Birinci tiryək müharibəsi

Quançjou yaxınlığında döyüş

Birinci tiryək müharibəsi — 1840–1842-ci illərdə Çində Böyük Britaniya tərəfindən Tsin imperiyasına qarşı aparılan müharibə.[1]

Müharibənin səbəbləri

[redaktə | mənbəni redaktə et]

XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərində İngiltərənin Ost-Hind şirkəti Hindistanda geniş miqyasda tiryək istehsalını artırmağa və satış bazarı kimi Çin ərazisindən istifadə olunmasına diqqəti artırdı. 1757-ci ildə Çin imperatoru ölkəyə tiryək gətirilməsini qadağan edən bir sıra fərmanlar vermişdi. İngilis tacirləri bu fərmanlara əhəmiyyət verməyərək, qeyri-qanuni surətdə tiryək ticarətini daha da geniş miqyasda davam etdirirdilər. Tiryək ticarətinin əsas mərkəzi Kanton şəhəri idi. Mövcud vəziyyətlə barışmayan ingilis tacirləri ingilis mallarının Çinə qeyri-məhdud miqdarda idxalı üçün Çin limanlarının açılmasını tələb edirdilər.

İngiltərə hökuməti öz tacirlərinə Çində geniş ticarət aparmaq üçün əlverişli şərait yaratmaq məqsədilə 1816-cı ildə Çinə yeni nümayəndəlik — Amxerstin səfirliyini göndərdi, lakin səfirliyin Çinin rəsmi dairələri ilə danışıqları heç bir nəticə vermədi.

XIX əsrin 30-cu illərində Çində daxili siyasi vəziyyətin kəskinləşməsindən istifadə edən Böyük Britaniya Çində öz nüfuz dairəsini genişləndirmək üçün öz fəaliyyətini gücləndirdi. 1833-cü ildə İngiltərə parlamenti tərəfindən Ost-Hind şirkətinin ticarət inhisarının ləğv edilməsi Çin bazarında çoxlu yeni ticarət şirkətlərinin fəaliyyətə başlamalarına təkan verdi. İngilis-Çin ticarətinə rəhbərlik və nəzarət etmək üçün Çin hökumətinin razılığı olmadan, 1834-cü ildə lord Nepir İngiltərənin Çinə xüsusi baş komissar təyin edildi. Nepirin ingilis ticarəti üçün Pekin şəhərinin açıq elan edilməsinə, imtiyazlı ticarət şəraiti yaradılmasına cəhdləri ingilis-Çin münasibətlərinin xeyli pisləşməsinə, ticarətin müvəqqəti olaraq dayandırılmasına və sahil istehkamlarının ingilis hərbi gəmiləri tərəfindən bombardman edilməsinə gətirib çıxartdı.

1839-cu ildə imperator tərəfindən verilən yeni fərmana əsasən tiryəklə dolu olan bütün xarici gəmilər Çin sularından uzaqlaşdırılmalı idi, lakin ingilis və amerikan tacirləri həmin tələbləri yerinə yetirməkdən boyun qaçırırdılar. Xaricilərlə hər cür ticarətin dayandırılması və xarici faktoriyaların hamısının mühasirəyə alınması britaniyalı və amerikalı tacirləri təslim olmağa məcbur etdi. Onlardan 20,3 min qutu tiryək müsadirə olunaraq yandırıldı.

Müharibənin başlanması. Hərbi əməliyyatların gedişi

[redaktə | mənbəni redaktə et]

Çinin tiryək ticarətinə qarşı mübarizəsi İngiltərə ilə Çin arasında müharibənin başlanmasına səbəb oldu. 1839-cu ilin sentyabrında İngiltərə hökuməti tərəfindən Kanton sularına hərbi gəmilər göndərildi. İngiltərə hökuməti 1840-cı ilin iyun ayında müharibə elan etmədən hərbi əməliyyatlara başlamaq haqqında əmr verdi. Beləliklə tarixdə Birinci tiryək müharibəsi adı ilə məlum olan müharibə başlandı.

Şin ordusundan qat-qat yaxşı silahlanan İngilıs eskadrası 1840-cı ilin iyun ayında Kantonu blokadaya aldı, sahilboyu şəhərləri ələ keçirdi, Çjuoşan adasına desant çıxartdı. ABŞ hökuməti ingilislərin Çinə qarşı apardığı müharibədə onlara fəal yardım göstərirdi. 1840-cı ildə başda Kerni olmaqla ABŞ eskadrası Çin sularına daxil oldu. Vəziyyətin ağırlaşdığını görən Tsin hökuməti işğalçılarla Daqu şəhərində danışıqlara başladı. Honkonqun ingilislərə verilməsi, ingilis-Çin ticarətinin yenidən davam etdirilməsi, təhqir olunmuş ingilislərdən üzr istənilməsi, məhv edilmiş tiryəkin əvəzinin ödənilməsi kimi tələblər irəli sürülmüşdü. 1840-cı ilin noyabrından etibarən tiryək ticarətinə icazə verildi.

İngilislərin tələblərinin yerinə yetirilməsinə baxmayaraq hərbi əməliyyatlar davam etdirilirdi. 1841-ci ilin avqustundan döyüşlər yenidən qızışdı. Hərbi qüvvələrin qeyri-bərabərliyi üzündən ingilislərin qarşısını almaq mümkün deyildi.

Sülh müqaviləsi və onun şərtləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Nankin müqaviləsi
Nankində sülh müqaviləsinin bağlanması

1842-ci il avqustun 29-da Nankində Çinlə İngiltərə arasında "Sülh, dostluq, ticarət və zərərin ödənilməsi" barədə sülh müqaviləsi imzalandı. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin beş şəhərində, o cümlədən Şanxayda konsulluqlar açmaq və ticarət etmək hüququ qazandı. Beləliklə, "açıq qapılar"adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına verildi.

Müqaviləyə görə Çin 21 milyon yuan təzminat ödəməli, Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5 faizdən artıq olmamalı idi. Çinin "Qunxan" ticarət şirkəti ləğv edilirdi.[2].

Bununla kifayətlənməyən ingilislər 1843-cü ildə Çini yeni müqavilə bağlamağa məcbur etdilər. Şərtləri Çin üçün çox ağır olan bu müqaviləyə görə Çində işləyən ingilis vətəndaşlarına eksterritoriallıq hüququ verilirdi. Müqavilədə əcnəbilər üçün açıq elan olunmuş limanlarda Çin hakimiyyət orqanlarının nəzarəti qadağan edilmiş yaşayış məntəqələrinin salınması məsələsi də vardı.

Birinci Tiryək müharibəsinin nəticələri

[redaktə | mənbəni redaktə et]

İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər.

Birinci tiryək müharibəsi Çinin yarımmüstəmləkə bir ölkəyə çevrilməsinin başlanğıcını qoydu. Müharibə mövcud quruluşun və idarə üsulunun çürüklüyünü, hökumətin acizliyini göstərdi, xarici malların ölkəyə geniş axını üçün qapıları taybatay açdı və Çinin daxili vəziyyətini pisləşdirdi.

  1. Tsang, Steve (2007). A Modern History of Hong Kong. I. B. Tauris. pp. 3–13, 29. ISBN 1-84511-419-1.
  2. А. М. Бутаков, А. Е. Тизенгаузен, Опиумные войны, М. 2002., стр. 9