomatik immunitet hüququ təsdiq edilir. Buna oxşar sazişlər BMT orqanlarının yerləşdiyi digər müvafiq dövlətlərlə də bağlanmışdır.

  • H.A.Qasımova. Xarici əlaqələr hüququ. Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 480 səh.