Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti

Belarus Dövlət İnformatika və Radioelektronika UniversitetiBelarusda ali məktəb, İKT üzrə ixtisaslaşmış müasir universitetlərdən biri.

Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti
Əsası qoyulub 1964
Tip dövlət universiteti
Rektor Mixail Batura
Tələbə sayı 15300
Ölkə
Ünvan Belarus, Minsk şəhəri
Sayt bsuir.by
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin əsası 1964-cü il martın 15-i tarixində Belarusun Minsk şəhərində qoyulub. Fəaliyyətə başladığı tarixdən 1993-cü ilə qədər Belarus Radioelektronika İnstitutu adlandırılıb. Qeyd etmək lazımdır ki, institut Belarus Texniki Universitetinin bazasında yaradılıb. 1993-cü ildən Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti kimi fəaliyyət göstərir. Ali məktəb elmi tədqiqat və tədris mərkəzi olaraq informatika, radioelektronika və telekommunikasiya sahəsində mühəndislərin və elmi kadrların hazırlanmasında mühüm rol oynayır. Universitet fəaliyyətə başladığı dövdən indiyədək 44 min mühəndis, 745 elmlər namizədi, 70 elmlər doktoru hazırlayıb.

İxtisasartırma institutu, elmi-tədqiqat hissəsi, aspirantura və doktorantura, təhsil metodikası idarəsi, gənclərlə tərbiyəvi iş idarəsi, informatizasiya və innovasiya işləmələri mərkəzi, kadrlar şöbəsi, hüquq şöbəsi, mühasibatlıq, maliyyə-plan şöbəsi, beynəlxalq əlaqələr idarəsi, tələbə şəhərciyi, informasiyaların mühafizəsi xidməti, tikilililərin ekspluatasiyası, təmiri və tikinti xidməti, əməyin mühafizəsi şöbəsi, "Braslav gölü" idman-sağlamlıq kompleksi, "İmpuls" qəzetinin redaksiyası, gənclik mərkəzi, yeyinti kombinatı DİRU-nun struktur bölmələridir.

Universitetdə 10 fakültə fəaliyyət göstərir: kompüter layihələşdirilməsi, informasiya texnologiyaları və idarəetmə, radiotexnika və elektronika, kompüter sistemi və şəbəkəsi, telekommunikasiya, iqtisadiyyat mühəndisliyi, qiyabi təhsil, fasiləsiz və distant təhsil, universitetəqədər hazırlıq və peşəkar istiqamət, hərbi fakültə. Hazırda ali təhsil ocağında 38 kafedra var. Əyani, qiyabi, axşam və distant təhsil formaları üzrə fəaliyyət göstərən kafedralarda ölkə vətəndaşlarından və əcnəbilərdən ibarət bakalavrlar, magistrantlar və aspirantlar daxil olmaqla 15700 nəfər təhsil alır. Tədris prosesi və elmi tədqiqatların aparılması işi ilə 700 nəfər yüksəkixtisaslı müəllim heyəti məşğul olur. Universitetin professorlarının əksəriyyəti Kanada, ABŞ, Almaniya, İspaniya, Polşa və digər ölkələrin universitetlərində mühazirələr oxuyurlar.

Ali məktəbdə bir çox ixtisas istiqamətləri üzrə tədris prosesi həyata keçirilir. Bunlardan elektron optik sistemlər və texnologiyalar, radioinformatika, telekommunikasiyanın çoxkanallı sistemləri, informasiya sistemləri və texnologiyaları süni intellekt, mikro və nanoelektron texnologiyalar və sistemlər, informasiya texnologiyalarının proqram təminatı, telekommunikasiya şəbəkələri, marketinq, sənaye elektronikası, tibbi elektronika, iqtisadiyyat və istehsalatın təşkili, təhlükəsizliyin texniki təminatı, radioelektron sistemlər, informasiya sistem və şəbəkələrinin meteorologiya təminatı və digərlərini göstərmək olar.

Ali təhsil ocağının 5 elmi-tədqiqat mərkəzində 49 laboratoriya və tədqiqat qrupu fəaliyyət göstərir. Elmi araşdırmalarla təqribən 300 nəfər professor-müəllim heyəti, doktorant, aspirant, magistrant məşğul olur. Həmçinin, əyani tələbələrin 45%-i müxtəlif formalı elmi yaradıcılıq işlərində iştiraka cəlb edilməklə təcrübə qazanırlar. Bu mərkəzlərdə yeni informasiya texnologiyaları və sistemlərinin idarəedilməsi, mikro və nanotexnologiya, cəmiyyətin inkişafının sosial-iqtisadi problemləri, radiotexniki mexanizm və sistemlər və bir sıra istiqamətlər üzrə elmi tədqiqatlar aparılır.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Universitetin beynəlxalq əlaqələri yüksək səviyyədə qurulub. Hazırda 26 ölkənin 60 universiteti, elmi mərkəzləri və dövlət təşkilatları ilə ikitərəfli müqavilələr əsasında əməkdaşlıq davam etdirilir. Bu ikitərəfli müqavilələr çərçivəsində elmi layihələr, elmi publikanın hazırlığı, elmi təcrübə, dil kursları, yüksəkixtisaslı elmi kadrların və mütəxəssislərin hazırlanması işi və digər layihələr həyata keçirilir.

Onu da qeyd etmək lazımdır ki, 2010-cu il fevralın 8-də 30 nəfərdən ibarət Belarus nümayəndə heyətinə Belarus Yüksək Texnologiyalar Parkının direktoru ilə birlikdə rəhbərlik edən Belarus Dövlət İnformatika və Radiolelektronika Universitetinin rektoru Mixail Batura Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ilə görüşüb. Həmçinin, Bakıda keçirilən informasiya-kommunikasiya texnologiyaları sahəsində birinci Azərbaycan-Belarus biznes forumu çərçivəsində Azərbaycan Texniki Universiteti (ATU) ilə Belarusun Dövlət İnformatika və Radioelektronika Universiteti (DİRU) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Belorusiya Dövlət və Radioelektronika Universiteti (DİRU) çoxmillətli ali təhsil müəssisəsidir. Hazırlıq bölməsinin dinləyiciləri, tələbələr, magistrantlar, aspirantlar və təcrübəçilər daxil olmaqla dünyanın 29 ölkəsindən (Azərbaycan, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Türkiyə və s.) təqribən 300 xarici vətəndaş universitetin yüksək səviyyəli təhsilindən bəhrələnirlər. Rus dilini bilməyən əcnəbilərə 9 aylıq hazırlıq kursu təklif olunur. Kursu bitirdikdən sonra buraxılış imtahanından uğurla keçən abituriyentlər universitetə qəbul olunurlar. Əcnəbi tələbələr universitetin yataqxanasında məskunlaşa bilərlər. Yataqxana Minsk şəhərinin mərkəzində yerləşir. Otaqlar 2–3 nəfər üçün nəzərdə tutulmuşdur. Yataqxanada bir yerin qiyməti 25$ təşkil edir.

"Elektron abituriyent" təhsil layihəsi

[redaktə | mənbəni redaktə et]

Belarus Dövlət İnformatika və Radioelektron Universiteti (DİRU) Belarus Respublikasında ilk dəfə olaraq abituriyentlər üçün "elektron abituriyent" təhsil layihəsini həyata keçirməyə başlayıb. Layihəyə əsasən bu ali məktəbin tələbəsi olmaq istəyən abituriyentlərə əməkdaşlıq təklif olunur. Bunu üçün ilk növbədə müəyyən qaydalar əsasında qeydiyyatdan keçmək lazımdır. Bununla da universitetin içərisinə "daxil olmaq", virtual olaraq fakültələrdə və kafedralarda iştirak etməklə ali təhsil almaq üçün ixtisaslar barədə məlumat almaq olar. İnformasiya səhifəsində mərkəzləşdirilmiş test və qəbul qaydaları haqqında informasiya əldə etmək mümkündür. Həmçinin, hər bir abituriyent riyaziyyat, fizika, belarus və rus dili, eləcə də xarici dillər (ingilis, alman, fransız, ispan və s.) sahəsində bilik səviyyəsini müəyyənləşdirmək imkanına malikdir.

Elektron kitabxana sistemi

[redaktə | mənbəni redaktə et]

Universitetin kitabxanası 1964-cü ildə Belarus Texniki İnstitutunun kitab fondunun bazasında yaradılmışdır. Bu gün kitabxana təqribən 1mln. nüsxə kitab və dövri nəşrlərə malikdir. Kitabxananın illik oxucusu təxminən 13000 tələbə və universitet əməkdaşından ibarətdir. 1992-ci ildən başlayaraq elektron kataloq fəaliyyət göstərir. Elektron kataloqa müxtəlif istiqamətlər üzrə 85000-dən çox material daxildir. Oxucular www.books.bsuir.by internet ünvanı vasitəsilə kataloqdan yararlana bilərlər. Kitabxanada həmçinin Belarus Milli Kitabxanasının "virtual oxucu zalı" resursu oxucuların ixtiyarındadır. İstifadə üçün həmin kitabxananın internet portalında qeydiyyatdan keçmək və "virtual oxucu zalı" bölməsinə daxil olmaq lazımdır.

  • İvan Kovalev (ilk rektor — 1964–1972)
  • Viktor İlin (1972–2000)
  • Mixail Batura (2000-bu günə qədər)