Valyutada pul tələbləri və öhdəlikləri dövlətlər, müxtəlif ölkələrin ərazisində yerləşən fiziki və hüquqi şəxslər arasında iqtisadi, siyasi, mədəni münasibətlərin əsasında yaranır. Beynəlxalq hesablaşmalar yuxarıda göstərilən pul tələbləri və öhdəlikləri üzrə ödəmələrin təşkili və tənzimlənməsini əks etdirir.
Beynəlxaql hesablaşmalar bankların gündəlik fəaliyyətidir. Onlar dünya ictimaiyyəti tərəfindən işlənmiş və əksər ölkələr tərəfindən qəbul edilmiş şərt, norma və qaydalar əsasında beynəlxalq hesablaşmaları həyata keçirir, xaricə ödəmələr edirlər. Beynəlxalq hesablaşmalar sferasında bankların fəaliyyəti dövlətlər və beynəlxalq iqtisadi təşkilatlar tərəfindən tənzimlənir.
Beynəlxalq hesablaşmalar əsasən nağdsız qaydada və banklar vasitəsilə həyata keçirilir. Bu zaman müxtəlif ölkələrin kredit təşkilatları, bankları arasında müxbir münasibətləri qurulur. Bu məqsədlə banklar hesabların (nostro – bankın digər banklarda hesabları, loro – digər bankların bankda hesabları) açılması barədə qarşılıqlı müxbir sazişləri imzalayırlar. Bu sazişlərdə hesablaşma qaydaları, komission mükafatlandırmanın həcmləri, həmçinin vəsaitlər xərcləndikcə müxbir hesabların yenidən vəsaitlə təmin edilməsi metodları öz əksini tapır. Banklar beynəlxalq hesablaşmaları özlərinin xarici filialları və bölmələri vasitəsilə də həyata keçirə bilərlər.
Xarici ticarət müqavilələrinin, milli və xarici valyutaların dönərlilik dərəcəsi və mövqelərindən asılı olaraq beynəlxalq hesablaşmaların müxtəlif formalarından istifadə olunur.
Dünya praktikasında inkasso, akkreditiv, bank köçürməsi, avans hesablaşamalrı, açıq hesab üzrə hesablaşamalr, həmçinin veksellər və çeklər formasında hesablaşmalar kimi forma və metodlardan istifadə edilir. Son illərdə yeni vasitə – kredit kartları meydana gəlmişdir.
Beynəlxalq hesablaşmaların üsullarının və vasitələrinin fərqləndirmək məqsədəuyğun olardı, çünki beynəlxalq hesablaşma formaları anlayışı adətən özündə bu iki anlayışı birləşdirir.
Ödəmə üsullarına aiddir: avans ödəməsi, akkreditiv, inkasso, açıq hesablar üzrə ödəmələr, əmtəənin yüklənməsindən dərhal sonra həyata keçirilən ödəmə.
Hesablaşma vasitələrinə aiddir: çek, veksel, bank trattası, köçürmə (poçt, teleqraf/teleks ödəmə tapşırığı, SWIFT sistemi üzrə ödəmə tapşırıqları, beynəlxalq ödəmə tapşırığı).
Beynəlxalq hesablaşmaların tənzimlənməsi dünya praktikasında bərqərar olmuş qayda və ənənələrin köməyi ilə həyata keçirilir. Belə ki, sənədli akkreditivlərin istifadə edilməsi ilə həyata keçirilən hesablaşmalar unifikasiya edilmiş Qayda və Ənənələrdə kodlaşdırılmışdır. Bu sənəd ilk dəfə Beynəlxalq Ticarət Palatası tərəfindən Vyana Konqresində (1933-cü il) qəbul edilmişdir və o vaxtdan dəyişən şəraitə uyğun olaraq bu qaydalar müntəzəm olaraq nəzərdən keçirilir. Hazırda sənədin 1993-cü il redaksiyası qüvvədədir.
İnkasso formasında hesablaşmalar İnkasso üzrə unifikasiya edilmiş Qaydalarla tənzimlənir. Bu sənəd ilk dəfə Beynəlxalq Ticarət Palatası tərəfindən 1936-cı ildə işlənmişdir. Hazırda onun 1978-ci il redaksiyası qüvvədədir.
Qeyd edək ki, göstərilən sənədlərə dövlətlər deyil, banklar qoşulurlar. Qoşulma halında qayda və ənənələr göstərilən hesablaşma formalarında istifadə etdiyi halda banklar və onlar müştəriləri üçün məcburi olur.
Hesablaşma formasının seçilməsi bir sıra amillərlə müəyyən edilir. Əmtəə və xidmət ixracatçı və idxalatçılarının maraqları adətən üst-üstə düşmür: ixracatçı idxalatçıdan ödəməni ən qısa müddət ərzində almağa səy göstərir, idxalatçı isə ödəməni əmtəənin son realizə mərhələsinə qədər uzatmağa çalışır. Buna görə də hesablaşmanın seçilmiş forması kompromis variant olur və burada tərəflərin iqtisadi mövqeləri, bir-birlərinə inam dərəcəsi, iqtisadi konyuktura, siyasi vəziyyət və s. nəzərə alınır. Bundan əlavə, əmtəənin görünüşü, əmtəəyə tələb və təklifin səviyyəsi də mühüm rola malikdir. Beynəlxalq hesablaşmalar kredit münasibətləri ilə sıx əlaqədə olduğundan bu cür münasibətlərin olub-olmaması (həm dövlətlərarası, həm də kontragentlər səviyyəsində) da hesablaşma formasının seçilməsinə öz təsirini göstərir.
Kompromisin əldə edilməsi o demək deyildir ki, ixracatçı və idxalatçı eyni səviyyəli üstünlük əldə edirlər: bir sıra formalar ixracatçılar üçün daha əlverişlidir, digərləri isə idxalatçıların maraqlarına daha çox cavab verirlər. Ixracatçının nöqteyi-nəzərindən ən etibarlı ödəmə forması avans ödəməsi, ən az etibarlısı isə açıq hesab üzrə hesablaşmadır.
Beynəlxalq hesablamaların əsas formaları inkasso və akkreditiv hesab edilir.