Batal janrı

Batal janrı — təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr. Batal janrında döyüş səhnələri təsvir olunur, xalq kütlələrinin , qəhrəmanların , sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir. XV–XIX əsrlərdə Qərbi Avropada batal janrının ən yaxşı nümunələri (Uççello, Velaskes, Rubens, Qoyya, Delakrua və başqalarının tabloları) yaradılmışdır. Bu janrda əsərlər yaradan rəssam batalist adlanır. Batal janrı rəssamdan təkcə müharibə və ya döyüşü təsvir etmək bacarığı deyil, həm də tarixi həqiqətləri, müxtəlif dövrlərə aid hərbi texnikanı, təbiəti və döyüş heyvanlarını təsvir etmək qabiliyyətinə dair ustalıq tələb edir. Qayaüstü rəsmlər, Qədim Şərq relyefləri, qab üzərində qədim yunan təsvirləri, zəfər tağı və sütunlarındakı relyeflər – bu janra aid nümunələrdir. Orta əsrlərdə müharibə və döyüş səhnələrini parça üzərində, xalçalarda, qobelenlərdə, Avropa və Şərq kitab miniatürlərində təsvir edirdilər.

Batal janrı Azərbaycan təsviri sənətində də mühüm yer tutur. Orta əsr Azərbaycan kitab miniatürlərində XVIII əsr Şəki xanları sarayının divar rəsmləri arasında döyüş səhnələrinə təsadüf olunur. Tahir Salahovun "416-cı diviziya döyüşdə", N. Vidadinin "Böyük Vətən müharibəsi" və s. Batal janrında yaradılmış diqqətəlayiq sənət nümunələridir.

Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1978.