Bağırsaq balantidisi

Bağırsaq balantidisi lat. Balantidium coli - insanın bağırsağında yaşayan parazit olub, xroniki dizenteriya əmələ gətirir. Parazitin uzunluğu 30-200 mkm, eni isə 20-70 mkm-dir. Bədənin ön hissəsində infuzorlar üçün xarakter olan sitostom yerləşir. Sitostom peristomdan və qıfabənzər udlaqdan ibarətdir. Sitostom formaca yarıq şəklində olub, perpendikulyar yerləşir. Bədənin ortasında lobya formalı iri nüvə (makronukleus) və onun əyilmiş tərəfində isə dairəvi kiçik nüvə (mikronukleus) yerləşir. İki yığılıb-açılan ifrazat vakuolu vardır. Müxtəlif qida qalıqları və eritrositlər parazitin qidasını təşkil edir.

İnkişaf dövriyyəsi[redaktə | mənbəni redaktə et]

Parazit yoğun bağırsaqda, az hallarda nazik bağırsağın aşağı şöbələrində yaşayır. Bağırsaq balantidisinin inkişafı vegetativ və sista mərhələlərindən ibarətdir. İnsan ümumi gigiyenik qaydalara riayət etmədikdə parazitin sistası ilə yoluxur. Sista xaricdən qalın ikiqatlı membranla əhatə olunmuşdur. Sistada rənglənmiş preparatda makronukleus aydın görünür. Sitoplazmasında dənəvərlik və bəzən də vakuol olur. Həzm sisteminə daxil olmuş sistanın örtüyü həzm fermentlərinin təsirindən əriyir, sista vegetativ formaya çevrilir.

Vegetativ forma Bədən xaricdən pellikula ilə örtülmüşdür. Pellikula-nın üzərində 10-12 mkm uzunluqda kirpiklər yerləşir. Mərkəzində mikro və makronukleus aydın görünür. Makronukleusun uzunluğu 7-10 mkm-dir. Vegetativ forma bağırsaqda qeyri-cinsiyyətli yolla ikiyə bölünərək çoxalır. Bəzən bağırsağın selikli qişası müxtəlif amillərdən və xüsusən parazit qurdların təsirindən zədələnir, balantidi toxumaya daxil olur, orada dərin yaralar əmələ gətirir. Parazitin bağırsaq toxumasının dərin qatlarına keçməsi parazitdə metabolizmin məhsulu hialurinidaza hesabına başa gəlir. Bağırsağın zədələnmiş nahiyəsində qansızma və nəcisdə qan olur. Yoğun bağırsağın aşağı şöbələrində parazitin törətdiyi yaralara və toxuma eroziyasına daha çox təsadüf edilir. Yoğun bağırsaqda zədələnmə ilə yanaşı, həm də xəstədə C avitaminozu və qanda eozinofiliya baş verir. Kəskin balantidioz zamanı isə yüksək temperatur, baş ağrısı, ürəkbulanma, qusma və s. baş verir. Belə xəstələr gündə 10-20 dəfə defekasiya edir və hər dəfə nəcis qanla qarışıq formada xaric olunur. Xəstə şiddətli qarın ağrısından şikayətlənir və tez arıqlayır. Xəstəliyin müddəti 2 aya kimidir, müalicə olunmadıqda isə xroniki hal alır. Belə halda xəstəlik 5-10 il müddətində fasiləli olaraq özünü göstərə bilər. Xəstəliyin kritik halı ölümlə qurtarır. Bağırsaq balantidisinin vegetativ forması sahibin bədənindən xarici mühitə düşdükdə bir neçə saat həyat qabiliyyətini saxlayır. Anaerob şəraitdə, otaq temperaturunda isə 10 günə kimi yaşayır. Sista qeyri-əlverişli şəraitə dözümlü olub rütubətli otaq şəraitində 2 aya kimi, quru mühitdə (18 °C-də) isə 1 - 2 həftə yaşayır. Günəş şüaları altında 3 saatdan sonra məhv olur. Parazitin sistası qələvi mühitdə 15 gün, sidikdə 10 gün, mədə şirəsində 12 saat, 10%-li formalində isə 4 saat həyat qabiliyyətini saxlaya bilir. Parazit qeyri-cinsiyyətli yolla çoxalmaqla yanaşı, vaxtaşırı konyuqasiya yolu ilə cinsiyyətli çoxalmaya da malikdir. Balantidiozun insana yoluxma mənbəyi ev və çöl donuzlarıdır. Bəzən donuzçuluq fermalarında adamların parazitlə yoluxması 100 %-ə çata bilər.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı - 2008, 839 səh.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

https://www.ncbi.nlm.nih.gov/Taxonomy/Browser/wwwtax.cgi?mode=Info&id=71585