Bakı gəvəni

Bakı gəvəni (lat. Astragalus bakuensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" CR B1ab (i, ii, iii, iv, v). Regional IUCN Statusu - CR B1ab (i, ii, iii, iv, v).

Bakı gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Astragalus bakuensis

Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]

Gövdəsiz, cüzi tüklü qabarmış, 5-15 sm hündürlükdə, otvari çoxillik bitkidir. Yarpaqları 4-22 sm uzunluğunda, 12-20 cüt, yumurtavari, dəyirmi-yumurtavari və ya uzunsov-ellipsşəkillidir. Salxım çiçək qrupu 4-6 çiçəklidir. Kasacıq borucuqlu, xətti-bizvari dişlidir, borucuğa nisbətən 4 dəfə kiçikdir. Tac 30 mm uzunluğunda; Lövhə bayraqvari, oval şəklindədir və ya tərs yumurtavari, uzunsov ellipsşəkillidir, tünd-qırmızı, qəhvəyidir. Yumurtalıq 8 sm uzunluğunda, tüklü, uzun ayaqcıqlıdır. Paxlameyvələri dairəvari, 2,5 sm-dək, yumurtavari, uzunsov-ellipsşəkilli, şişkin, hər iki ucu sivrilənmiş, təpə hissədə 2 mm-dək çıxıntılı və ikiyuvalıdır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Quralığa və duzlaşmaya nisbətən davamlı, işıqsevən, toxumla çoxalan, taxıl müxtəlifotlu qruplaşmalarda rast gəlinir. Populyasiyanın sayı azdır və azalmaqda davam edir. Məhdudlaşdırıcı amillər antropogen amillər (bağ tikintiləri), yayıldığı ərazilərin texnogen təsirlərə məruz qalmasıdır. Hazırda növün mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir, prioritet endemik növüdür. Abşeronda (Mərdəkan, Şüvəlan, Buzovna, Novxanı qəsəbələri, Xırdalan şəhəri ətrafında) yayılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]