Barokko – Bu terminin italyancadan tərcümədə hərfi mənası – "qəribə", "əcaib", "təmtəraqlı" deməkdir. Bu sözə hər şeydən əvvəl, plastik incəsənət növündə – barokkonun möhtəşəmli, təmtəraqlı, dekorativ sinonimi kimi işləndiyi memarlıqda rast gəlmək olar.
XVII əsr – XVIII əsrin ortalarında Avropa incəsənətində üstünlük təşkil edən bədii üslub kimi barokko – klassizm və rokoko üslubundan fərqli olaraq, dövrün dərin daxili ziddiyyətlərini daha aydın əks etdirirdi. Mütərəqqi fikirlərin fəal inkişafı, mənəvi insani keyfiyyətlərin yüksəlməsi ilə səciyyələnən bu dövrdə Q. Qaliley, B. Paskal, İ. Nyuton, J. B. Molyer, C. Svift, Rembrandt, Velaskes kimi dahi şəxsiyyətlər yaşayıb-yaratmışdır.
Barokko üslubuna xas olan zidiyyət, dinamizm musiqi incəsənətində də öz parlaq əksini tapmışdır. Musiqidə uzun əsrlər hökmranlıq edən polifonik yazı üslubu bu dövrdə öz yüksək inkişaf zirvəsinə çatır. Digər tərəfdən, Dirçəliş dövründən başlayaraq, insanın daxili aləminin zənginliklərini dərindən əks etdirmək cəhdi musiqidə tamamilə yeni tip yazı üslubunun – homofoniyanın geniş yayılmasına zəmin yaradırdı. Homofoniyada müşayiətedici səslərin üzərində səslənən həyəcanlı, dinamik melodiya üstünlük təşkil edir.
Tədricən homofoniya və onun major-minor quruluşlu harmonik sistemi qədim ladları əvəz edərək musiqi incəsənətinin bütün sahələrinə yayılır, müxtəlif musiqi janrlarının (opera, oratoriya, kantata, süita, solo və ansambl sonataları, konsert və s.) yaranmasına təkan verir.
Barokkonun mühüm fərqləndirici cəhətlərindən biri də bu və ya digər janrın şərhində məhdud çərçivədən kənara çıxan improvizasiya sərbəstliyi idi. Təbii ki, belə olan surətdə virtuoz (mahir ifaçı) musiqiçiyə daha kamil bir alət lazım idi. Bu dövrdə məharətli italyan ustaları A. Amati, C. Qvarneri, A. Stradivarinin yaratdıqları skripka, alt, violençel kimi kamil musiqi alətləri öz incə məlahətli səsi ilə bu gün də bizi valeh edir.
Barokko incəsənəti o dövrün bir sıra görkəmli bəstəkarları – K. Monteverdi, H. Pörsell, A. Korrelli, A. Vivaldi, H. F. Hendel və xüsusilə də İ. S. Baxın yaradıcılığında yüksək bədii zirvəyə çatmış, sonrakı dövrlərin musiqi incəsənətinin inkişafı üçün zəngin zəmin yaratmışdır.