Bakı Əmək Birjası — tələb və təklif əsasında sahibkarlarla fəhlələr arasında vasitəçilik edən, habelə əmək bazarının uçotu və tənzimlənməsi sahəsində fəaliyyət göstərən müəssisə.
Bakı Əmək Birjası Bakı şəhər ictimai idarəsi tərəfindən təsis olunmuşdu. Nizamnaməsi 1918-ci il yanvarın 13-də Bakı Şəhər Dumasında təsdiq edilən birja həmin ilin fevralından fəaliyyətə başlamışdı. Birjanın proqramının hazırlanmasında Petroqrad birjasının təcrübəsindən istifadə olunmuşdu. Rusiya birjalarında tətbiq olunan qaydalar isə Almaniya bələdiyyə əmək birjalarının təcrübəsinə əsaslanırdı. Əmək bazarını tənzimləyən birjanın yaradılması zərurəti təsərrüfatın dağılmasından və işsizlikdən irəli gəlirdi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra fəaliyyətini davam etdirən Bakı Əmək Birjası əhalinin ümumi məşğulluğunun təmin edilməsində müəyyən rol oynamışdır. Bakı Əmək Birjası əməyə tələb və təklifləri qeydiyyata alır, işə götürülməkdə vasitəçilik xidməti göstərir, əmək bazarının statistikasını müəyyənləşdirdi. Birjanın fəaliyyəti bütün əmək növlərini əhatə edirdi. Birja hər iki tərəfə pulsuz xidmət göstərir, onları yalnız peşə və işə götürülmə şərtləri barədə məlumatlandırır, heç bir tövsiyə və zəmanət vermirdi. Bakı birjası fəhlə peşə təşkilatlarının nümayəndələrindən və işə götürən təşkilatların təmsilçilərindən ibarət 8 nəfərlik komitə (hərəsindən 4 nəfər) tərəfindən idarə olunurdu. Onun sədrini və sədr müavinlərini Bakı Şəhər Duması seçirdi. Bütün fəaliyyəti dövründə (1918, fevral - 1919, noyabr) əmək birjası tərəfindən 14660 işsiz qeydə alınmış və onların işlə təmin olunması üçün 8569 iş yeri təklif edilmişdi.[1]