Bakı Xalq Təsərrüfatı Şurası (BXTŞ) — Bakı Xalq Komissarları Sovetinin (BXKS) xalq təsərrüfatının təşkili və idarəsi orqanı[1].
Bu barədə ilk dəfə Bakı fəhlə, əsgər və matros deputatları sovetinin 1918-ci il 19 aprel tarixli qətnaməsində bəhs edilmişdir. Burada Bakı Xalq Təsərrüfatı Şurası sədrinin xalq təsərrüfatı işlərinə baxan komissar hüququ ilə XKS-nə daxil olması qeyd edilirdi. Aprelin 25-də BXKS təşkil olunduqda, onun tərkibində Bakı Xalq Təsərrüfatı Şurası da yaradılmış, sədri İvan Fioletov təyin edilmişdi. BXTŞ-nın səlahiyyəti və hüquqi vəziyyəti onun hazırladığı və Bakı XKS-nin qəbul etdiyi bəyannamədə əks olunmuşdu. Bu orqan ikiqat tabeçilikdə idi. Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Xalq Təsərrüfatı Ali Şurasının (1917-ci il dekabrın 2 (15)-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi və XKS tərəfindən yaradılmışdı) yerli və Bakı Sovetinin təsərrüfatı idarə orqanı idi. Xalq təsərrüfatının idarə olunması sahəsində geniş hüquqlarla yanaşı müsadirə etmək, daşınar və daşınmaz əmlaka sekvestr qoymaq səlahiyyəti də var idi. Rəhbər orqanı plenum, plenar iclaslar arasındakı dövrdə rəyasət heyəti idi. Bakı Xalq Təsərrüfatı Şurası plenumunun 1918-ci il 10 may tarixli qərarına görə, bu təşkilat neft, mexaniki istehsal, su nəqliyyatı, ticarət, texniki-təşkilat və statistika şöbələrindən ibarət idi. Yerli idarəni həyata keçirmək məqsədilə Bakı Xalq Təsərrüfatı Şurasının rayon komitələri yaradılmışdı.
Bakı XKS-nin xalq təsərrüfatının əsas sahələrində milliləşdirmə siyasətini həyata keçirməsilə XTŞ-nin fəaliyyəti genişlənirdi. 1918-ci il mayın 12-də yeraltı sərvətlərin milliləşdirilməsi nəticəsində neftli orpaqlardan istifadənin icarə şərtlərinin müəyyənləşdirilməsi Bakı Xalq Təsərrüfatı Şurasına həvalə edildi. İyunun 1-də neft sənayesinin milliləşdirilməsi haqqında dekret verildi. Neft sənayesində yaradılmış fəhlə nəzarətinin hüquq və vəzifələri də Bakı Xalq Təsərrüfatı Şurasının 1918-ci il 21 iyul tarixli təlimatı ilə müəyyən edilirdi. Milliləşdirilmiş müəssisələrdə bu nəzarəti fabrik-zavod (mədən) komitələri həyata keçirirdi. Bu komitələrə Bakı Xalq Təsərrüfatı Şurası neft şöbəsinin fəhlə bölməsi rəhbərlik edirdi. Onun müdiri M.V.Basin idi. Milliləşdirilmiş neft sənayesi müəssisələrinin qorunması işi də ona həvalə olunmuşdu. Bakı Xalq Təsərrüfatı Şurası, əslində, milliləşdirilmiş müəssisələrin məhsullarını, xüsusilə nefti Sovet Rusiyasının mənafeyinə uyğun müsadirə etmək və ora göndərməklə antiazərbaycan siyasəti yeridirdi. 1918 ilin mayında Bakıdan 16609 min pud neft məhsulları aparıldığı halda, iyunda bu rəqəm 26449 min puda çatdı. 1918-ci ilin aprel-iyul aylarında Sovet Rusiyasına 80 min pud neft daşınmışdı. Bunun müqabilində RSFSR hökumətinin ayırdığı pul və taxıl olduqca az idi. Bakı Xalq Təsərrüfatı Şurasınin süqutu ilə Bakı Xalq Təsərrüfatı Şurası ləğv edildi. Bakı Xalq Təsərrüfatı Şurasının əli ilə Bakı neft sənayesi hesabına müəyyən ehtiyat yaradan Sovet Rusiyası vətəndaş müharibəsində qələbəni yaxınlaşdıra bildi, sonradan Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində möhkəmlənərək onun devrilməsinə nail oldu.