Bakı şəhər inqilabi müdafiə komitəsi-Bakıda mart soyqırımı zamanı yaradılmış daşnak-bolşevik hərbi-siyasi orqanı.
Bakı şəhər inqilabi müdafiə komitəsi 1918 il martın 30-dan 31-nə keçən gecə daşnak-bolşevik hərbi-siyasi orqanı olaraq Bakıda təşkil olunmuşdur. İnqilabi Müdafiə Komitəsi (İMK) martın 31-də özünün tərkibi və vəzifələri haqqında müraciətində Bakı şəhərinin və onun rayonlarının bütün sovet təşkilatlarını birləşdirən ali hərbi-siyasi orqan olduğunu elan etdi. Müraciət "hamını silaha sarılıb, sovet hakimiyyətini xalq düşmənlərindən müdafiə etməyə" çağırırdı. İMK öz fəaliyyəti haqqında Bakı Sovetinə vaxtaşırı məlumat və Qafqaz Fəhlə, Kəndli, Əsgər və Matros Deputatları Sovetlərinin qurultayı qarşısında hesabat verəcəyini bildirirdi[1].
Komitənin tərkibinə Rusiya Xalq Komissarları Sovetinin Qafqaz işləri üzrə fövqəladə komissarı S.Şaumyan, Qafqaz ordusu Hərbi-İnqilab Komitəsinin sədri Q.Korqanov, Bakı Fəhlə, Əsgər və Martos Deputatları Sovetinin sədri P.Çaparidze, Bakı Hərbi-İnqilab Komitəsinin sədri İ.Suxartsev, S.Saakyan, S.Melik-Yolçyan və başqaları daxil idilər. Müraciətdə İMK tərkibinə daxil olmaq üçün " milli təşkilatların nümayəndələrinin rədd edildiyi" bildirilsə də, "əksinqilabla vuruşmada erməni milli hissələrindən istifadə etmək və hələ sağ eserlərin və daşnakların arxasınca gedən fəhlələri sovet hakimiyyəti tərəfində mübarizəyə cəlb etmək üçün İMK-ə həmin partiyaların nümayəndələrinin də dəvət olunduğu" göstərilirdi. Bu da təsadüfü deyildi, çünki S.Saakyan Bakı sağ eserlərinin, S.Melik-Yolçyan isə "Daşnaksutyun" partiyasının Bakı təşkilatının lideri idilər.
İMK öz fəaliyyəti haqqında Bakı Sovetinə vaxtaşırı məlumat və Qafqaz Fəhlə, Kəndli, Əsgər və Matros Deputatları Sovetlərinin qurultayı qarşısında hesabat verəcəyini bildirirdi. "Əksinqilabla vuruşma" çağırışı daşnak-bolşevik güruhunun başçısı S.Şaumyanın qabaqcadan hazırladığı plana uyğun olaraq Azərbaycanın milli qüvvələrinə qarşı çevrildi və Bakının türk-müsəlman əhalisinin kütləvi soyqırımı ilə nəticələndi. Bolşevik-daşnak cəlladlarının bu qanlı cinayətləri tarixə Bakının türk-müsəlman əhalisinə qarşı mart soyqırımı kimi daxil oldu. Sovet qoşunları İMK-nin çağırışı ilə martın 31 -də topların, təyyarələrin və Xəzər hərbi donanmasının köməyi ilə Bakının silahsız türk-müsəlman əhalisinə qarşı hücuma keçdilər. S.Şaumyan, P.Çaparidze, Q.Korqanov ve İ.Suxartsev tərəfindən imzalanmış 1918 il 31 mart tarixli müraciətdə bildirilirdi ki, "bundan sonra silahlı qüvvələrin bütün əməliyyatına inqilabi müdafiə komitəsi rəhbərlik edəcəkdir". İMK-nin əmri ilə müsəlman məhəllələrinin Xəzər hərbi donanması gəmilərindən atəşə tutulması şəhərdə vahiməni daha da artırdı. İMK-nin qərarı ilə "Bakıda mühasirə vəziyyəti" elan olundu. Komitə, həmçinin, "Müsavat" partiyasına və milli müsəlman qruplarına ultimatum verərək, onlardan Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin hakimiyyətini danışıqsız tanımağı və onun bütün sərəncamlarına tabe olmağı tələb etdi. Çıxılmaz vəziyyət yarandığını görən "Müsavat" liderləri əhalini xilas etmək üçün İMK-nin ultimatumunu qəbul etməyə mecbur oldular. Buna baxmayaraq, danışıq aparmaq üçün Bakı Sovetinin İcraiyyə Komitəsinə gələn müsəlman heyətindən üç nəfər geri qayıdarkən yolda güllələndi. Azərbaycan milli qüvvələrinin fəaliyyəti qarşısına sədd çəkən, türk-müsəlman əhaliyə divan tutulmasına başçılıq edən İMK bir çox radikal tədbirlər həyata keçirdi:
Bakı Soveti İMK-nin fəaliyyətini yüksək qiymətləndirdi, komitənin taktikasını tamamilə düzgün saydığını, ona tam etibar etdiyini bildirdi və hərtərəfli, fəal yardım göstərəcəyini vəd etdi. Beləliklə, o zaman Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik qüvvələrinin əlində olan İMK, Bakı Soveti və Bakı Xalq Komissarları Soveti Azərbaycan xalqına qarşı soyqırımını birlikdə həyata keçirdilər.