Yəhudi müharibəsi (66-73) — Yəhudi (İudeya) əyalətində Roma əleyhinə üsyan.
Ağır vergilər və məmurların özbaşınalığı nəticəsində baş vermişdi. Üsyanın hərəkətverici qüvvəsi şəhər yoxsulları, şəhər və kəndlərin orta təbəqələri idi. Üsyançılar Yerusəlimi tutub Roma qarnizonunu və yerli əyanları qırmışdılar. Romalıların cəza ekspedisiyaları üsyançıların müqavimətini qıra bilməmişdi. Vespasian imperator elan edildikdən sonra (69 il) oğlu Titi komandan təyin edib üsyançılara qarşı göndərdi. 70-ci ilin əvvəlində Yerusəlim mühasirəyə alındı; 5 aylıq mühasirədən sonra şəhər tutuldu və dağıdıldı, sakinləri isə qula çevrildi. Üsyançıların müqaviməti 73-cü ilədək davam etdi.