Beyləqan üsyanı — 794-cü ildə ərəb əsarətinə qarşı Beyləqanda baş vermiş xalq üsynı.
Beyləqan üsyanı | |
---|---|
Tarix | 794 |
Xəlifə əl-Mehdinin tapşırığı ilə tərtib edilən "kafir" siyahılarına onun hakimiyyəti üçün təhlükə ola biləcək siyasi əleyhdarlarının və onların mənsub olduqları dini təriqətlərin adlarının daxil edilməsi ideoloji mübarizənin fəallaşmasına, hakimiyyət uğrunda mübarizənin yeni yollarının aranmasına gətirib çıxartdı. Bunlardan ən mühümü 794-cü ildə Beyləqanda baş verdi. Üsyanın başında Abbasi xəlifələri əl Hadinin və Harun ər-Rəşidin dövründə dəfələrlə üsyan etmiş, xaricilər təriqətindən olan, əl-Kufinin "əş-şəri" — şər (şərəşur adam) adlandırdığı məçhur qiyamçı Əbu Müslim dururdu.
Beyləqan üsyanının başlanması üçün əsas bəhanə vergi zülmündən cana doymuş qonşu bərdəlilərin ərəb amili (vergi rəisi) Əbussabbahı öldürmələri oldu. Xəlifə üsyançılara qarşı İshaq ibn Müslim əl-Uqaylinin başçılığı ilə beş minlik iraqlı süvari yolladı. Varsan yanında baş verən qanlı döyüşdə xilafət ordusu darmadağın edildi. Bundan sonra xəlifə Harun ər-Rəşid biri digərinin ardınca göndərdiyi daha iki qoşun məğlubiyyətə uğrayır. İlkin uğurlara baxmayaraq Əbu Müslim sonrakı əməliyyatlarda müvəffəqiyyət qazana bilmir — Naxçıvanı ələ keçirsə də, Dəbilin dördaylıq mühasirəsi baş tutmur. Sisəcanı (Sisyanı) keçərək, Beyləqana qayıdıb, bu şəhərdə möhkəmlənən Əbu Müslimə qarşı otuz minlik əsgəri olan üç ordu göndərilir. Yəhya əl-Həraşi və Yəzid ibn Məzyəd əş-Şeybaninin başçılıq etdikləri bu ordular hər tərəfdən Əbu Müslimə hücum edirlər. Lakin qaynaqdakı məlumata görə, hücum ərəfəsində Əbu Müslim ölür. Onun yerini tutmuş beyləqanlı əs-Səkin ibn Musa ibn Hayyan döyüşdə məğlub edilir, onun oğlu Xəlil əsir düşür. Çox keçmədən Yəzid ibn Məzyədin başçılıq etdiyi qoşun üsyançıların son hücumunu da dəf edir.