Baloğlan Əmrah oğlu Rüstəmov (1922-2007) — ictimai xadim, İkinci dünya müharibəsinin veteranı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Ümumdünya Müharibə Veteranları Baş Assambleyasının üzvü. 1987-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Veteranlar Şurasının sədri olmuşdur. 1994-cü ildə o, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi və sədr müavini, 2001-ci ildən ömrünün sonunadək qeyd olunan Şuranın sədri kimi fəaliyyət göstərmişdir.[2]
Baloğlan Rüstəmov | |
---|---|
azərb. Baloğlan Əmrah oğlu Rüstəmov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Culfa rayonunun Qazançı kəndi |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | hərbçi |
Mükafatları | İkinci dünya müharibəsi illərində göstərdiyi hərbi rəşadətə görə 3-cü və 2-ci dərəcəli "Şöhrət" ordeni, iki dəfə 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni, "Şöhrət" ordeni(2002)[1] |
Baloğlan Rüstəmov 1922-ci il iyun ayının 22-də Naxçıvanın indiki Culfa rayonunun Qazançı kəndində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Naxçıvan İkiillik Müəllimlər İnstitutuna daxil olmuş, lakin burada təhsilini başa vurmadan 1940-cı ildə Bakıya köçərək, 15 nömrəli fabrik-zavod məktəbinin şagirdi olmuş və eyni zamanda neft mədənlərində çalışmışdır.
1941-ci ildə könüllü olaraq ordu sıralarına yollanan Baloğlan Rüstəmov hərbi desant məktəbinə göndərilmişdir. 1941-1945-ci illər müharibəsi dövründə Baloğlan Rüstəmov Qafqazdan başlayaraq Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, alman-faşist işğalçılarına qarşı ağır döyüş əməliyyatlarının iştirakçısı olmuş, qəhrəmanlıqlar nümayiş etdirmişdir. O, müharibədən sonra – 1952-ci ildə Bakı partiya məktəbini bitirmiş, 1978-ci ildə isə Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin məzunu olmuşdur.
Baloğlan Rüstəmov müharibədən sonra bir sıra sahələrdə uğurla çalışmışdır. O, 1946-1948-ci illərdə Naxçıvan şəhərində sərhəd mühafizə hissəsində köməkçi təsərrüfat müdiri, 1948-1950-ci illərdə Culfa və Naxçıvan rayonlarında komsomol komitələrində birinci katib, 1952-1956-cı illərdə Kür-Araz su tikinti idarələrində siyasi şöbənin rəisi olmuşdur. 1956-1967-ci illərdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələr tutmuş Baloğlan Rüstəmov 1967-1968-ci illərdə Araz çayı üzərində İran-Sovet müştərək su elektrik stansiyasının tikintisində kadrlar şöbəsinin rəisi, 1968-1971-ci illərdə həmin tikintinin birləşmiş həmkarlar təşkilatının sədri kimi fəaliyyət göstərmişdir.
Baloğlan Rüstəmov 1971-1973-cü illərdə Naxçıvan mineral sular bazasında direktor, 1973-1977-ci illərdə Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurasında şöbə müdiri, 1977-1981-ci illərdə Naxçıvan yüngül sənaye istehsalat kombinatında direktor, 1981-1984-cü illərdə Naxçıvan Muxtar Respulikasının yerli sənaye naziri işləmişdir. Tükənməz enerjisi, qurub-yaratmaq əzmi, insanları səfərbər etmək bacarığı çalışdığı bütün sahələrdə Baloğlan Rüstəmova böyük nüfuz və hörmət qazandırmışdır.Təqaüdə çıxdıqdan sonra Baloğlan Rüstəmov 1984-cü ildən etibarən öz fəaliyyətini gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinə həsr edərək, Naxçıvan Şəhər Veteranlar Şurasında təşkilat-metodik komissiyasının sədri, şəhər Veteranlar Şurası sədrinin müavini və sədri, 1987-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Veteranlar Şurasının sədri olmuşdur. 1994-cü ildə o, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi və sədr müavini, 2001-ci ildən ömrünün sonunadək qeyd olunan Şuranın sədri kimi fəaliyyət göstərmişdir. O, Ümumdünya Müharibə Veteranları Baş Assambleyasının üzvü olmuşdur.
Baloğlan Rüstəmovun döyüş rəşadəti gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında parlaq nümunədir. Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, Baloğlan Rüstəmov daim yüksək peşəkarlıq, fədakarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. O, bir sıra nüfuzlu toplantılarda Azərbaycan heyətinin rəsmi nümayəndəsi olaraq ölkəmizin veteranlarını beynəlxalq miqyasda təmsil etmişdir. Baloğlan Rüstəmovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, İkinci dünya müharibəsi illərində göstərdiyi hərbi rəşadətə görə 3-cü və 2-ci dərəcəli "Şöhrət" ordeni, 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni və bir sıra medallarla təltif edilmişdir. 2002-ci ildə Baloğlan Rüstəmov müstəqil Azərbaycan Respublikasının ali mükafatına – "Şöhrət" ordeninə layiq görülmüşdür.
Baloğlan Rüstəmov 1941-1945-ci illər İkinci dünya müharibəsində iştirak etmiş, Qafqazdan Berlinədək faşizmə qarşı savaşda əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi arxifinin 22 yanvar, 2004-cü il 11/13300 saylı arxiv arayışına əsasən: B.Ə. Rüstəmov 1944-ci il avqustun 18-də Çernin (Qomel vilayəti, Belorusiya) kəndinin sağ sahilində almanlar geriyə çəkilərkən, güclü atışmaya baxmayaraq, onlara hücum etmiş, şəxsi silahından atəş açmaqla 8 alman əsgərini məhv etmiş, 5 nəfəri isə əsir götürmüşdür. Göstərdiyi igidlik və şücaətə görə dövlət mükafatı - 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilmişdir (Əsas: orden 33, siyahı 690155, qovluq 5338, v.354).
1945-ci il yanvarın 17-də Qlinnik (Belorusiya) kəndi yaxınlığında düşmənə qarşı əks-hücum zamanı pulemyotlarla silahlanmış, minomyot atəşi ilə mühafizə olunan bir rota alman əsgər və zabiti onun bölməsinin mövqelərinə tamamilə yaxınlaşsa da, qvardiya baş serjantı B.Ə. Rüstəmovun döyüşçüləri öz mövqelərini tərk etməmişlər. Bu qeyri-bərabər döyüşdə o, öz avtomatı ilə düşmənin 10 əsgər və zabitini məhv etmişdir. Təltif vərəqində yazılmışdır ki, 1-ci qvardiya tank ordusunun 17 nömrəli 11 mart 1945-ci il tarixli əmri ilə B.Ə. Rüstəmov 2-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilmişdir və burada yazılmışdır: "Rüstəmov Baloğlan Əmrah oğlu", qvardiya baş serjantı, 20-ci mexaniki briqadanın 2-ci motoatıcı batalyonun kəşfiyyat bölüyünün komandiri Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunur. 1922-ci il təvəllüdlü, azərbaycanlı, Vətən müharibəsində 1941-ci ildən iştirak edir, 10.08.1942-ci və 25.12.1942-ci illərdə yaralanıb (tarix sənəddə olduğu kimi), Qızıl Orduya 1941-ci ildə Bakı şəhərindən çağırılıb (Əsas: orden 33, siyahı 687572, qovluq 2640, v.162).
1945-ci il yanvarın 17-də Qlinnik kəndi yaxınlığında düşmən mövqeyində yerləşən aerodroma daxil olmuş, bir qrup alman əsgəri və zabitinə qəflətən hücum etmiş, öz avtomatından və qumbaralarla 8 nəfəri məhv etmiş, 27 almanı isə əsir götürmüşdür.
1945-ci il yanvarın 21-də Qeçsdə kəşfiyyatda olduğu zaman düşmənin hərəkətdə olan üç avtomaşınını görmüş, xəndəkdə gizlənmiş və onları yaxına buraxaraq öndə gələn maşını tank əleyhinə qumbara ilə vurmuşdur, sürücünü məhv etmiş və digərlərini əsir almışdır.
1945-ci il yanvarın 23-də Varta çayının sahilində, düşmənin güclü atəş açmasına baxzmayaraq, birinci olaraq döyüşə-döyüşə çayı keçmiş və mövqeyi ələ keçirmişdir. Düşmənin əks-hücumlarını dəf edərək, mövqeyi əldə saxlaya bilmiş və bununla bütün batalyonun çayı keçməsinə imkan yaratmışdır. Rüstəmov öz əsgərləri ilə düşmənin Almaniyaya göndərilməsi nəzərdə tutulan hərbi sursat və əsgərlərlə dolu eşalonun durduğu Puşna stansiyasına kəşfiyyata getrmişdir. Rüstəmov parovoza doğru sürünmüş və onu tank əleyhinə qumbara ilə partlatmışdır, düşmənin qaçan əsgərləri və Rüstəmovun dəstəsi arasında döyüş başlamış, döyüş zamanı 42 alman əsgəri və zabiti məhv edilmiş, 61 nəfər isə əsir alınmışdır (Əsas: səhifə 33, siyahı 68757, qovluq 2642, v. 318).
Müharibədən sonra 1946-cı ilin oktyabr ayına qədər (ordudan tərxis olunana qədər) Almaniyanın qərb sərhədlərində zastava rəisi olaraq qulluq etmişdir.