Baxış Xəlil oğlu Bayramov (1 iyun 1944, Marneuli rayonu) — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru, professor. Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, A.F.İoffe adına Fizika‑Texnika İnstitutunun baş elmi əməkdaşı.
Baxış Bayramov | |
---|---|
Bayramov Baxış Xəlil oğlu rus. Байрамов Бахыш Халилович | |
Doğum tarixi | 1 iyun 1944 (80 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | Fizika‑riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Baxış Bayramov 1944-cü il iyunun 1-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. B.Bayramov 7-ci sinfi bitirdikdən sonra Tbilisi Maşınqayırma Texnikumuna qəbul olunub. Təhsildə fərqləndiyinə görə 1961-ci ildə hələ texnikumu bitirməmiş “metalların kəsilmə ilə emalı” ixtisası üzrə texnik-texnoloq ixtisası alaraq Tbilisi aviasiya zavoduna texnik-konstruktor qismində işləməyə göndərilib. 1969-cu ildə Leninqrad Politexnik İnstitutunun radioelektronika fakültəsini bitirən B.Bayramov A.F.İoffe adına Fizika-Texnika İnstitutunun (FTİ) aspiranturasına qəbul edilib. Onun elmi rəhbəri akademik B.P.Zaxarçenya olub.[1]
Lazer şüalanmasının qeyri-xətti yayılmasının tədqiqi və seriyalı spektrometrlərin təkmilləşdirilməsi üzrə ilk işləri ilə o, digər görkəmli alim, FTİ-nin direktoru, akademik V.M.Tuçkeviçin diqqətini cəlb edib. 1972-ci ildə yarımkeçiricilərin fizikası üzrə Beynəlxalq konfransa (Ştutqart, AFR) təqdim etdiyi tezislərə görə B.Bayramov proqram komitəsindən məruzə ilə çıxış etmək təklifini alır. Belə təklif sovet aliminə ilk dəfə edilirdi. Hərçənd bir çox səbəbdən konfransa getmək B.Bayramova qismət olmasa da, məruzə konfransın materiallarına daxil edilir, bu barədə məlumat isə yenidən V.M.Tuçkeviçin diqqətini çəkir. 1972-ci ildə B.Bayramovun namizədlik dissertasiyasının müdafiəyə növbədənkənar təqdim edilməsindən sonra Tuçkeviç onun həmin dövrlər üçün çətin olan daimi işə götürülməsi məsələsində hər cür kömək göstərir. Belə ki, bu cür sənədləşdirmə yüksək partiya instansiyalarından keçirdi və beləliklə, B.Bayramov kiçik elmi işçi qismində FTİ-də işə düzəlir. Bu məşhur institutda onun hazırda baş elmi işçi qismində indiyədək davam edən elmi-tədqiqat fəaliyyəti belə başlayır.
B.Bayramovun ilk elmi uğurları çox da güclü olmayan (100 mVt-a qədər) fasiləsiz arqon və helium-neon şüalanmasının yayılması zamanı yarımkeçirici materiallarda aşkara çıxan yeni fenomenlərin müəyyən olunması ilə bağlıdır. Konusvarı şüalanma, iki fotonlu optik udulma, qeyri-xətti qütbləşmə effekti – optik aktivlik, Faradeyin qeyri-xətti effekti və bu kimi qeyri-xətti effektlər ilk dəfə B.Bayramov tərəfindən tədqiq edilib, tapılıb və təsnifləşdirilib. Bu işlər nəticəsində nəhəng impulslu şüalanmanın yayılması zamanı meydana çıxan istilik qeyri-xətliliyindən fərqli olaraq, optiki qeyri-xətliliyin fotostimullaşdırılmış elektron xüsusiyyəti aşkara çıxarılıb. Bu işlər yeni qeyri-ənənəvi istiqamətin – həyəcanlanmanın kiçik sıxlıqlı qeyri-xətli optikanın başlanğıcı olub.
B.Bayramov tərəfindən işığın elektron səpələnməsinin tədqiqi zamanı prinsipial yeni nəticələr əldə edilib. O, adi çətinliklə əl çatan aşağı tezlikli sahələrdə işığın kvazi-elastik aşkarlanması metodunu təklif və inkişaf etdirib. Bu metod xeyli maraq kəsb edən, xüsusən aşağı konsentrasiyalı elektrik daşıyıcıları olan yarımkeçirici materiallarda, eyni zamanda, ənənəvi rezonans metodları və elektrik ölçülərini nəzərəçarpacaq dərəcədə üstələyən həssaslıqla spektrləri müəyyən etməyə imkan verir. Göstərilib ki, bu cür yayılmanın meydana çıxması rentgen şüalanmasının yayılması zamanı yaxşı məlum olan Kompton effektinin optik analoqu - enən dalğanın təsiri altında fərdi elektronların (və ya dəliklərin) hərəkəti ilə əsaslanır. Bu qeyri-adi tapıntı İ.P.İpatova ilə birgə yerinə yetirilən nəzəri tədqiqatların aparılmasına rəvac verib. Helium arsenidində yüngül və ağır dəliklər misalında ikikomponentli plazmanın modeli B.Bayramov tərəfindən təklif olunub və reallaşdırılıb. Bu da yeni tip akustik plazma tərəddüdlərinin eksperimental aşkarlanmasına gətirib çıxarıb. Bu eksperimental işlər sərt cisimlər fizikasında çoxhissəcikli qarşılıqlı əlaqələr barədə müasir təsəvvürlərin inkişafında mühüm rol oynayıb. Onlar “Nort-Holland” beynəlxalq nəşrinin sifarişi ilə “Physics Reports” jurnalının xüsusi buraxılışının (1993) icmal materialında ümumiləşdirilib.
B.Bayramov, həmçinin neytral donor mərkəzlərində lokallaşdırılmış – dielektrik modlarında məkani lokallaşdırılmış uzununa optik fonon spektrlərinin incə strukturunu aşkar edib. Bu zaman həm sinqlet modları, həm də onların çoxluğu müşahidə olunub. Zəif əlaqəli elektron-fonon vəziyyətlərin nəzəriyyəsi çərçivəsində belə modların mövcudluğu tanınmış nəzəriyyəçilər - professor Ş.M.Koqan və Rusiya Elmlər Akademiyasının akademikləri R.A.Suris tərəfindən ikimərhələli və E.İ.Raşba tərəfindən çoxmərhələli mərkəzlər üçün qabaqcadan irəli sürülmüşdü. Alınan məlumat elektron-fonon və elektron-elektron qarşılıqlı əlaqəsinin fundamental xüsusiyyətləri haqda mövcud təsəvvürləri nəzərəçarpacaq dərəcədə genişləndirir və cari metodikanın yüksək analitik imkanlarını nümayiş etdirir.
B.Bayramov tərəfindən ilk aşkar olunan Mandelştam-Brillyuen işığının rezonans səpələnməsi indiyədək aparılan geniş eksperimental tədqiqatların nəticələrinin izahına yeni yanaşmanın əsasını qoyub. Hazırda bu nəticələr işığın kombinasiyalı rezonans yayılmasının izahı üçün istifadə olunur.
Onun yeni prinsipial istiqamət - geniş imkanlı spektroskopiya üzrə hazırladığı, həyata keçirdiyi işləri və tədqiqatları xeyli maraq doğurur. İnfraqırmızı sahəyə yaxın işığın qeyri-elastik yayılma spektrlərinin B.Bayramov tərəfindən həm təklif edilən, həm də yaradılan qeydiyyat üsulu yeni yüksək həssaslı diaqnostik metodların hazırlanması problemində əsas rol oynayır.
B.Bayramovun son illər apardığı yeni tədqiqatlarının nəticələri prinsipial əhəmiyyət daşıyır. Geometrik ölçüləri və əvvəlcədən verilən xüsusiyyətləri ilə nəzarət olunan kolloid yarımkeçirici kvant nöqtələrinin əldə edilməsi imkanlarının həyata keçirilməsi, həmçinin lüminessensiyanın yüksək effektivliyi və yüksək fotostabilliyi onları hazırda tibb sahəsində istifadə olunan ənənəvi fluoressent orqanik molekullarına alternativ qismində xüsusilə cəlbedici edir. Onlar strukturları fərdi molekullar səviyyəsində görüntüləmək imkanı verir. Bu işlər dərman preparatlarının hədəf-hüceyrələrə çatdırılması üçün effektiv vasitələrin yaradılması, yüksək həssaslığa malik yeni nəsil selektiv biosensorların hazırlanması, həmçinin müxtəlif problemli xəstəliklərin ilkin diaqnostikası üçün perspektiv nanomaterialların eksperimental tədqiqatı praktikasında yeni istiqamətin əsasını qoyur.
İşığın qeyri-elastik səpələnməsi prosesinin bir sıra prinsipial yeni öyrənilmə metodlarının yaradılması üzrə B.Bayramovun işləri nəinki dünyada daha aktual istiqamətlərin elmi səviyyəsini müəyyən edən və nanotexnologiyalar sahəsində sonrakı tərəqqiyə, yeni fiziki təzahürləri müəyyənləşdirməyə və riyazi təsvir etməyə, strukturun mükəmməlliyi müəyyənliyini dağıtmayan kontaktsız metodikalar hazırlamağa imkan verən yarımkeçirici və bio-tibbi materialların əsas və texnoloji vacib parametrlərinin fundamental tədqiqatını aparmağa imkan verir, həmçinin uzunluğun atom şkalasında lokal diaqnostikanın yeni əsas istiqamətinin yolunu açır.
B.Bayramov 250-dən çox elmi işin, 2 kollektiv monoqrafiyanın müəllifi və həmmüəllifidir. O, bir monoqrafiya tərcümə edib, ixtiralarına görə 14 patent və müəllif şəhadətnaməsi, həmçinin Rusiya fundamental tədqiqatlar fondunun, INTAS Avropa cəmiyyətinin beynəlxalq proqramının; ABŞ Milli elm fondunun, aerokosmik tədqiqatlar və layihələr üzrə Avropa bölməsinin (EOARD, London), ABŞ (Moskva və Beynəlxalq elmi-texniki mərkəzi və CRDF ilə müştərək), “Deutsche Forschungsgemeinschaft” (AFR) və EPSRS (Böyük Britaniya) proqramları və başqa təşkilatların qrantlarını alıb. Onun rəhbərliyi altında 5 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunub.
B.Bayramov beynəlxalq əməkdaşlıqda aktiv iştirak edib, Bilkent Universiteti, Ankara, Türkiyə (1992-1995); Kembric Universiteti, Kembric, İngiltərə (1993-1994), Dağ Akademiyası, Frayberq, AFR (1992-1995), Şimali Karolina Universiteti, Raley, ABŞ (1998), Millətlər Birliyi Universiteti, Riçmond, Virciniya, ABŞ (1999) və Sankt-Peterburqun Böyük Pyotr Politexnik Universiteti (2002-ci ildən indiyədək) və başqa təhsil müəssisələrinin fizika fakültələrinin tələbə və aspirantlarına mühazirələr oxumaq üçün dəvət alıb.
B.Bayramov Rusiya Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif olunub. Ən yaxşı elmi işlərinə görə Fizika-Texniki İnstitutunun mükafatlarına layiq görülüb. O, Sankt-Peterburq Alimləri İttifaqının, Beynəlxalq Tədqiqatçı Materialşünaslar İttifaqının (MRS), Avropa Fizika Cəmiyyətinin üzvü, Optik Texnologiyalar üzrə Beynəlxalq İttifaqın (SPIE) və bir sıra digər elmi təşkilatların fəxri üzvü, müxtəlif beynəlxalq konfransların proqram komitələrinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür.
Ailəlidir. Fərid və Gülçin adlı iki övladı var.[2]