Beynəlxalq Biblioqrafik Əməkdaşlıq (BBƏ) – iştirakçı dövlətlərin elmi, mədəni, ticarət əlaqələri kompleksinin tərkib hissəsi, kitabxanalararası qarşılıqlı əlaqələrin formasıdır.
Biblioqrafiya sahəsində beynəlxalq əməkdaşlıq elm və incəsənətin bütün sahələrində beynəlxalq əlaqələrin əsasının qoyulduğu XIX yüzilliyin ikinci yarısında yaranmışdır. Ümümi səbəblərdən əlavə, onun inkişafına dünya çap məhsulunun fasiləsiz olaraq artması, kitabxana işinin intensiv inkişafı da təsir göstərmişdir [1]. BBƏ kitabxanaların beynəlxalq əlaqələrinin inkişafının müəyyən mərhələsində yaranmış və kitabxanaların əlaqələri ikitərəfli və çoxtərəfli; regional, regionlararası və qlobal, epizodik və sistemli; planauyğun; hüquqi cəhətdən təsdiq edilmiş və ya edilməmiş; dövlət çərçivəsində və ya kollektiv təşkilatlar və s. ola bilər. BBƏ formaları müxtəlif illərdə yaranmışdır: Beynəlxalq kitab mübadiləsi (BKM); Beynəlxalq kitabxanalararası abonoment (BKAA); elmi-praktik-peşə təcrübəsinin mübadiləsi; qarşılıqlı maraq doğuran problemlər üzrə layihələrinin dövlət və ya qeyri-dövlət təşkilatları çərçivəsində birgə həyata keçirilməsi; BBƏ-nin ilk rüşeymləri epizodik şəkildə müxtəlif kitabxanaların sayı ilə fondu zənginləşdirmək və peşə biliklərini mübadilə etmək məqsədilə həyata keçirilmışdir. BBƏ təşkilati baxımdan XIX əsrin axırıncı rübündə kitabxana konqres və konfransların təşkili və keçirilməsi yolu ilə formalaşır. Kitabxanaçıların ilk beynəlxalq konfransı Londonda (1877) keçirilmiş və orada 9 ölkə təmsil olunmuşdur [2].
Rəsmi Beynəlxalq statuslu konfrans Beynəlxalq sərgi çərçivəsində 1893-cü ildə Çikaqoda keçirilmişdir. İkinci beynəlxalq konfrans isə 1897-ci ildə Londonda keçirilmiş və ilk dəfə orada biblioqrafik fəaliyyət sahəsində Beynəlxalq əməkdaşlıq məsələləri də gündəlikdə yer almışdır. 1900-cü ildə Parisdə, 1904-cü ildə Amerikada, 1910-cu ildə Brusseldə, 1926-cı ildə Praqada, 1927-ci ildə Böyük Britaniyada, 1929-cu ildə İtaliyada, 1936-cı ildə İspaniyada Beynəlxalq səviyyəli konqres, konfrans və müşavirələr keçirilmişdir. Dünyada baş verən qlobal sosial-iqtisadi, siyasi dəyişikliklər inteqrasiya ənənəsinin əhəmiyyətini daha da artırır. Qlobal, ümumbəşəri problemlər getdikcə çoxalır. Elmi-texniki tərəqqi, o cümlədən elektronika, hesablayıcı informasiya, sürətartırıcı texnikanın və texnologiyanın inkişaf (məsələn, İNTERNET) ünsiyyət vasitəsi kimi məsafə səddini ləğv edir, beynəlxalq proqramların həyata keçirilməsini reallaşdırır. Artıq beynəlxalq informasiya (o cümlədən biblioqrafik) əməkdaşlığı, informasiya təminatının ümumdünya və lokal beynəlxalq sistemi müasir beynəlxalq əlaqələr kompleksinin mühüm ünsürü olur [2].
Beynəlxalq Bibilioqrafik Əməkdaşlıq əslində müxtəlif ölkələrin müvafiq hökumətlərarası və qeyri-dövlət beynəlxalq təşkilatların iştirakı ilə həyata keçirilir. Bu təşkilatlar beynəlxalq biblioqrafik proqramların və sistemlərin işlənməsi və tətbiqi ilə məşğul olurlar. Ən mühüm hökumətlərarası beynəlxalq təşkilat – Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı (YUNESKO) hesab olunur və onun fəaliyyətində biblioqrafik aspektlər də mühüm yer tutur. Bir çox qeyri-dövlət beynəlxalq təşkilatlar YUNESKO ilə yaxından əlaqə saxlayır. Bunlardan Kitabxana Assosiasiyaları və Müəssisələrin Beynəlxalq Federasiyası (İFLA), Sənədlər üzrə Beynəlxalq Federasiyası (FİD), Elmi İttifaqların Beynəlxalq Şurası (MSNS), Beynəlxalq Arxivlər Şurası (MSA) biblioqrafik əməkdaşlıq sahəsində mühüm yer tuturlar. YUNESKO bu təşkilatlara öz aralarında müəyyənləşdirdikləri irimiqyaslı beynəlxalq biblioqrafik proqramları həyata keçirməkdə lazımi köməklik göstərir. 1970-ci ildən İFLA tərəfindən (YUNESKO) işlənib həyata keçirilən Universal Biblioqrafik Uçot (UBU), 1971-ci ildən YUNESKO və MSNS-in təşəbbüsü və FİD-in yaxından iştirakı ilə yerinə yetirilən Elmi və Texniki İnformasiya Sahəsində Hökumətlərarası Əməkdaşlıq (YUNİSİST), əsası 1974-cü ildə YUNESKO, İFLA, FİD, MSA və başqaları tərəfindən qoyulmuş "Milli İnformasiya Sistemi" (NATİS) proqramları bu qəbildəndir. UBU proqramı öz qarşısına ölkələr arasında müxtəlif tipli sənədlər, o cümlədən kitablar, dövri nəşrlər, çap olunmayan, audiovizual və maşınla oxunan sənədlər haqqında ümumdünya biblioqrafik informasiya sistemi yaratmaq kimi mühüm vəzifə qoyub. YUNİSİST-in məqsədi sahəvi xarakterli ümumdünya elmi-texniki informasiya sistemi yaratmaqdır. NATİS proqramı isə əslində UBU və YUNİSİST proqramlarının milli elmi-texniki, kitabxana və biblioqrafi ya (birinci növbədə universal və sahəvi milli biblioqrafiya) xidmətlərinin inkişaf əsasında həyata keçirilməsində bir vasitə rolunu oynayır. UBU, YUNİSİST və NATİS proqramlarına YUNESKO-nun XIX Baş Konfransının (1976-cı il) yaratdığı hökumətlərarası Şura rəhbərlik edir. Müasir dövrdə dünya ölkələri arasında biblioqrafik fəaliyyət sahəsində ideoloji fikir ayrılığı aradan qaldırıldığına görə beynəlxalq əməkdaşlıq inkişaf edir. Bu əməkdaşlığın möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir [2].