Bakı Şəhərinin Müvəqqəti Hərbi İnqilab Komitəsi

Hərbi İnqilab Komitəsi — 1917 il dekabrın 12-də Bakı qarnizonunda və şəhərdə asayişi bərpa etmək adı altında yaradılmış hakimiyyət orqanı.

Bakı Şəhərinin müvəqqəti inqilab komitəsi 1917 il dekabrın 12-də yaradılmışdı. Bakı Fəhlə və Əsgər Deputatları Soveti İcraiyyə Komitəsinin təcili iclasında təşkil edilmişdi. Bakı Soveti yanında yaradılmış Hərbi inqilab komitəsinə "ən geniş səlahiyyət" verilmişdi. Hərbi inqilab komitəsinin hakimiyyəti, bütünlükdə, qarnizon və şəhərə şamil edilmişdi.

Bakı Soveti İcraiyyə Komitəsinin qərarına əsasən, "qarnizonun rota, polk və s. komitələri özlərini hissələrdə hərbi inqilab komitələri elan edir" və hərbi inqilab komitəsinin "qərar və sərəncamlarını rəhbər tutaraq, yerlərdə ən ciddi surətdə hərtərəfli fəaliyyət" göstərirdilər. Hərbi inqilab komitəsi öz tərkibindən hərbi inqilab məhkəməsi təşkil etmişdi. Komitə əhaliyə müraciətlərində qərarlarının danışıqsız yerinə yetirilməsini tələb edir, sovet hakimiyyətinin düşmənlərinə qarşı amansız mübarizə aparmağa çağırır, lazım gəldikdə silahlı qüvvə də tətbiq ediləcəyini bildirirdi. Bakı şəhərinin müvəqqəti hərbi inqilab komitəsi Bakıda mart soyqırımı zamanı yaradılmış inqilabi müdafiə komitəsi tərkibində işini davam etdirmişdir. Bakı şəhərinin müvəqqəti hərbi inqilab komitəsinin sədri İ. Suxartsev inqilabi müdafiə komitəsinin üzvü idi.[1]

Bakı şəhərinin müvəqqəti hərbi inqilab komitəsi Azərbaycan xalqına qarşı 1918 il mart soyqırımını həyata keçirən hakimiyyət orqanı olmuşdur[2].

  • Azərbaycan Xalq Cümhuriyyəti — 90: (1918 – 1920): Biblioqrafiya /Tərtib edəni: Ş. Nağıyeva., İxtisas redaktoru K. Tahirov.- B., 2008.- 256 s.
  • Məmmədov X. Azərbaycan milli hərəkatı (1875–1918). B" 1996, 174 s.
  • Rüstəmbəyli M. Çarpışan qüvvələr. B., 1991, 184 s.
  1. "Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)". 2019-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
  2. Azerbaycan_Xalq_Cumhuriyyeti_Ensiklopediyasi_I_cild (1).pdf