Barbenheymer, həmçinin Oppenbarbi, Barbiheymer[1][2] və Boppenheymer — 21 iyul 2023-cü il tarixində ABŞ və bir sıra başqa ölkələrdə iki blokbaster filmi "Barbi" və "Oppenheymer"in eyni vaxtda kinoteatrlarda nümayiş edilməsindən əvvəl sosial mediada yayılmağa başlayan internet fenomeni. Bu söz iki filmin adlarının portmantosudur. Yaranan dixotomiya — Qreta Gerviqin Barbi moda kuklası haqqında fentezi komediya filmi "Barbi" və İkinci Dünya müharibəsi zamanı ilk nüvə silahlarını hazırlayan, Manhetten layihəsinin elmi direktoru, fizik C. Robert Oppenheymer haqqında Kristofer Nolanın epik bioqrafik trilleri "Oppenheymer" memlər və merçendayzinq məhsulları da daxil olmaqla internet istifadəçilərinin komediyalı reaksiyasına səbəb olmuşdu. "Polygon" bu iki filmi "ifrat əks qütblər" kimi təsvir etmiş və "Variety" bu fenomeni "ilin kino hadisəsi" adlandırmışdır.[3]
Hər iki film geniş rəğbət qazanmış[4][5] və maliyyə gözləntilərini aşmışdır.[6] Bu fenomen iki filmin çoxlu fərqləri haqqında zarafat kimi başlasa da, bəzi media şərhçiləri onlar arasında bəzi oxşarlıqlara diqqət çəkmişdilər. Hər iki film ekzistensializmi və antroposenin nəzəri anlayışını araşdıran kimi təhlil edilmişdir. Hər ikisinin rejissoru və ssenaristi "Oskar" mükafatına namizəd olmuşdu.