Bal arısının bakterial xəstəliklərinə — Amerikan çürüməsi, Avropa çürüməsi və septisemiya xəstəlikləri daxildir.
Bu xəstəlik olduqca təhlükəli olub, həm bal arılarında (Apis mellifera), həm də digər arı növlərində rast gəlinir. Xəstəliyi yaradan Paenibacillus larvae adlı bakteriyadır. Xəstəlik sürfələrə işçi arılar tərəfindən sporlar vasitəsilə keçir. Paenibacillus larvae bakteriyası qram müsbət, düz çubuq ya da əyri çubuq şəkilli, 0,5-0,8 μm eninə və 1,5-6 μm uzunluğuna malik bakteriyadır. Bu bakteriyanın sporları ancaq sürfələrdə xəstəlik törədib, yetkin arılarda xəstəlik əmələ gətirmir. Paenibacillus larvae subsp. larvae sporları ellips formasındadır, temperatur və kimyəvi maddələrə qarşı olduqca davamlıdır. Sporlar 35-60 il canlı qalıb xəstəlik törətmə qabiliyyətinə malikdir.[1] Bu xəstəlik zamanı sürfələr yuvalarda qeyri-düzgün şəkildə düzülür. Yuvaların üstü normal vəziyyətdə olduğu kimi qabarıq deyil, daxilə doğru çökmüş vəziyyətdə və üzəri deşik olur. Xəstə sürfələr ağ rəngdən sarıya, daha sonra isə qəhvəyi rəngə çevrilir. Bir çöp vasitəsilə yuxarıya doğru çəkdikdə ip kimi uzanır və yapışqan iyi verir. Sağlam ailələrdə sürfələr mirvari ağı rəngində, parlaq şəkildə “C” hərfi formasında olurlar.
Ən başlıca mübarizə üsulu xəstə çərçivələri yandırmaqdan ibarətdir. Daha sonra həmin çərçivələri 40 litr suya 400 qram NaOH məhlulu əlavə edərək dezinfeksiya etməkdir. Bu əməliyyatdan sonra çərçivələr yenidən istifadə oluna bilər. Bundan əlavə arıçının işlətdiyi alətlər də dezinfeksiya olunmalıdır. Buna görə də arıçının hər alətdən bir neçə ehtiyat nüsxələri olmalıdır. Ən geniş istifadə edilən dezinfeksiya maddələri Kalium hipoxlorid, küllü su, hidrogen peroksid və xloramindir. İskənə, vərdənə, arıçı bıçağı, körük, ana arı setkası, qoruyucu maskalar, əlcəklər və s. alətlər 5 litr qaynar suda 500 ml xlorid turşusu məhlulunda 5-10 dəqiqə saxlanılır. Sonra çox miqdarda suyla yuyub, günəş altında qurutmaq lazımdır.
Avropa çürüməsi Amerikan çürüməsi xəstəliyi qədər olduqca təhlükəli xəstəlikdir. Bu xəstəliyi əmələ gətirən Melissococcus pluton bakteriyasıdır. Xəstəlik işçi arılar tərəfindən sürfələri qidalandıran zaman yoluxdurulur. Orqanizmə daxil olmuş bakteriya sürfənin orta bağırsağına yerləşir. Xəstəliklə yoluxmadan 4 gün sonra ölüm müşahidə olunur. Sürfə öldükdə M.pluton-un çoxalması dayanır.[2] Arılarda ölüm halları sürfə olan yuvaların üzəri örtülmədən 3 gün qabaq və ya örtüldükdən sonra 1 – 2-ci günlər müşahidə olunur. Bu xəstəlik zamanı ölü sürfələr quruyur və yuvadan işçi arılar tərəfindən kənarlaşdırılır. Həmçinin ölmüş sürfələrin traxeyası qəhvəyi rəngdə görünür.
Amerikan çürüməsindəki mübarizə tədbirləri Avropa çürüməsində də istifadə olunur. Ana arı qəfəs içinə alınaraq bir müddət yumurta qoyması əngəllənir və yeni sürfələrin yaranmasının qarşısı alınır. Arılara vitamin və minerallarla zəngin şərbətlər hazırlanaraq yeşiklərə qoyulmalıdır. Yeni sürfələrin əmələ gəlməsinin qarşısı alındığından arılar qidanı özlərinə sərf edərək xəstəliyə qarşı daha dözümlü ola bilirlər. Xəstə olan sürfələri isə işçi arılar yuvadan kənarlaşdıraraq çölə atırlar və bununlada xəstəlik arı ailəsində azalmağa başlayır.
Yetkin bal arılarında Psendomonas aeruginosa tərəfindən törədilir. Xəstəlik zamanı arıların baş, döş, qarıncıq və qanad hissələrinə toxunulduqda qopub düşmə halı müşahidə olunur. Bakteriya arıların hemolimfasında olsa da, çox nadir hallarda xəstəlik törədir. Pseudomonas apiseptica bakteriyası yuvadan yeni çıxmış arıların bağırsağında deyil, 1-14 günlük olan və çiçək tozu ilə qidalanan arıların bağırsağında rast gəlinir. Arılar balla qidalandıqları zaman bakteriya yox olur. Bu xəstəliyə tutulmuş arılar 20-36 saat ərzində ölürlər. Sağlam arıların hemolimfası sarı rəngdə olduğu halda xəstə arıların hemolimfası ağ rəngdən qəhvəyi rəngə çevrilir. Xəstə arılar uça bilmir, ağız və ayaqlarını tərpətməyə çalışırlar. Septisemiya xəstəliyinin səbəbi həddindən çox şərbətlə bəslənmə, əlverişsiz hava şəraiti, rütubət, beçəvermə zamanı işçi arıların yeni yeşiyə uyğunlaşa bilməyərək stressə düşməsi və s. ola bilər.
Xəstəliklə mübarizə aparmaq üçün şərbətə vitaminlər əlavə olun¬ma-lıdır. Arı yeşikləri günəş düşən, küləksiz və çiçəkli sahələrə yerləşdiril¬mə¬lidir.